Həyata “Teleskop”la baxış və ya mistikadan gerçəkliyə - FOTOLAR

A- A A+

Milli və bütövlükdə Şərq teatr sənətinin inkişafında özünəməxsus xidmətləri olan qədim Naxçıvan teatrı yeni ili teatrsevərlərə yeni sənət sevinci bəxş etməklə qarşıladı. Tanınmış yazıçı-dramaturq, ictimai və dövlət xadimi Elçin Əfəndiyevin on bir şəkil və iki epiloqdan ibarət  "Teleskop"  pyesi uğurlu səhnə taleyi ilə yaddaşlara yazıldı.

Qeyd etmək yerinə düşər ki, belə bir tragikomediyanın səhnələşdirilməsi bir neçə cəhətdən məsuliyyətli və cox ciddi bir iş idi. Belə ki, müasir Azərbaycan dramaturgiyasının zirvəsi sayılan İlyas Əfəndiyev ədəbi irsini və ziyalılıq etalonunu təkrarsız şəkildə yaşadıb özünəxas çalarlarla zənginləşdirməklə Elçin olan müəllif dünya səhnəsindən belə sevilərək izlənilən bir dramaturqdur. Eyni zamanda tələbkar Naxçıvan tamaşaçısı da Xalq yazıçısının səhnə əsərlərinə nabələd deyil. Bu teatrda dramaturqun “Mənim ərim dəlidir”, “Mənim sevimli dəlim”, “Ah, Paris, Paris”, “Arılar arasında” pyesləri uğurla tamaşaya qoyulub. Yazıçının XIX əsrin əvvəllərinə aid tariximizi, o dövrdə baş verən siyasi prosesləri əks etdirən “Baş” romanı isə naxçıvanlı oxuculara “Oxunması zəruri olan kitablar Siyahısı” ilə yaxşı tanışdır.

Müraciət olunan əsərin səhnə quruluşunun Akademik Milli Dram Teatrda, Rus Dram Teatrında reallaşması, Londonda keçirilən ikinci Beynəlxalq "Buta" Azərbaycan incəsənəti festivalı çərçivəsində ingilis dilində səhnələşdirilməsi, Türkiyənin ən nüfuzlu festivallarından olan Bursa Beynəlxalq Teatr Festivalında Akademik Milli Dram Teatrın ifasında uğurla nümayiş olunması əsərə yeni quruluş verəcək rejissorun məsuliyyətini birəbeş artırırdı desək, yanılmarıq. Bütün bunları nəzərə alan, özü də peşəkar aktyorlarla yanaşı gənc qüvvələrdən də istifadə edən gənc rejissor Həcərxanım Məmmədova belə bir çətin və məsuliyyətli işin öhdəsindən layiqincə gələ bilib. 

Tragikomediya maraqlı bir süjet üzərində qurulub. Əsər avtomobil qəzası nəticəsində komaya düşüb bu dünya ilə o dünyanın arasında qalan birindən bəhs edir. Yəni tamaşa hər kəsin maraq dairəsinə aid olan ölümdən sonrakı həyat, özündən sonra həyatda baş verənlərdən agah olmaq istəyi kimi bir mövzu ilə cəlbedicidir.                      

Rejissor tapıntısı və istedadlı aktyor heyətinin uğurudur ki, həssas tamaşaçı ilk səhnədə dərhal anlayır ki, xətəxanada ölümlə çarpışan Kişinin arvadının, uşaqlarının, qayınanasının, dostu və dostunun həyat yoldaşının vay-şivəni əslində bir səmimiyyətsizlik şousu, oyun içində oyundur.                                                                                                                       

Cərəyan edən hadisələr dirilərin yaşadığı Yer Kürəsi  ilə mələklər və ruhlar məkanı – Keçid Stansiyası arasında  sürətlə dəyişir, tamaşa tragikomik situasiyanın dərinliyi ilə seçilir. Uğurlu səhnə quruluşu, teatrın yüksək texniki imkanlarından istifadə nəticəsində real həyatla mistik dünya – Yer və Göy səhnələri ustalıqla, dinamik şəkildə dəyişilir. Bu zaman, məkan kəsişmələri nəticəsində tamaşaçı bəzən özünü bir ruh kimi axirətdə - ağappaq buludların üzərində, mələklər arasında, bəzən də eybəcərlikləri də az olmayan real həyatda hiss edir. Bu da insanın daxili, mənəvi ziddiyyətlərinin düzgün səhnə təqdimatının həllidir.                

