Sənətkarlar dünyanın aynalarıdır. Hərəsi dünyamızı bir cür əks elətdirir. Ədib sözün, rəssam mənzərənin, bəstəkar isə səsin güzgüsüdür. Onun da bəxtinə elə dünyanın səsinə ayna tutmaq, dünyanın səsini musiqinin yaddaşına köçürmək, dünya ilə Nəriman sayağı danışmaq yazılmışdı. Bəli, söhbət Naxçıvan torpağının yetişdirdiyi, sənət sahiblərindən biri olan, xalq artisti, bəstəkar Nəriman Məmmədovdan gedir. Mənalı ömrünü Azərbaycan musiqisinin təbliğinə, formalaşmasına, mənəvi tərəqqisinə həsr etmiş bir insan idi Nəriman Məmmədov.
Ölümsüz bəstəkarın musiqi mədəniyyətimiz qarşısında xidmətləri danılmazdır. O da həqiqətdir ki, onun əsərlərinin orijinallığı, özünməxsus dili vardı. Nəriman Məmmədovun musiqisini dinləyən hər kəs bu fikirdə köklənirdi–onun musiqisinin ən güclü cəhəti milli soykökə sıx bağlı olması idi. Bəstəkarın əsərlərində muğam mayasının, aşıq musiqisinin, folklor xəzinəsinin ab-havası hiss olunurdu. Bəstəkar bu səxavətli bulaqdan çox bacarıqla, yaradıcı şəkildə istifadə edib və təkrarsız əsərlər ortaya qoyub. Nəriman Məmmədov heç nə yazıb-yaratmasaydı belə muğamlarımızı nota alan incəsənət xadimi kimi yaşayacaqdı musiqi mədəniyyəti tariximizdə. Ancaq bu sənətkar ömrünə yüzlərlə mahnı, 7 simfoniya, baletlər, musiqili komediyalar, simfonik poemalar və daha nələr-nələr sığışdırdı.
Nəriman Məmmədov Naxçıvanın nəğməkar övladı, Naxçıvan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsidir. 1927-ci ilin 28 dekabrında Naxçıvan şəhərində anadan olan balaca Nərimanda hələ uşaqlıqdan musiqiyə, incəsənətə həvəs oyanmışdı. O vaxt kimsənin ağlına belə gəlməzdi ki, doğma diyara dərin tellərlə bağlanan bu balaca oğlan illər sonra bu yerləri vəsf edən sanballı musiqi əsərləri yazacaq, Naxçıvan torpağı bəstəkar övladının bəstələrində başdan-başa gül açacaqdı. “Naxçıvan”, “Araz üzərində Çənlibel Qalası”, “Qızlar bulağı”, “Çiçəklənən Naxçıvan”, “Sirab” kimi təkrarsız əsərlər sənətkarın torpaq, el sevgisindən yaranıb onun yaradıcılığında önəmli yer tutacaqdı.
Uşaqlıq illəri Naxçıvanda keçən sənətkar sonralar Bakıya gedərək əvvəlcə Asəf Zeynallı adına Musiqi Texnikumunda, bir qədər sonra Musiqi Akademiyasında təhsil alıb. Hələ musiqi texnikumunda oxuyarkən gənc Nərimanın xalq çalğı alətləri üçün bəstələdiyi suitası görkəmli bəstəkar, dirijor Səid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinin ifasında səslənir. Bu bəstəkarın incəsənət dünyasına ilk uğurlu addımı idi. Onuda qeyd edək ki, Nəriman Məmmədov ayrı-ayrı illərdə Musiqi Akademiyasının iki fakültəsini bitirib. Əvvəlcə nəzəriyyə, daha sonra bəstəkarlıq. Nəriman Məmmədov nədən və kimdən yazırsa yazsın, öz lirik dünyasına, daxili məninə sadiq qalan bəstəkar, musiqişünas idi. Məhəbbətlə, ilhamla yazdığı müxtəlif janrlı əsərlər onun musiqi istedadından, dərin bilgilərindən irəli gəlirdi.
“Bəstəkarlıq çox böyük sənətdir. Bu sənətə yiyələnmək üçün çox çalışmaq lazımdır. Yüksək səviyyəyə nail olmaq üçün onlar ömürlərinin sonunadək öyrənməli, çox dinləməli, mütaliə etməlidirlər. Yalnız bu zaman yüksək səviyyəli əsərlər yarana bilər”, – deyirdi görkəmli bəstəkar Nəriman Məmmədov. Onun bütün amalı da elə bu fikirlərində öz əksini tapırdı.
