Azərbaycan Avropa Şurasının 5 mədəni marşrutunda təmsil olunur
Mədəniyyət Nazirliyinin 2019-cu ilin müəyyən edilmiş iş planına müvafiq olaraq xalq yaradıcılığı və mədəni marşrutlar sahələrində mövcud vəziyyət öyrənilib və təhlil olunub.
NUHÇIXAN xəbər verir ki, təhlillər nəticəsində xalq yaradıcılığı və mədəni marşrutların inkişafının təmin edilməsi, bu sahədə müasir, innovativ yeniliklərin tətbiqi istiqamətində prioritet istiqamətlər müəyyən edilib və bu sahədə mühüm tədbirlər həyata keçirilib.
Belə ki, Aşıqlar Birliyinin təşkilatçılığı ilə ustad aşıq Mikayıl Azaflının 95 illiyi ilə bağlı Tovuzda geniş tədbir təşkil olunub. Həmçinin Azərbaycan Aşıqlar Birliyinin Sumqayıt bölməsinin açılışı olub və bu münasibətlə bölmənin iqamətgahında saz-söz məclisi təşkil edilib. Eyni zamanda, Azərbaycan aşıqları Özbəkistanda keçirilən Beynəlxalq baxış müsabiqəsində iştirak edərək ikinci yerə layiq görülüblər.
Ötən il iyunun 10-da “Aşıq Pəri məclisi”nin 35 illiyi ilə bağlı Heydər Əliyev Sarayında böyük yubiley tədbiri və konsert təşkil olunub.
Gədəbəydə İlyas Tapdığın 85 illik yubileyində Bakıdan və digər bölgələrdən gələn aşıqlar geniş konsert proqramı ilə çıxış edib, Qazaxda ustad aşıq Camoy Qurbanovun 65 illik yubileyi keçirilib.
Xalq teatrlarının fəaliyyətinin dəstəklənməsi, Bakı şəhərində, xüsusən regionlarda mədəni həyatın təşkilində rolunun artırılması məqsədilə 2019-cu il aprelin 1-dən 28-dək III Respublika Xalq Teatrları Festivalının Bakı şəhəri və bölgələrdə seçim mərhələsi təşkil olunub. 2019-cu il iyunun 23-dən 25-dək Bakı şəhərində III Respublika Xalq Teatrları Festivalının final mərhələsi, bağlanış mərasimi və I Respublika Xalq Teatrları Konfransı keçirilib.
Xalq yaradıcılığının qorunması, inkişafı, təbliği istiqamətində uzunmüddətli və səmərəli fəaliyyət göstərmiş kollektivlərə “xalq” statusunun verilməsi ənənəsinə müvafiq olaraq və “Xalq özfəaliyyət kollektivlərinin nümunəvi Əsasnaməsi”ni rəhbər tutaraq İsmayıllı rayonunun “Lahıc folklor kollektivi”nə, Lənkəran rayonunun “Nənələr folklor kollektivi”nə, Şamaxı rayonunun “Şirvan” folklor qrupuna “xalq kollektivi” statusu verilib.
“Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər İnkişafına dair Strateji Fəaliyyət Planı” və Mədəniyyət Nazirliyinin iş planına uyğun olaraq ötən il iyulun 4-dən 9-dək milli sənətkarlıq nümunələrimizin sərgi və satışının təşkil olunduğu I Respublika Sənətkarlıq Festivalı təşkil edilib.
2019-cu il noyabrın 1-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Ənənəvi Respublika Folklor Festivalının final mərhələsi və bağlanış mərasimi keçirilib.
Eyni zamanda, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Avropa Şurasının “Zeytun ağacları” beynəlxalq mədəni marşrutu arasında Razılaşma sənədi imzalanıb. Beləliklə, adıçəkilən mədəni marşruta qoşulmaq üçün aparılan işlərin məntiqi nəticəsi kimi Azərbaycan ötən il iyunun 12-də Avropa Şurasının “Zeytun ağacları” beynəlxalq mədəni marşrutuna daxil edilib.
Ölkəmizin mədəniyyətinin tanıdılması və təbliği məqsədilə dünyada məşhur xarici televiziya kanalları olan “CNN” və “Euronews” telekanalları ilə əməkdaşlıq davam etdirilir. Belə ki, 2019-cu ildə mədəniyyətimizin müxtəlif sahələrinin tanıdılması və təbliği məqsədilə yeni videoçarxların nümayiş olunması ilə bağlı müqavilələr imzalanıb və hazırda bununla əlaqədar işlər davam etdirilir.
Hazırda Azərbaycan Avropa Şurasının 5 mədəni marşrutu - Yəhudi irsi üzrə Avropa marşrutu, Şərab Yolu, Qədim Qayaüstü İncəsənət İzləri, Avropa Tarixi Termal Şəhərləri, Zeytun ağacları mədəni marşrutu üzrə təmsil olunur.