Görkəmli qrafika ustası, Azərbaycanın Xalq rəssamı, professor Cəmil Müfidzadə dekabrın 20-də ömrünün 86-cı ilində vəfat edib.
Bu barədə NUHÇIXAN-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, Cəmil Müfidzadə 1934-cü il fevralın 24-də Naxçıvanın Ordubad rayonunda anadan olub. O, 1948-1955-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. Rəssamın diplom işi “Ümumittifaq sərgisinə eksponatların yola salınması” adlı rəngkarlıq əsəri olub. O, daha sonra Ukraynada Kiyev Orta Rəssamlıq Məktəbini (1955-1956), Xarkov Dövlət Rəssamlıq İnstitutunun “Qrafika” fakültəsinin tələbəsi (1959-1962) olub. Cəmil Müfidzadənin növbəti diplom işi “Neft daşları” mövzusunda çəkdiyi rəngli ofortlar silsiləsidir.
O, tələbəlik illərində həm Azərbaycan, həm də Ukraynada təşkil olunmuş müxtəlif sərgilərdə iştirak edib. Rəssamın işlədiyi “Doğma düzənlər” ofort silsiləsi 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü çərçivəsində təşkil olunmuş təsviri sənət sərgisində nümayiş olunub. O, 1961-ci ildə III Ümumittifaq sərgisində (Moskva) “Qaldırıcı kranlar təmirdə” adlı ofort ilə iştirak edib.
Cəmil Mufidzadə qrafika sənətinin fərqli texnikalarından yaradıcılıqla istifadə edib. Rəssam ksilloqrafiya texnikasında işlədiyi “Bakı albomu” (1962-1966), “Neft daşları” (1965), “Qala divarları”(1966), “Parkda” (1966), “Qız qalası” (1966), “Xəzər üzərində axşam” (1966), “Romantiklər” (1966), “Damda” (1966) və s. əsərlərin adlarını qeyd etmək olar. Rəssamın yaradıcılığında “İçərişəhər” (1965-2000) silsiləsi xüsusi yer tutur. O, qarışıq texnikada işlədiyi ilk dörd əsər 1967-ci ildə Bakıda təşkil olunan respublika sərgisində “Azərbaycanın qədim memarlıq abidələri” adı ilə nümayiş olunub. Cəmil Müfidzadənin qarışıq texnikada çəkdiyi “Abşeron nefti” silsiləsi 1967-1975-ci illəri əhatə edir.
Cəmil Müfidzadə Azərbaycanın unikal yaşayış məkanlarından Xınalığa həsr etdiyi (1980-1990) silsiləsi yaradıcılığında mühüm yer tutur.
Rəssam “Monqolustan torpağında” (1982-1986) silsiləsində Qobi səhrasının dəvəli mənzərələri geniş yer alıb.
Rəssamın Polşa, Azərbaycan, Rusiya, İran, Fransa və Türkiyədə fərdi sərgiləri təşkil olunub.
Cəmil Müfidzadənın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, Şərq xalqları Dövlət İncəsənət Muzeyində (Moskva), Maksim Qorkinin mənzil-muzeyində (Moskva), P. Lüdviqin muzeyində (Almaniya), Ulan-Bator İncəsənət Muzeyində (Monqolustan), Fransa və digər ölkələrin şəxsi kolleksiyalarında qorunub saxlanılır.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Qrafika” kafedrasına rəhbərlik edən Cəmil Müfidzadə “Ofort” adlı dərsliyin müəllifidir. Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə fırça ustası 1982-ci ildə Əməkdar rəssam, 2002-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.
Allah rəhmət eləsin!