Sudanın watr7.com, nawafiz.net, tryagnews.com internet xəbər saytlarında, eləcə də “əl-Yavm ət-Təli” qəzetində “Azərbaycan İslam dünyasının qəlbində ilk opera döyüntüsüdür” adlı geniş məqalə dərc edilib.
NUHÇIXAN xəbər verir ki, jurnalist Nuha İbrahim Salim məqaləsində opera sənətinin tarixi, mövzuları barədə ümumi məlumat verir və böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli tərəfindən 1907-ci ildə yazılmış “Leyli və Məcnun” operasının müsəlman Şərqində ilk opera olduğunu vurğulayır.
Müəllif yazıda Ü.Hacıbəylinin Azərbaycan professional musiqi sənətinin formalaşdırılmasında və inkişafında mühüm rolundan danışır, “Arşın mal alan” operettasının təkcə keçmiş Sovet İttifaqında deyil, dünyanın digər dövlətlərində də səhnələşdirildiyini, müxtəlif dillərə tərcümə edildiyini yazır.
Yazıda, həmçinin Şəfiqə Axundovanın yaradıcılığına toxunulub, onun İslam dünyasında ilk opera yazan qadın bəstəkar olduğu qeyd edilib.