Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin “Nəsimi ili” elan etməsi haqqında Sərəncamı ölkəmizin mədəni həyatında çox əlamətdar və təqdirəlayiq hadisələrdən oldu.
Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi (1369-1417) dünya dəyərlərinin əsas carçılarından, Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin yaradıcılığı qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil etmiş və bu mərhələ indinin özündə də davam edir.
Əsasını humanist ideyalar təşkil edən Nəsimi yaradıcılığı dünya ədəbiyyatında təkrarolunmaz bir fenomendir. Şairin yaradıcılıq irsi çox zəngindir.O, üç dildə-türk (Azərbaycan türkcəsi), fars və ərəbcə şeirlər yazıb. Şairin doğma türkcəmizdə və fars dilində divanları bizə qədər gəlib çatıb. Azərbaycan poeziyasının yaradıcılarından biri olan İmadəddin Nəsimi ədəbi fikrin mühüm siması olmaqla yanaşı, ümumilikdə Şərq dünyasının mədəniyyət tarixində özünəməxsus yerə malikdir. O, Azərbaycan ədəbiyyatı tarixində anadilli şeirin əsasını qoyan, məhəbbət və gözəlliyi tərənnüm edən bir sənətkar olmaqla yanaşı, mürəkkəb bir yaradıcılıq yolu keçib. O, lirik şairdir. Ana dilindən başqa, ərəb və fars dillərini də mükəmməl bilən İmadəddin Nəsimi Azərbaycan divan ədəbiyyatının (15 min sətirdən ibarət) banilərindən hesab olunur. Sonralar dövrün siyasi, ictimai, əxlaqi mövzularda əsərlər yazıb, Azərbaycan ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfi qəzəlin qurucusu olub.
Nəsiminin yaradıcılığı Azərbaycan şeirinin və ədəbi dilinin inkişafında vacib bir mərhələdir. Onun yaradıcılığı dilçilik, xüsusilə Azərbaycan dilinin tarixi inkişafını öyrənmək baxımından da böyük əhəmiyyətə malikdir. Nəsimi Azərbaycan şeirinin bədii xüsusiyyətlərinin inkişafında çox mühüm rol oynayıb, əruz vəzninin bəhrlərini Azərbaycan dilinin göstəricilərinə uyğunlaşdırmağa çalışıb. O, Azərbaycan ədəbiyyatında ana dilində ilk dəfə müstəzad, mürəbbe və tərcibənd janrında yazıb və sadə xalq dilindən istifadə edib. Bu rübailər, tuyuğlar bədii forma və məzmunca çox qiymətli əsərlərdir. Rübailərində hürufiliyin əsasları, şairin fəlsəfi düşüncələri, həyat və kainat haqqında düşüncələri məntiqi bir şəkildə ifadə olunub. Şeirlərindəki bir çox fikirlərdə insan və kainatla bağlı fikirlər təsvir edilib.
O, dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edir:
Mən əzəldən eşq ilə pir olmuşam,
Gah iki anınla, gah bir olmuşam.
Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şeirin misilsiz xidmətləri var. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüdrətli təsir göstərir.
Filosof-şairin yaradıcılığının ana xəttini təşkil edən poeziyası, şeirləri ilə yaxından tanış olduqca hər bir oxucuya aydın olur ki, şairin zəngin irsi bütün türk xalqları ədəbiyyatına və bütövlükdə klassik Şərq poeziyasına ciddi təsir göstərib.
Şairin ictimai-fəlsəfi poeziyasında üç meyl daha qabarıq şəkildə özünü təzahür etdirir: birincisi dünya və onun vəfasızlığından şikayət, ikincisi, dünyanın şər xislətli insanlarından narazılıq, üçüncüsü isə dünyanın yaradılışı, hikməti barədə düşüncə və suallara cavab axtarmaq.
