Muxtar respublikadakı muzeylərə bir ayda 63 mindən artıq ziyarətçi gəlib - FOTOLAR

A- A A+

Muxtar respublikada artıq ənənə halını almış muzeylərə eksponat hədiyyə edilməsi işi noyabr ayında da davam etdirilib, bu mədəniyyət müəssisələrinə 135 yeni eksponat daxil olub, muxtar respublika muzeylərinə 63 min 504 ziyarətçi gəlib. Onlardan 12 min 90 nəfəri əcnəbi vətəndaşdır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, nazirlik və tabe müəssisələr tərəfindən noyabr ayında konsert proqramları təşkil edilib, sərgilər nümayiş olunub, tarixi və əlamətdar günlərlə, tanınmış şəxsiyyətlərin yubileyləri ilə əlaqədar tədbirlər, ustad və açıq dərslər keçirilib.

Ötən ay “Ritmi hiss et, sən də qatıl” rəqs müsabiqəsinin final turu və yekun tədbiri olub, Naxçıvan Müəllimlər İnstitutu ilə birgə ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən tələbə teatr studiyaları arasında festival-müsabiqə təşkil edilib. Həmçinin “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılan “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilmək üçün 6 xalça haqqında məlumat hazırlanıb.

Muxtar respublikada fəaliyyət göstərən kitabxanalarda yeni oxucu sayı 340, oxucu gəlişi 9110 nəfər, kitab verilişi isə 15 min 739 nüsxə olub, elektron kitabxanadan 428 oxucu istifadə edib. Naxçıvan Dövlət Film Fondu tərəfindən “Azərbaycan Kinosu Günü” layihəsi çərçivəsində muxtar respublikanın müxtəlif yaşayış məntəqələrində Azərbaycan filmləri nümayiş olunub, ümumtəhsil məktəblərinin şagirdlərinə Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı sənədli filmlər göstərilib.

Hesabat dövründə nazirliyin tabeliyində olan teatrlar tərəfindən də fəaliyyət istiqaməti üzrə işlər davam etdirilib. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Elçinin “Teleskop” və A.S.Qriboyedovun “Ağıldan bəla” əsərlərinin məşqləri aparılıb, Sədərək, Şərur və Ordubad rayonlarında “Ölülər və dəlilər” tamaşası nümayiş etdirilib. Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı “Qaraca qız” və “Qar kraliçası” tamaşalarının məşqlərini davam etdirib, 11 tamaşa ilə teatrsevərlərin qonağı olub. Naxçıvan Dövlət Uşaq Teatrında “Mavi işıq” tamaşası hazırlanıb, Naxçıvan Şəhər Xalq Teatrı “Arzum çin oldu”, Babək Rayon Xalq Teatrı “Tamahkar”, Şərur Rayon Xalq Teatrı “Lənkəran xanının vəziri”, Ordubad Rayon Xalq Teatrı isə “Axirətdən gələn zəng” tamaşalarının məşqlərini davam etdirib.

Ötən ay nazirliyin nəzdinə verilmiş ixtisaslarda təhsil alan və tabe müəssisələrdə çalışan gənclərin Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyinə ekskursiyaları təşkil olunub, “Müasir gənclik və mədəniyyətimiz” şüarı altında “Mədəni irs” intellektual oyunu keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: