Naxçıvan Muxtar RespublikasıMədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı Babək Rayon Mədəniyyət sarayının səhnəsində C.Məmmədquluzadənin əsərləri əsasında hazırlanmış “Ölülər və dəlilər” tamaşasını oynayıb.
Ədibin “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı” və “Ər” pyesləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissorları Azərbaycan Respublikasının Əməkdar artistləri Tofiq Seyidov və Nurbəniz Niftəliyeva, quruluşçu rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Ariz Ağayevdir.
Tamaşada Azərbaycan Respublikasının Xalq artisti Həsən Ağasoy, Azərbaycan Respublikasının Əməkdar artistləri Əli Əliyev, Bəhruz Haqverdiyev, Əbülfəz İmanov və teatrın gənc aktyorları çıxış edirlər.
Tamaşa rayon sakinləri tərəfindən maraqla qarşılanmışdır.