Əsərin qəhrəmanı, ölüm ayağında olan Kişi (Xalq artisti Rza Xudiyev) cənnət və cəhənnəmin ərəfəsində infarktdan dünyasını dəyişmiş birinci həyat yoldaşı (Mehri Nəbiyeva) ilə qarşılaşır və onun sayəsində bir çox həqiqətləri üzə çıxarır. Tamaşa əsasən bu iki baş qəhrəmanın dialoqu üzərində qurulub və bu mənada iki aktyorun uğurlu teatrı da adlandırıla bilər. Tamaşaçı Mehri Nəbiyəvanın peşəkar aktyor ifası vasitəsilə o dünyanın özünəməxsusluqları –“gündəlik həyatları”, “qayda-qanunları”, “adət-ənənələri” ilə tanış olur. Bu ağappaq dünyada ruhlar quş kimi azaddırlar, bütün maddiyyatlardan, cismani təlabatlardan uzaqdırlar, artıq günah işləyə, yalan danışa, dalaşa bilməzlər. Cənnətlə cəhənnəmin yol ayrıcında kimliyindən, milli mənsubiyyətindən asılı olmayaraq hamı bərabərhüquqlu və hətta eyni çəkiyə, yəni elə eyni dəyərə malikdir. Əsərdəki müharibə və terrorun, dövrün faciəvi xəstəliklərinin ölüm sayının artmasının başlıca səbəbləri olması kimi aktual məsələ də tamaşaçıya yetərincə çatdırıla bilir.                                                                                                    

Maraqlı cəhət burasındadır ki, axirət dünyasının astanasında Rəyasət Heyəti, restoran, test imtahanları, dispetçer məntəqəsi, məhkəmə, apelyasiya şikayəti, kargüzarlıq işləri, iclas, hətta teleskop kimi müasir anlayışlarla qarşılarıq. Rejissor böyük ustalıqla müəllifin əsas qayəsini – bu məfhumları insanların daxili aləmindəki ziddiyyətləri, mənəvi-psixoloji aləmini açmaq üçün o dünyaya “apararaq” mistikləşdirdiyini tamaşaçıya çatdıra bilir. Yeri gəlmişkən, Elçinin dramaturgiyasında konkret insan adlarından istifadə etməyib qəhrəmanların “Kişi”, “Xanım”, “Oğul” adlandırması da problematikanın ictimailiyini, qloballığını çatdırmaq istəyindən irəli gələn spesifik ədəbi priyomdur.                           

Kişi ruhlar və mələklər məkanında teleskop sayəsində hamının başına and içdiyi, peyğəmbər kimi tanıdığı Həkimin əxlaqsız olduğunu görür. Aktyor  Səyyad Məmmədov bu obrazı tamaşaçıya ustalıqla təqdim edə bilir. "Mələk" qayınanası kürəkəni dəfn olunmamışdan ona nə qədər pensiya verəcəkləri barədə düşünür. Aktrisa Nazlı Hüseynquliyeva bu riyakarlığı məharətlə yaradır. Aktrisa Zəminə Məmmədova isə Ruhun sevimli arvadının onun komaya düşməsi ilə yeni ər axtarışlarına çıxdığını təfərrüatı ilə tamaşaçıya çatdırır. Kişinin oğlu və qızı isə atalarının halına acımaq əvəzinə onun gizlətdiyi pulları tapmaq və özlərinə maşın almaq üstündə mübahisə edirlər. Aktyorlar – Anar Eyvazov və Səkinə Məmmədova var-dövlət hərisi olan övlad obrazları ilə tamaşaçıda ikrah hissi doğurmağa müvəffəq ola bilirlər.  Teleskop müşahidəsindən aydın olur ki, ən yaxın dostu və onun xanımı xəstəxanaya onu yoluxmağa məcburiyyət qarşısında – el qınağına gedirlər. Aktyorlar Ələsgər Quliyev və Kəklik Novruzova ifalarındakı bu üzüdönüklük və səmimiyyətsizliyi ustalıqla ifa edirlər.                    

Xalq artisti Rza Xudiyev ölümü ilə barışmayıb həyat uğrunda çarpışan, lakin hər dəfə teleskopla doğmalarının iç üzünü gördükdə yenidən ölüb-dirilən, buna görə də onların yanına geriyə – həyata qayıtmaq istəyindən vaz keçən bir obrazı məharətlə canlandırır. Aktyor teleskopun Yeri ona yaxınlaşdırdıqca onu Yerdən bir o qədər uzaqlaşdırmasını – mənəvi iztirablarını, daxili təbəddülatlarını dolğunluqla tamaşaçıya çatdırır. Əsər əsas obrazın “mən insan olmaq istəmirəm” etirazı ilə  kuliminasiya nöqtəsinə çatır. Ruhun dilindən deyilən “Bəs Vətən? Vətən!.. Müqəddəs Vətəndən əbədi ayrılmısan! Vətəni, doğma yurdu unutmaq olar?” çağırışı isə əsl vətənpərvərlik və həyatsevərlik şüarı kimi tamaşaçıya həmişəlik sirayət etmək gücünə  malikdir.                                                                                                                       

Əsər ideya etibarı ilə dahi Mirzə Cəlilin “Ölülər” tragikomediyasındakı məşhur qəbiristanlıq səhnəsini də xatırladır. Tamaşa bir əsr öncə ölülərinin dirildilməsinə razılıq verməyən “dirilərin” müasir prototipləri ilə bizləri qarşı-qarşıya qoyur.                 

