Əməkdar rəssam anılıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Naxçıvan Dövlət Rəsm Qalereyasında Azərbaycan Respublikasnın Əməkdar rəssamı Məmmədəli İsmayılovun yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli bildirib ki,  Məmmədəli İsmayılov 20 iyul 1933-cü ildə Naxçıvan şəhərində anadan olub. Hələ uşaqlıq illərində sənətə olan marağı, vətəninə olan vurğunluğu və rəsm çəkmək bacarığı onun yolunu Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Texnikumuna aparıb. Gələcək rəssam 1964-1967-ci illərdə burada təhsil alıb. Texnikumu bitirdikdən sonra doğma diyara, Naxçıvana qayıdıb və burada yaradıcılığı davam etdirib.

Vurğulanıb ki, rəssamın kompozisiya janrında çəkdiyi rəsm əsərləri gözəl diyarımızın məişət mədəniyyətini, quruculuq işlərini öyrənmək baxımından olduqca əhəmiyyətlidir. Buna misal olaraq “Kənddə”, “İşdən sonra”, “Sağın”, “Arpa çay su tikintisi” və s. əsərlərini göstərmək olar.

Məmmədəli İsmayılov ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda da sərgilərdə fəal iştirak edib. 1990-cı ildə Bakı şəhərində rəssamın fərdi sərgisi keçirilib. Sərgidə rəssamın 100-dən çox rəsm əsəri nümayiş olunub. Rusiyanın Moskva, Türkiyənin Qars və İran İslam Respublikasının Urmiya şəhərində keçirilən Naxçıvan rəssamlarının rəsm əsərlərindən ibarət sərgilərdə iştirak edib. Tanınmış rəssam 2010-cu il avqustun 21-də dünyasını dəyişib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamları Əli Səfərli və Məmmədəli Ələkbərov,  Naxçıvan Şəhər Ə. Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin rəsm müəllimi Ələsgər Əsgərli və rəssamın yaxın qohumları çıxış edərək Məmmədəli İsmayılovla bağlı öz xatirələrini bölüşüblər.

Sonda rəssamın əsərlərindən ibarət sərgiyə baxış olub.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: