Əfsanələşmiş Naxçıvan yallıları - FOTOLAR
Qədim Naxçıvanın ərazisində yayılmış yallılar müxtəlif adlarla tanınır və onların hər birinin adı hər hansı hadisə, rəvayət və əfsanələrlə əlaqəlidir. Məsələn, “Üçpəncə”, “Turacı” və sair kimi yallıların adları bəzi əfsanə və rəvayətlərdən götürülüb.
NUHÇIXAN xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova deyib.
“Üçpəncə” yallısı necə yaranıb?
“Üçpəncə” yallısının meydana gəlməsi ilə bağlı rəvayətə diqqəti çəkən Aytən Cəfərova bildirib ki, qədim zamanlarda bir kəndli meşədə odun yığarkən ayının pəncəsinin üç barmağı üzərində gəzdiyini görür. Ayının pəncəsinin dördüncü barmağı yaralı olduğu üçün ayağını qaldıraraq hərəkət etməyə başlayır. Bu hərəkət rəqsi xatırladır. Kəndli gördüyü hərəkətlərin təsiri ilə “Üçpəncə” yallısını “kəşf edir”. Şərur rayonunun kəndlərində də “Üçpəncə” yallısı geniş yayılıb. Yaşlı nəslin nümayəndələri tərəfindən oynanılan rəqs ağır və sürətli tərzdə icra olunur.
“Xanbəzəmə” mərasimi və ya “İlanvarı”dan “Qənimo” yallısına aparan “yol”
Müsahibimiz qeyd edib ki, Naxçıvanda yallılar el şənlikləri ilə yanaşı, müxtəlif mərasimlərdə də ifa edilir. Novruz bayramı zamanı Ordubad rayonunda “Xanbəzəmə” mərasimi təşkil olunur. Bu mərasimdə yallı rəqsinin icrası mütləqdir. Belə ki, burada müxtəlif yallı növləri ifa olunur, onlardan biri də yaşlı nəslin “İlanvarı” adlandırdığı yallı növüdür. “İlanvarı” yallısında bəzi oyun elementləri görünməkdədir. Oyundakı bu xüsusiyyətlərə diqqət edək: Yeddi-səkkiz gəncdən ibarət iki sıra düzülür. Hər sıradakı insanlar qollarını bir-birinin çiyinlərinə keçirərək yallıya başlayırlar. Hər qrupun başında yallıbaşı durur. O, əlində çubuq saxlayaraq oyun zamanı sırasını pozanları cəzalandırır. Bu çubuğa “vən” deyilir (Vən – qabığı ağ, sərt meşə ağacıdır). Beləcə oyun başlanır. 1-ci yallı qrupu əyilərək 2-ci yallı qrupunun hər hansı bir üzvü ilə digər üzvünün arasından keçməyə çalışır. Keçərkən qrup üzvlərinin cibinə əl ataraq pul və ya cibdə olan hər hansı bir əşyanı götürməyə çalışırlar. Sonda “oğurlanan” əşyalar ortaya qoyulur. Kimin daha bahalı əşya götürdüyü müəyyən olunur. Əşyanı götürən əşya sahibindən “Qənimo” yallısının təkbaşına ifasını tələb edir. Bu tələb yerinə yetirildikdən sonra əşya sahibinə qaytarılır, əks halda əşya ərazidə yaşayan kasıb və ehtiyacı olan kimsəyə bağışlanır. Bunlar ətrafda oyunu seyr edən tamaşaçıların gözü qarşısında icra olunur. Onu da qeyd edək ki, bu yallı kişilər tərəfindən ifa edilir. Qadınlar isə oyunu müşahidə edərək nəticənin necə olacağını izləyir, hansı yallı qrupunun qələbə çalacağını öz aralarında müzakirə edirlər.
Cibdən dəsmal çıxdısa...