Nəhayət, Kişi heç kim qoyub gəldiyi, inandığı, etibar etdiyi yaxınlarının iç üzünü görüb nifrət etməsin deyə teleskopu tərsinə çevirir. Ruhlar və Mələklər dünyasında aləm bir-birinə dəyir. Əcəl vaxtı çatmamış adamın səhvən o dünyaya aparılması böyük qalmaqala səbəb olur. Ruhların hamısının teleskopdan imtina etməklə Kişi ilə həmrəy, həmfikir olması isə pisliklərə qarşı güclü etiraz dalğası kimi səslənir. “O” isə indiyədək teleskopla həyata baxanların ürəkaçan, fəxr edəcək, qürur duyacaq mənzərə görmədikləri üçün teleskopun ləğv edilməsinə qərar verir. Mələklərin Rəyasət Heyətinin keçirdiyi iclasda isə ruhun hələ tam yetişmədiyi üçün geri qaytarılması qərara alınır. Bu səhnədə mistik obrazlarla - Cənab Cəbrail (Xalq artisti Həsən Ağasoy), Cənab Mikail (Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov), Cənab İsrail (Azərbaycan Republikasının Əməkdar artisti Əli Əliyev) ilə yaxından tanış oluruq. Ruh nə qədər etiraz etsə də Cənab Əzrail onu yenidən Yer kürəsinə qaytarır.            

Bu yerdə onu qeyd etmək yerinə düşər ki, adətən şifahi xalq ədəbiyyatından, dini rəvayətlərdən ölüm xəbərçisi və icraçısı kimi qorxunc və dəhşətli, arzuolunmaz mifik obraz olan Əzrail tamaşada sadə, bir az da saf bir varlıq kimi canlandırılır. Bəlkə də canalma məqamlarında həyatla, insanlarla daha çox ünsiyyətdə olduğu üçündür ki, xalq artisti Rövşən Hüseynov Əzrail obrazına kəskin psixoloji-dramatik situasiyalarda vəziyyəti yumşaltmağa xidmət edəcək bir mülayimlik də qatır.                                                                                       

Koma vəziyyətində olan adam həyata qayıdır. Sevinc, məyusluq bir-birinə qarışır. Yaşamaq, yoxsa ölmək? Rejissor müəllif ideyasından çıxış edərək tamaşaçını Şekspirin məşhur Hamletinin “Olum, ya ölüm?” dilemması qədər çətin seçim qarşısında qoya bilir.                  

Bu məqamda diqqəti ikinci epiloqa yönəltməklə demək istərdim ki, ailəni mikrocəmiyyət kimi götürsək Kişinin həyata qayıtması ilə ailə üzvlərinin tamaşanın əvvəlindən fərqli olaraq səmimi şəkildə ailə başçısı ətrafında bir birlik nümayiş etdirməsi özü tamaşaçıya çox söz deyir.                                                                                                 

Gözoxşayan səhnə tərtibatı, dekorasiyaların məkana uyğun olaraq yenilənməsindən danışarkən Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyevanın əməyini qeyd etmək yerinə düşər. Musiqi tərtibatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natəvan Qədimova isə klassik dünya və milli musiqi nümunələrindən istifadə etməklə tamaşaçını hər iki dünyaya kökləyə bilir.                                                     

Tamaşay baxan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov səhnə əsərini yüksək qiymətləndirərək demişdir: “Rejissor işi, aktyorların ifası, musiqi tərtibatı və digər bütün cəhətləri ilə "Teleskop" tamaşasını Naxçıvan teatrının səhnəsində oynanılan tragikomediyaların şahı hesab etmək olar. Bu tamaşa "Ölülər"dən sonra Naxçıvan teatrında oynanılan ən uğurlu səhnə əsəridir. Çünki "Ölülər"dən fərqli olaraq "Teleskop" əsərində real həyat gerçəklikləri müasir dövrə uyğun təqdim olunur... Bugünkü tamaşanın əsas uğurlarından biri də peşəkar heyətlə birlikdə gənclərin də üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməsi idi. İstər rejissor işində, istərsə də aktyorların ifasında bu bir daha özünü təsdiq etdi. Naxçıvan teatrında bu cür tamaşaların nümayişi bir daha göstərir ki, ötən illər ərzində muxtar respublikada teatr sənətinin inkişafı ilə bağlı görülən işlər, çəkilən birgə zəhmət hədər getməmişdir. Teatr hər bir xalqın mədəni inkişafını göstərən birinci amildir. 130 ildən artıqdır ki, Naxçıvan teatrı da öz ənənələrini yaşadır və inkişaf edir”.                                          

