Qədim rəqslərimizi, yallılarımızı toplayaraq  repertuarımızı daha da zənginləşdiririk

A- A A+

Bədii irsimizin daşıyıcısı olan xalq yaradıcılığı əsrlər boyu formalaşaraq bu günümüzə gəlib çatıb. Muxtar respublikamızda bu qiymətli sərvətin daha geniş tədqiqi və təbliği onu gələcək nəslə olduğu kimi çatdırmaq məqsədi daşıyır. Xalq yaradıcılığının ən qədim növlərindən biri də yallılardır.

“Şərur yallıları haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 24 dekabr 2018-ci il tarixli Sərəncamında deyilir: “Azərbaycan türklərinin qədim mədəniyyətinin bir hissəsi olan Şərur yallıları xoreoqrafiya, instrumental və vokal musiqini özündə birləşdirən nadir yaradıcılıq nümunəsi, əcdadlarımızın dünyagörüşünün, bədii-estetik təfəkkürünün təzahürüdür. Yallıların Gəmiqaya təsvirlərində öz əksini tapması Naxçıvanda yallı sənətinin çox qədim tarixə malik olduğunu göstərir”.

Muxtar respublikamızda xalqımızın milli dəyərlər sisteminin ayrılmaz tərkib hissəsi olan yallı sənətinin inkişafı sahəsində həyata keçirilən kompleks tədbirlərin nəticəsidir ki, yallılar nota köçürülüb, “Naxçıvan-Şərur el yallıları” kitabı nəşr olunub, “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilib.   

Şərur dünyanın qədim yaşayış məskənlərindəndir. Xalqımıza məxsus olan, yüz illər, min illər yol keçib gələn adət-ənənələr, folklor nümunələri bu gün də burada yaşamaqdadır. Xalqımızın bu əvəzsiz mənəvi dəyərlərini qorumaq, gələcək nəsillərə çatdırmaq mühüm əhəmiyyət kəsb edir. Çünki ana dili kimi, folklor da xalqın mənəvi diriliyi, milli kimliyidir. Hər bir xalq hələ tayfa halında yaşayarkən belə öz incəsənətini hətta daşlara, qayalara həkk etməklə, onu nəsildən-nəslə ötürüb. Xalqımızın igidliyini, qəhrəmanlığını, adət-ənənələrini özündə əks etdirən Şərur yallıları da bu qəbildəndir. Adı “Kitabi-Dədə Qorqud” dastanında çəkilən Şərur elində yallıların əsrlərdən bəri yayılması və yaşadılması yurdumuzun bu guşəsinin həm qədimliyindən, həm də mənəvi zənginliyindən soraq verir.

Şərurda yallı qrupu 1924-cü ildən fəaliyyət göstərir. Həsən bəy adlı yengicəli bir ziyalı öz həmkəndlilərini, həm də Çərçiboğan, Çomaxtur, Oğlanqala, Cəlilkənd və digər yaşayış yerlərinin istedadlı gənclərini başına toplayıb, unudulmaqda olan yallılarımıza yeni nəfəs verib, səhnəyə çıxarıb.

1938-ci ildə “Şərur” Yallı Ansamblı Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünə dəvət alıb və burada böyük uğur qazanıb. Ansambl sonralar Türkiyədə, Almaniyada, Polşada, Misirdə, Rusiyada və dünyanın bir çox digər ölkələrində keçirilən Beynəlxalq Folklor festivallarının laureatı olub.

Uzun illərdir ki, Şərur yallılarına bağlanmışam, kollektivin elə bir səfəri olmayıb ki, iştirak etməyim. Bu gün də kollektivimiz kənd-kənd, oba-oba gəzir, qədim rəqslərimizi, yallılarımızı toplayaraq repertuarını daha da zənginləşdirir. Hazırda onların proqramında “Qaladan-qalaya”, “Tello”, “Xələfi”, “Dördayağı”, “Urfanı”, “Köçəri”, “Tənzərə”, “Qazı-qazı”, “Tirməşal”, “Dönə-dönə”, “Hoynəri”, “Gülümey”, “Haxışta” və sair kimi 40-dan artıq yallı və rəqs vardır. “Şərur” Xalq Yallı ansamblı muxtar respublikamızın, habelə rayonumuzun folklorunu qoruyur, onu dünyaya tanıdır.

Şərur yallılarının şöhrətlənməsində ümummilli liderimiz Heydər Əliyevin böyük zəhməti vardır. O, bu ansamblın fəaliyyəti ilə daim maraqlanır, qayğısını əsirgəmirdi. Dahi şəxsiyyət hələ Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işləyərkən “Şərur” Xalq Yallı Ansamblı respublikamızdakı bir çox möhtəbər məclislərdə çıxış edirdi. Müstəqil respublikamıza rəhbərlik etdiyi illərdə də böyük öndər yallılarımıza böyük maraqla tamaşa edir, kollektivə mənəvi dayaq olurdu.

Sevinirik ki, “Şərur” Xalq Yallı Ansamblı bu gün dövlət səviyyəsində himayə olunur, yallıların tədqiqi, təbliği və qorunması üçün hərtərəfli tədbirlər həyata keçirilir. Bu qədim ansambl haqqında Ali Məclisin Sədri yüksək fikir söyləyib: “Naxçıvanın üç incisi bizim üçün xüsusilə əzizdir: Əshabi-kəhf, Gəmiqaya və Şərur yallıları. Biz bu inciləri qoruyub saxlamalıyıq”.

Göstərilən diqqət və qayğı “Şərur” Xalq Yallı Ansamblının daha böyük uğurlar qazanmasına zəmin yaradır.

                                                Kimya Babayeva,

Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi

                                                        “Şərurun səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: