Parisdə azərbaycanlı solistlərin konserti olub - FOTOLAR
Parisin 5-ci rayonunda yerləşən Saint Severin kilsəsində klassik musiqi konserti olub.
NUHÇIXAN xəbər verir ki, Fransanın İncəsənətin Dostları Assosiasiyasının təşkil etdiyi konsertdə Rusiya Federasiyası Tatarıstan Respublikasının Əməkdar artisti, Sankt- Peterburq Mariinski Teatr truppasının solisti, beynəlxalq müsabiqələr laureatı, həmvətənimiz Timur Abdikeyev və Bakı Musiqi Akademiyasının Opera Studiyasının solisti Adil Axundov çıxış ediblər.
Konsert çərçivəsində görkəmli bəstəkarlar Jeorq-Frederix Handel (Georg Friedrich Haendel, 1685), Jan-Sebastyən Bax (Jean-Sébastien Bach, 1685), Franz Jozef Haydn (Franz Joseph Haydn, 1732), Vinçenso Bellini (Vincenzo Bellini, 1801), Rudolfo Falvo (Rodolfo Falvo, 1873) və Jorj Gerşvin (George Gershwin, 1898) əsərləri ifa olunub.
Qeyd edək ki, Bakıda anadan olmuş T. Abdikeyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. 2000-ci ildə Bakıda Şövkət Məmmədova adına Respublika və Bülbül adına vokalistlərin Beynəlxalq müsabiqələrinin mükafat və fəxri adlarına layiq görülüb. «Ümid» diplomu və İ.K.Arxipova adına Fondun mükafatına layiq görülmüşdür. O, Vladimir Atlantovun rəhbərlik etdiyi vokalistlərin beynəlxalq müsabiqəsinin laureatı və Milanda Leyla Gencerin rəhbərlik etdiyi “La Scala” teatr müsabiqəsinin finalisti olub.
2004-cü ildə Sankt -Peterburqun Marliinski Teatrının səhnəsində karyerasına başlayan T. Abdikeyev bu əfsanəvi teatrın səhnəsində 60-dan çox rolları ifa edib.
T.Abdikeyev Paris, London, Madrid, Vaşinqton, Nyu-York, Stokholm, Kiyev və Moskva şəhərlərinin məşhur opera və teatrlarında konsertlər verib və Ferruçço Furlanetto, Nikolay Putilin, Olqa Borodina, Anna Netrebko, Vasili Qerello, Viktor Çernomortsev kimi məşhur artistlərlə eyni səhnəni bölüşüb.
T. Abdikeyev hazırda Parisdə yaşayır və karyerasını davam etdirir.