Ötən əsrin 50-ci illərində şifahi peşəkar musiqinin bilicisi, bəstəkar Nəriman Məmmədov muğam dəsgahlarının silsilə şəkildə yazılması işinə başlayır. Bunun nəticəsində müxtəlif illərdə “Bayatı-Şiraz”, “Şur” instrumental, “Çahargah” və “Rast” vokal instrumental muğam dəsgahları Moskvada, “Rast”, “Şahnaz”, “Çahargah”, “Humayun”, “Segah”, “Zabul” və “Rahab” instrumental muğamları isə Bakıda nəşr olunur. Bu nəşrləri Azərbaycan musiqi irsinin mənimsənilməsində və öyrənilməsində mühüm bir mərhələ saymaq olar. Bütün bunlar bəstəkar-musiqişünas Nəriman Məmmədovun milli musiqimiz qarşısında qiymətli xidmətləridir.
Nəriman Məmmədov həm də gözəl lirik mahnılar müəllifi idi. “Nə zaman darıxmışam”, “Döyünən ürək”, “Yenə peşiman oluram”, “Gözüm axtarır səni”,“Sənin eşqin mənim eşqim”,“Səndə çoxdan gözüm var”, “Kaş güləydi bəxtimiz”, “Ulduzun olaydım”, “Küsmüşəm, dindir”, “Ayrılıq olmasaydı”, “Tez səni axtarıram”, “Mən səni axtarıram”, “Mən səninəm”-oxunsa yenə xəyalımızda ölümsüz bəstəkar canlanacaq. Qeyd edək ki, bəstəkarın mahnılarını bütün dövrlərin ən məşhur müğənniləri oxuyub-Rəşid Behbudov, Şövkət Ələkbərova, Gülağa Məmmədov, Flora Kərimova və digərləri. Təbii ki, bu siyahını uzatmaqda olar, ancaq bəstəkarın əsərləri kim tərəfindən oxunursa oxunsun, daim müəllifinin ünvanına gur alqışlar qazandırıb. Hər dəfə bu mahnıları dinləyəndə bəstəkar qəlbinin həzin pıçıltıları, kövrək hissləri, zərif duyğuları aydınca hiss olunur.
Görkəmli bəstəkarın yaradıcılığında qırmızı xətt kimi keçən və bəstəkara böyük şöhrət gətirən üç musiqili komediyası Azərbaycan musiqisinin qızıl fondunu bəzəyir. “Altı qızın biri Pəri”, “Məmmədəli kurorta gedir”, “Qız görüşə tələsir” musiqili komediyaları Azərbaycan Dövlət Musiqili Komediya Teatrında uğurla tamaşaya qoyulub. Bəstəkarın böyük şairimiz Səməd Vurğunun “Komsomol” poemasının motivləri əsasında yazdığı “Humay” baleti 1981-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında uğurla səhnəyə qoyularaq müəllifinə böyük şöhrət gətirib.Qeyd edək ki, bəstəkarın müəllimi olan Cövdət Hacıyev adını çəkdiyimiz balet haqqında yazırdı ki, “Nəriman Məmmədov Humay baleti ilə balet tariximizdə yeni bir parlaq səhifə açmışdır”.
Görkəmli bəstəkar həm də elmi-pedaqoji fəaliyyətlə məşğul olaraq ömrünün sonunadək Azərbaycan Dövlət Musiqi Akademiyasının professoru olub. Azərbaycan xalq yaradıcılığının örnəklərinin toplanıb nəşr edilməsində onun böyük xidmətləri var. “Azərbaycan Xalq Mahnıları və Təsnifləri” kitabı bu cəhətdən diqqətə layiqdir.Qeyd edək ki, bəstəkarın əməyi dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. “Əməkdar incəsənət xadimi”, “Xalq artisti” kimi fəxri adlara layiq görülüb.
Qayğıkeş müəllim, görkəmli bəstəkar Nəriman Məmmədov bir ömrü beləcə musiqi mədəniyyəti tariximizə xidmətdə başa vurdu. 2015-ci ilin aprel ayında bu dünyaya gözlərini yumdu. Mənalı ömrünün son gününədək yazdı-yaratdı. Özündən sonraya ölümsüz əsərlər buraxdı. İllər keçsə də hər zaman mahnılarında xatırlanacaq dəyərli incəsənət xadimi. Bu gün bizim sevərək dinlədiyimiz mahnılar bəstəkarın mənalı ömrünün akkordları, musiqi xəzinəmizin ən dəyərli inciləridir. Yoxluğu Azərbaycan bəstəkarlıq mühitində də, mədəniyyət dünyamızda da hiss olunmaqdadır. Naxçıvan torpağının bəstəkar oğlu musiqiyə xidmətləri və zəngin fəaliyyəti ilə öz adını əbədiləşdirməyi bacardı.
Nihad Bayramlı
Naxçıvan televiziyasının baş redaktoru