AMEA Naxçıvan Bölməsinin əməkdaşı digər bir yallının da oyun ünsürləri ilə cilalandığını vurğulayaraq qeyd edib ki, burada yenə 7-8 nəfərlik 2 qrup təşkil olunur. Qruplar bir-biri ilə pantomim hərəkətlərlə deyişirlər. Birinci qrupun 1-ci oyunçusu cibindən dəsmal çıxarır. Mütləq o biri qrupdan da qarşılıq olaraq dəsmal göstərilməlidir. 2-ci oyunçu, məsələn, cibindən telefon çıxararsa, o biri qrup da telefon çıxararaq qarşılıq verməlidir. Beləcə oyuna müxtəlif əşyalar əlavə olunur. Nəticədə, cibindən qarşılıq əşya çıxarmayan qrup məğlub sayılır. Bu yallıdakı hərəkətlərə, əyilib əl-ələ tutaraq rəqsetmə növünə Türkiyənin Qars vilayətində ifa olunan “Toyuqbarı” adlı yallıda da rast gəlinir. Həm də yallıda bu hərəkətlər, yəni qrup üzvlərinin əyilərək o biri qrup üzvlərinin arasından keçməsi Şumer gil lövhələr üzərinə də həkk edilib. Belə ki, tarixi eradan əvvəl 3000 ilə dayanan həmin lövhə Nineviyada tapılıb. Buradakı halay rəqsinin eyni hərəkətlərinin müasir dövrümüzdə Qars və Qars ətrafında icra edilən “Timur ağa” halay rəqsinin hərəkətləri ilə eyni olduğunu görürük.
Savə aşıqları tərəfindən icra edilən 11 Kələki yallısı
Aytən Cəfərova deyib: “Qədim türklərin yallıları haqqında Türkiyənin tarixçi-etnoqrafı Kazım Mirşam və müasir dövrümüzdə fəaliyyət göstərən etnoqraf Haluk Tarcan geniş bilgilər veriblər. Bu gün Azərbaycanın müxtəlif bölgələrində – Lənkəranda, Biləsuvarda Şahsevənlərin ifa etdikləri yallılar hələ də yaşadılır. Ordubad rayonunun Kələki kəndinin adı ilə bağlı 11 Kələki yallısı kimi Savə aşıqları tərəfindən icra edilir. M.Vəliyev söyləyir ki, Şahsevənlər oğuzların ayrım tayfalarıdır. Bəzi mənbələrdə Şahsevənlərin Səfəvilər dövründən olduqları söylənilir. Şahbuz rayonunun Qışlaq, Ordubad rayonunun Ağrı kəndlərində bu tayfanın yaşadığı haqqında məlumat var. 1590-cı ilin məlumatına əsasən “İrəvan əyalətinin icmal dəftəri” kitabında bu tayfanın həmin kəndlərdə yaşadığı göstərilir”.
“Odlu”, “alovlu” və ya “günəşli”
Yallının etimologiyası haqqında elmi ədəbiyyatda müxtəlif mülahizələrin olduğunu qeyd edən filologiya üzrə fəlsəfə doktoru bildirib ki, Mirəli Seyidova görə, yallı “al”, “uca”, “qadir”, “qüdrətli” sözlərindən yaranıb. “Qırmızı”, “al-qırmızı”, “al” sözləri Azərbaycan dilində alov, od-alov tərkibini ifadə edir. Alim bu sözün ilkin variantının “yal” olduğu qənaətinə gəlir. “Yallı” sözünün də əsası yal+od, yal+lı alov+lu, od+lu, günəş+li deməkdir. Ehtimal ki, qədim azərbaycanlılar odun, alovun şərəfinə həmin rəqsdən istifadə ediblər.
“Belə ehtimal etmək olar ki, məşəl ətrafında dövrə vuran insanların mərasim prosesinə kökləndiyi məqamlarda yallı meydana gəlib. Başqa bir izaha görə, alov ətrafında dövrə vurub əl-qol hərəkətləri edən insanlar qırıq-qırıq səsləri də tələffüz edirdilər”, – deyən Aytən Cəfərova qeyd edib ki, həmin səslər get-gedə hecalara, sonradan da sözlərə çevrilib. “Yallı” sözünün də məhz belə meydana gəldiyini güman edirik. Məsələn, yal, yal-la, yol-lu, yel-li. Bu fikirlər professor Füzuli Bayata məxsusdur.
