Qazaxıstanın “Atameken BusinessTV” televiziya kanalında ölkəmizlə bağlı veriliş yayımlanıb.
NUHÇIXAN xəbər verir ki, “Sultanlar qürbətdə” adlı verilişdə Azərbaycan xalqının qonaqpərvərliyindən, mehriban dostluq münasibətlərindən bəhs olunub.
Azərbaycan və Qazaxıstan dostluq münasibətlərinin, ortaq dəyərlərinin qeyd edildiyi verilişdə Azərbaycan mətbəxindən, ölkədə kiçik və orta sahibkarlığa dəstəkdən, turizmin inkişafından ətraflı danışılır.
Videosüjetdə qeyd olunur ki, müsəlman şərqində ilk sosialist ölkəsi və Qafqazda iri ölkə olan Azərbaycanı Qazaxıstanla oxşar geostrateji mövqe, nəqliyyat dəhlizi coğrafiyası və zəngin təbii resurslar birləşdirir. İqtisadi əməkdaşlıq viza rejiminin olmaması, bir sözlə qardaşlıq münasibətləri birləşdirir.
Verilişdə Şəhidlər xiyabanı, Bakının mərkəzi küçələri və görməli yerləri nümayiş olunur.
Həmçinin, videomaterialda Bakı axşamlarının əsrarəngiz gözəlliyi, qədim sənaye və mədəniyyət mərkəzi sayılan Bakının Asiya və Avropa ilə qovşağında yerləşdiyi və dünyanın ən gözəl şəhərlərindən biri olduğu vurğulanır. Azərbaycan paytaxtının dünya miqyaslı hadisələrin mərkəzinə çevrildiyi, məhz burada UNESKO-nun irs siyahısına daxil olan memarlıq obyektləri və Xəzərin ən iri limanının olduğu qeyd edilir.