“Mədəniyyət.AZ” jurnalı bu dəfə oxucularla görüşə dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimiyə həsr olunmuş xüsusi buraxılışla gəlib.
NUHÇIXAN xəbər verir ki, növbəti nömrənin özəlliyi isə böyük ustadın həyat və yaradıcılığına dair indiyə qədər açıqlanmayan məqamlara – ölkəmizdə kifayət qədər tanınmayan əsərlərinə, hətta dəhşətli edamı ilə bağlı mətləblərə işıq salmasıdır.
Jurnal ümummilli lider Heydər Əliyevin 1970-ci ildə Suriyaya səfəri zamanı Nəsiminin uyuduğu məkanı ziyarəti, şairin 600 illiyinin keçirilməsi və məqbərəsinin təmiri istiqamətində göstərişləri, eləcə də Prezident İlham Əliyevin 2019-cu ilin “Nəsimi ili” elan olunması və şairin 650 illik yubileyinin keçirilməsi barədə müvafiq sərəncamları ilə açılır. Bu haqda 1973-cü ildə UNESKO-nun “Courier” nəşrində Vaqif Aslanov imzası ilə dərc olunmuş məqaləyə də yer ayrılıb.
“Nəsimi soraqlı tədbirlər” bölümündə Prezident və Birinci vitse-prezidentin Şamaxıya səfəri zamanı Şah Xəndan türbəsini ziyarətləri və il ərzində keçirilən yubiley mərasimləri haqqında məlumat verilir.
Əməkdar incəsənət xadimi Cahangir Səlimxanovla müsahibədə Nəsimi festivalı çərçivəsində poeziya, incəsənət, mənəviyyat müzakirələrindən bəhs olunur, bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyətindən söhbət açılır.
Ölməz ədəbi irsin dünyada layiqli təbliğatçılarından biri, alman nəsimişünası Mixael Hess isə müsahibəsində ümumən Şərq ədəbiyyatı kontekstində Nəsimi yaradıcılığının cazibəsindən, tərcümə işinin məziyyətlərindən danışır.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor İmamverdi Həmidovun qələmə aldığı “Nəsimi ərəb ədəbiyyatşünaslığında”, iranlı tədqiqatçı Məhəmmədrza Bağban Kəriminin “Nəsiminin bilinməyən “Təriqətnamə” əsəri”, türk alim Fatih Usluerin “Nəsimi və Hürufilik”, Nizami adına Ədəbiyyat muzeyinin şöbə müdiri, professor Şəfəq Əlibəylinin “Nəsiminin farsca “Divan”ının özəllikləri” məqalələri, fransız və rus dillərində digər araşdırmalar dahi şairimizin beynəlxalq miqyasda, dünya oxucusu tərəfindən necə sevildiyinin göztəricisidir.
“Mədəniyyət.AZ” jurnalı 50 il öncəyə müraciətlə ustadın 600 illik yubileyi ərəfəsində mərhum filoloq alim Qulamhüseyn Əliyevin 1973-cü yubiley ilində səslənən “Dünyaya sığmayan məhəbbətin tunc heykəli” məruzəsi və az qala bu mövzuda ilk tədqiqat olan “Nəsimi və özbək ədəbiyyatı” məqalələrini də təqdim edib. Filologiya üzrə fəlsəfə doktoru Akif Azalpın “Sığmazam” harayının ümumşərq əhəmiyyətindən bəhs edən qeydlərində isə Özbəkistanın XVII əsr klassiki, eynən Nəsimi taleyi yaşayan Babarəhim Məşrəbin keşməkeşli həyat və yaradıcılığına nəzər salınır, türk aləminin iki dühasının oxşar və fərqli cəhətləri təhlil olunur.
Jurnalın elmi məsləhətçisi, AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva həm Nəsiminin indiyədək geniş yayılmayan nəsri barədə geniş məqalə ilə çıxış edir, həm də müsahibəsində o dövrün ictimai-siyasi mənzərəsini aydın boyalarla cızır.
Filologiya üzrə elmlər doktorları Yaşar Qasımbəyli XX əsr şeirimizin zirvələri Əli Kərim, Tofiq Bayram və Xəlil Rzanın poeziyasında Nəsimi mövzusuna toxunursa, Firudin Qurbansoy tədqiqi qeydlərində İmadəddin Nəsiminin həqiqətən Şamaxıda dünyaya gəlməsini elmi-ədəbi faktlarla sübuta yetirir.
Bütün bunlardan başqa dünya şöhrətli müğənni Sami Yusufun “Nəsimi”si, Xalq artisti Firəngiz Əlizadənin “Nəsimi Passion” əsəri, korifey sənətkarımız Tofiq Quliyevin “Nəsimi” filminə yazdığı musiqi barədə fikirlər, əbədiyaşar şairimizin rəngkarlıqda, heykəltəraşlıqda, kitab qrafikasında, xalçalarda yaradılmış obrazları barədə məqalələr təqdim olunur.
İnanırıq ki, “Mədəniyyət.AZ” dərgisinin bu nömrəsi da əvvəlkilər kimi, oxucuların stolüstü məlumat mənbəyi olacaq.