Parisdə Azərbaycanın Fransadakı Səfirliyinin və UNESKO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə 1991-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təsis olunmuş və bütün azərbaycanlıların birlik rəmzinə çevrilmiş 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev və UNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov çıxış edərək, Azərbaycan xalqının milli-mənəvi bütövlüyünü təcəssüm etdirən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə diasporamızın üzvlərini təbrik ediblər.
Onlar Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən, onun əsas məqsədinin azərbaycanlıları birliyə, əməkdaşlığa çağırmaq olmasından söz açıblar. Fransa kimi bir ölkədə Azərbaycan icmasının həmrəyliyinin böyük önəm kəsb etməsinə toxunan diplomatlar bu il qeyd edilən ölkədə Azərbaycanlıların Koordinasiya Şurasının yaradılmasından, yeni assosiasiyaların qeydiyyatdan keçməsindən, ana dilində məktəblərin açılmasından danışıblar.
Səfirlər Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə apardığı sistemli islahatlardan, eləcə də fevral ayında keçiriləcək növbədən kənar parlament seçkilərindən bəhs ediblər, ölkədə aparılan kadr islahatlarının əhəmiyyətinə toxunulub.
Rəhman Mustafayev 2019-cu ilin Fransa ilə ikitərəfli əlaqələr sahəsində uğurlu olduğunu diqqətə çatdırıb.
İkitərəfli diplomatik münasibətlərə toxunan səfir 2019-ci ilin yekunlarından, qarşılıqlı rəsmi səfərlərdən və bu səfərlərin ikitərəfli əlaqələrin inkişafına təkan verməsindən, qarşıdan gələn ilin daha da uğurlu olacağından söz açıb. Diplomat bu bayramın əhəmiyyətini qeyd edib, onun azərbaycanlıları birliyə, əməkdaşlığa çağırdığını vurğulayıb. Fransa kimi bir ölkədə Azərbaycan icmasının birliyinə olan ehtiyac nəzərə alınaraq yaradılmış Koordinasiya Şurasının fəaliyyətini alqışlayıb.
Diplomat 2019-cu ildə fəallıq nümayiş etdirən diasporumuzun üzvlərinə təşəkkürünü bildirib və onları gələcəkdə daha da fəal olmağa çağırıb.
Başa çatmaqda olan il ərzində həyata keçirilən layihələr, eləcə də əldə olunan uğurları xatırladıb. Bildirib ki, bu il əldə olunan ən böyük nailiyyət Fransa məhkəmələrinin bu ölkənin bəzi komuna və şəhərləri ilə Azərbaycanın işğal altında olan ərazilərindəki inzibati bölgələr arasında imzalanmış qeyri-qanuni “dostluq xartiya”larını ləğv etməsidir. Diqqətə çatdırıb ki, Fransa regionlarında ölkəmizin təşviqi istiqamətində fəaliyyət davam edir və əlaqələr getdikcə daha da möhkəmlənir.
UNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov bildirib ki, Azərbaycanın Fransadakı səfirliyinin, rəhbərlik etdiyi nümayəndəliyin və icma üzvlərinin birgə fəaliyyəti gələcək böyük uğurların təməlidir. O, 2019-cu ildə UNESKO-da ölkəmiz arasında əlaqələrə toxunaraq, qurumun Baş direktorunun ölkəmizə səfərindən, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşməsindən, Azərbaycanın UNESKO-nun bir neçə komitəsinə vitse-prezident seçilməsindən, Bakının UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsindən söz açıb. Ölkəmizin bu təşkilata verdiyi töhfələr, həyata keçirilən layihələr haqqında məlumat verib.
Qeyd edib ki, Fransada yaşayan bütün azərbaycanlılar böyük bir ailədir. O, gücümüzün həmrəyliyin bəhrəsi olduğunu vurğulayaraq, icma üzvlərini həmrəyliyi daha da möhkəmləndirməyə səsləyib.
Səfirlər soydaşlarımızın yerli xalqa inteqrasiya etməklə bərabər milli kimliklərini, mənəvi-əxlaqi dəyərlərini, Vətənə bağlılıqlarını qoruyub saxlayacaqlarına inandıqlarını bildirərək, diaspora üzvlərinə uğurlar arzulayıblar.
Sonra icma üzvləri milli mətbəximizin təamlarını dadıb və gələcək fəaliyyətləri ilə bağlı fikir mübadiləsi aparıblar.