Nəsiminin ictimai-fəlsəfi şeirləri içərisində “Bu nə adətdir, ey türki-pərizad”, “Ey məsihadə, niyə can vermədin cansızlara”, “Şənbə günü mən uğradım ol sərvi-rəvanə”, ”Ayrılıqdan yar mənim bağrımı büryan elədi” misraları ilə başlayan, “Xoş gördük səni”, “Susadı”, “Eylərəm?”, “Etməgil” və sairə rədifli qəzəlləri hər bir oxucu tərəfindən daha çox sevilir. Həmçinin qəzəl və qəsidələri içərisində ”Nədir?” rədifli qəzəli və “Bərhül-əsrar” (“Sirlər dəryası”) qəsidəsi xüsusi yer tutur. Şairin “Nədir?” rədifi ilə bir neçə qəzəli də vardır. Bunlardan biri-“Dünü gün müntəzirəm mən ki, bu pərgar nədir?” misrası ilə başlayan qəzəl daha çox məşhurdur.
Onun şeirlərində ustalıqla istifadə etdiyi dərin təsəvvüfi düşüncələr sonralar bir çox böyük mütəfəkkirə təsir göstərib. Nəsiminin olduqca enerjili, üsyankar, eyni zamanda mükəmməl poetik “Mən”i vardır və o, nəinki Azərbaycan, ümumən türk xalqları, bəlkə də dünya poeziyasında bu qədər parlaq, həcmli, dərin məzmunlu ikinci bir şair “mən”i olduğunu təsəvvür etmək çox çətindir. Ömrünün sonuna qədər heç bir tərəddüd etmədən “Ən əl-həq” deyənlərin yolu ilə getmiş, əqidəsindən dönməmişdir. Bu səbəbdəndir ki, Nəsiminin adı mərdlik və yenilməzlik simvolu kimi hər zaman yaşamaqdadır. Filosof şairə nə etsələr də o, öz idealından dönməmişdir. Onun haqqında çoxlu rəvayətlər də yaranıb. Rəvayətlərin birində söylənilir ki, ölüm ayağında belə dözüm və mətanəti qarşısında sarsılan ruhanilər istehza ilə ondan soruşurlar:
-Sən ki, haqsan, bəs niyə qanın axdıqca saralırsan?
Nəsimi qürurla cavab verir:
-“Bəli, rəngim saralır. Mən əbədiyyət üfüqündə doğan günəşəm. Günəş qürub edəndə, əlbəttə, saralar.
Azərbaycan oğlunun bu ibrətli ölümü sözün əsl mənasında, poeziyaya çevrildi. Şair öz ölümü ilə insanlığı heyran qoydu. Nəsimi könüllər fatehi idi. Şair ölümü ilə ölməzliyini təsdiq etmiş əbədi şəxsiyyətdir.
Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hələ ölkəmizə rəhbərliyinin birinci dönəmində (1969-1982) elmə və mədəniyyətə, ədəbiyyat və incəsənətə, xüsusilə də xalqımızın mənəvi sərvəti olan ana dilimizə böyük diqqət və qayğı ilə yanaşaraq bu yöndə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. Həmin tədbirlər sırasında məhz Ulu öndərin təşəbbüsü ilə 1973-cü ildə böyük söz ustası İmadəddin Nəsiminin 600 illik yubileyinin UNESCO-nun tədbirlər planına daxil edilməsi və ölkəmizdə böyük təntənə ilə qeyd olunması xüsusi yer tutur.
Ölkə prezidenti cənab İlham Əliyev tərəfindən 2019-cu ilin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə və əvəzsiz xatirəsinə ehtiram əlaməti olaraq “Nəsimi ili” elan edilməsi barədə tarixi Sərəncamın əhəmiyyəti bir də ondan ibarətdir ki, ölkəmizdə dahi şairin yaradıcılığının bütün mərhələlərinə qiymət verilir. Bu, ölkə Prezidentinin Azərbaycan dövlətinin sözə, yaradıcılığa, ədəbiyyata, Azərbaycan mədəniyyətinə verdiyi dəyərin bariz göstəricisi və nümunəsidir.
Tərifə Məmmədova
Şada kənd tam orta məktəbinin müəllimi
“Oğuz səsi” qəzeti