Yallının Qobustan izləri
Füzuli Bayata görə, ilk formasının alay və ya allı (buradan da halay və ya yallı) olduğu bilinən bu oyunun ən qədim qayaüstü təsvirinə Qobustanda rast gəlirik. Altayda, Baykal gölündə mərasim oyunlarını əks etdirən təsvirlər də, çox güman ki, halay və ya yallı oyunu ilə bağlıdır. Çünki bu təsvirlərdəki oynayanların düzülüşü, əl-ələ və ya qol-qola oynamaları, yarımdairə şəklində durmaları onu halayla, yallı ilə əlaqələndirməyə əsas verir. Ancaq qeyd olunmalıdır ki, alay həm də türk ordu strukturunda döyüşçü dəstəsinə verilən addır. Kişilərin oynadığı halay da qədim türklərin savaş sənətini, döyüş taktikasını əks etdirir. Burada oyunun şeir, fəlsəfə, mərasimlər, xalq təbabəti və nəhayət, hərb sənəti ilə bağlılığını da xatırlatmaq yerinə düşər. Qeyd edək ki, bir halay adam, çoxlu insan mənasında işlədilir. O halda halayın – yallının fəlsəfəsində türklərin musiqili, rəqsli döyüş məşqini əks etdirən ayin – oyun olduğu qənaətinə gəlmək olar. Belə ki, yalnız kişilərin oynadığı cəngi rəqsi, əsasən, kişilərin oynadığı çovqan, gökbörü, cirit oyunları da, əslində, bir savaş, savaşa hazırolma oyunudur. Qobustandakı qavaldaş da mahnılı rəqsin oynanılması üçün nəzərdə tutulub. Halayın məzmununun dəyişməsinə baxmayaraq, quruluşunda qədimlik qorunub. Belə ki, halayda xorla mahnı oxumaq, rəqs etmək və ritmi əl çalmaqla və yırğalanmaqla tutmaq hələ də qalmaqdadır.
AMEA Naxçıvan Bölməsinin əməkdaşı qeyd edib ki, bir çox növü müxtəlif inanc və etiqadlarla bağlı olan yallılar müasir dövrümüzdə ritmik rəqs sistemini zənginləşdirən oyun elementləri ilə əhatələnərək rəqs ifaçılığında yaşayır. Yuxarıda da qeyd edildiyi kimi, bu, kütləvi rəqslər bir tərəfdən də qədim türklərin mərasim oyunları olub. Həmin oyunlar müxtəlif dövrlərdə fərqli adlar daşıyıb və daha çox məlum olanı, təbii ki, kökləri eradan əvvəlki dövrlərə qədər gedib çıxan yallılardır.
Naxçıvanın üç incisindən biri - Şərur yallıları
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Naxçıvanın üç incisi bizim üçün xüsusilə əzizdir: Əshabi-Kəhf, Gəmiqaya və Şərur yallıları. Biz bu inciləri qoruyub saxlamalıyıq”.
Ali Məclis Sədrinin qayğısı ilə Naxçıvanda yallı sənətinin inkişafı sahəsində kompleks tədbirlər görülüb, yallılar ilk dəfə nota köçürülüb, onun əsasında “Naxçıvan-Şərur el yallıları” kitabı nəşr olunub.
Şərur yallıları xalqımızın tarixi, etnoqrafiyası, mərasimləri, mifoloji inancları, adət-ənənələri və ifaçılıq mədəniyyəti ilə sıx bağlı şəkildə inkişaf edib. Gəmiqayada daş üzərində həkk olunan kütləvi rəqs elementləri Naxçıvanda yallı sənətinin çox qədim tarixə malik olduğundan xəbər verir.
Sevindirici haldır ki, 2018-ci ilin 26 noyabr - 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilən qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilib. Bununla da Şərur, ələlxüsus “Köçəri” yallısını öz adına çıxmağa çalışan Ermənistanın “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiyasına qarşı təxribat xarakterli cəhdlərinin qarşısı birdəfəlik alınıb, növbəti dəfə bu ölkəyə layiqli cavab verilib.
Qədim diyarımızda çoxəsrlik xalq sənəti qorunub yaşadılır
“Qədim köklərə malik milli musiqi tariximizdə özünəməxsus yeri olan yallı sənətinin Naxçıvanda yaşadılması və təbliği istiqamətində əhəmiyyətli işlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərur yallıları haqqında” 2018-ci il 24 dekabr tarixli Sərəncamı muxtar diyarımızda yallı sənətinin tədqiqi, təbliği və qorunmasına göstərilən dövlət qayğısının bariz təzahürüdür”, - deyən Aytən Cəfərova diqqətə çatdırıb ki, həmin sərəncamın icrası istiqamətində görülən ardıcıl işlər, həmçinin muxtar respublikada keçirilən “Yallı” festivallarının keçirilməsi milli dəyərlərimizin yaşadılması baxımından böyük əhəmiyyət kəsb edir. Həmin festivallarda, həmçinin digər tədbirlərdə “Tənzərə”, “Xələfi”, “Köçəri”, “Baharı”, “El yallısı”, “Hoynəri”, “Üç ayaq”, “Tirməşal”, “Qənimo”, “Söylə”, “Tello” kimi yallı və digər rəqslərin mükəmməl ifası bundan sonra da bu çoxəsrlik xalq sənətinin qorunub yaşadılacağına, layiqli təbliğinə zəmanət verir.