Braziliya rejissoru Fernandu Meyrilliş bildirib ki, xüsusilə bu yaxınlarda Madriddə BMT-nin İqlim Dəyişmələri üzrə Konfransın uğursuzluqla başa çatmasından sonra iqlim böhranı problemi onun prioritetinə çevrilib.
NUHÇIXAN xəbər verir ki, növbəti layihəsini iqlim dəyişmələrinə həsr edəcəyini bildirən rejissor deyib: “İqlim böhranı məni rahat buraxmayan ideyadır. Mən çox bədbinəm”. Rejissor əmindir ki, 15 il sonra “hər şey əsaslı surətdə dəyişəcək”.
Rejissor bu sözləri Madriddə söyləyib. Burada onun “İki ata” adlı yeni filmi nümayiş etdirilir. Film cümə günü “Netflix” platformasında nümayiş etdiriləcək.
Meyrellişin sözlərinə görə, iqlim dəyişmələrinin nəticələrini insanlara sadə və başa düşülən dildə izah etmək lazımdır, çünki Yer kürəsində vəziyyət acınacaqlıdır.
Braziliyalı rejissor bildirib ki, o, “Tanrı şəhəri” (2002) adlı məşhur filmin ssenaristi Braulio Mantovani ilə yeni film üzərində işləməyə artıq başlayıb. O ümid edir ki, planetimizin probleminə həsr olunacaq filmin çəkilişləri 2020-ci ilin sentyabrında başlanacaq.
Braziliyalı rejissor əmindir ki, kino məlumatlılıq səviyyəsini artırmağa kömək edir. Bu da problemin həlli axtarışında ilk addımdır.