Mavritaniyanın “El Moltagha” və “Sulta Məvaziyə” xəbər portalında böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimiyə həsr olunmuş məqalə dərc edilib.
NUHÇIXAN xəbər verir ki, müəllif yazıda İslam aləminin ayrılmaz hissəsi olan Azərbaycanın dünyada islam dəyərlərinə sadiq, VII və VIII əsrlərdə islam mədəni irsini qoruyan ölkə kimi tanındığını qeyd edir.
Bildirilir ki, əsrlər boyu İslam sivilizasiyası mərkəzlərindən biri olan Azərbaycan mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olmuş və bugün də multikulturalizm dəyərlərin və tolerantlığın qorunub saxlanılmasında, dinlərarası və mədəniyyətlərarası dialoqun gücləndirilməsində fəal rol oynayır. İbn Sinanın tələbəsi “Mövcudatın mərtəbələri”, “Təhsil” kimi əsərləri ilə Əbülhəsən Bəhmənyar, “Sirlər xəzinəsi” və “İskəndərnamə” kimi əsərləri ilə Nizami Gəncəvi, Məhəmməd Füzuli və Nəsrəddin Tusi, habelə İmadəddin Nəsimi kimi orta əsr müsəlman Şərqində fəlsəfi fikrin inkişafında müstəsna xidmətləri olan böyük mütəfəkkirlər, dahi şairlər və ədəbiyyatçılar dünya ədəbiyyatına da mühüm töhfələr bəxş ediblər.
Məqalədə 2019-cu ilin dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyinə təsadüf etdiyi qeyd olunmaqla, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda ötən ilin “Nəsimi ili” elan edilməsinin şairin yaradıcılığının öyrənilməsi və təbliğinə böyük töhfə olduğu vurğulanır.
Qeyd olunur ki, İmadəddin Nəsimi Azərbaycanın Şamaxı şəhərində dünyaya göz açaraq dövrün ən məşhur şəxsiyyətlərdən birinə çevrilməklə üç dildə - azərbaycan, fars və ərəb dillərində mükəmməl yaradıcılığa malik insan kimi tanınıb.
Yazıda, həmçinin vurğulanır ki, İmadəddin Nəsiminin 600 illik yubileyi beynəlxalq miqyasda ilk dəfə UNESKO tərəfindən 1973-cü ildə qeyd edilib. 1989-cu ildə Azərbaycan hökuməti Hələb şəhərinə Nəsiminin büstünü və divanını hədiyyə edib. Planetlərdən birinə İmadəddin Nəsiminin adı verilib. Onun müxtəlif mövzularda on mindən artıq beytləri qorunub saxlanılır. Fars dilindəki Divanı beş mindən artıq beyti ehtiva edir, ərəb dilində isə əlyazmalarının çoxları itirilib və bizə yalnız onların bir hissəsi çatıb.