Tamaşanın rejissoru Həcərxanım Məmmədova ilə  söhbətimiz zamanı Ali Məclis Sədrinin onun sənətdəki ilk ciddi işini belə yüksək qiymətləndirməsinin ona hədsiz qürür hissi yaşatdığını və gələcək sənət uğurları üçün böyük stimul olduğunu söylədi.                                      

Tamaşanın başlıca uğuru ondadır ki, dünyanın faniliyi və haqq dünyasının əbədi gözəllikləri haqqında dolğun təəssürat yaratmaqla yanaşı həm də ibrətamiz, faciəvi situasiyaları ilə düşünməyə vadar edir. Belə ki, insanların maddi aləmdə yüksək dəyərləndirdiyi məhfumlar mənəvi aləmdə tamimlə dəyərsizləşir. Həqiqət və ədalət isə yalnız dünyanı xəlq edən Uca Yaradanın iradəsi ilə bərqərar olur.                                                         

Bir məsələni də də qeyd etmək yerinə düşər ki, tanınmış dramaturqun Naxçıvan Dövlət Musiqili Dram Teatrında vaxtilə səhnələşdirilən, cəmiyyətdəki problemlərin həllini arılardakı zəhmətkeşlik və halallıqdan nümunə götürməkdə görən “Arılar arasında” əsəri ideya etibarı ilə Nobel mükafatı laureatı, yazıçı Moris Metterlinkin “Arıların həyatı” əsəri ilə səsləşir. Yeni tamaşaya qoyulan “Teleskop” isə mistik üslubu, xoşbəxtlik axtarışı ideyası ilə dünya şöhrətli dramaturqun digər bir əsəri – “Göy quş” pyesi ilə həmahənglik təşkil edir.                          

Baxdığımız “Teleskop” adi astronomik cihaz olmayıb gözlə görünməyənləri daha aydın görmək, müşahidə və dərk etmək, proqnozlaşdırmaq, nəticə çıxarmaq kimi böyük məna tutumuna malikdir. Daha geniş mənada teleskop bəsirət gözü, vicdanın səsi, mənəviyyat güzgüsü deməkdir. Nə acı ki, uzaq Amerikadan, Yaponiyadan, Hindistandan gələnlər Naxçıvanı bütün reallıqları ilə görüb onu sanki qalaktikadakı qeyri-adi planet kimi yenidən kəşf etməklə təqdir etdikləri halda bəzi “özümüzünkülər” Naxçıvan həqiqətlərini nəinki etiraf etmək böyüklüyünə malik deyillər, hətta bu diyarda yaradılan gözəllikləri, əldə olunan inkişafı var-qüvvələri ilə qaralamaq, ləkələmək istəyirlər. Əsərdə belə bir maraqlı məqam vardır: teleskop tez-tez ağ rənglə rənglənməsinə baxmayaraq qaralır. Bəli, günümüzdə də gördükləri reallıqları dilə gətirmək istəməyənlər, hətta xaincəsinə təhrif edənlər nə qədər ağ rəngə boyanmağa çalışsalar da qaraniyyətlilikləri, mənfurluqları onları hər zaman ifşa edəcək. Elə “Teleskop”un Naxçıvanda “qurulması” da həqiqəti olduğu kimi görmək, dərk etmək və çatdırmağa cağırış kimi bir ülvi  niyyətdən irəli gəldiyi üçün belə uğulu alındı, böyük tamaşaçı rəğbəti ilə qarşılandı. Yalnız həqiqəti deyənlərə əsərdəki Cənab Mikailin söylədiyi kimi nə vaxtsa həyatda yaşayanlar üçün sevinmək qismət ola bilər. Əgər 150 illik ömrü tamaşadakı kimi cəza olaraq qəbul etmək istəmiriksə, bu səhnə əsərindən ibrət götürüb Vətənə, xalqa, dövlətə layiq biri olmalıyıq. Bax onda, Vətən bağında əsərdəki kimi mənfur qarğalar yox, gözəl bülbüllər oxuyar!..

 Mehriban Sultan

filologiyü üzrə fəlsəfə doktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: