Özbəkistanın dövlət televiziyasında ölkəmizlə bağlı veriliş yayımlanıb - FOTOLAR
“Ozbekiston” dövlət televiziya kanalında yayımlanan “Özbəkistan ümumi evimizdir” adlı verilişin növbəti buraxılışı Azərbaycana həsr edilib.
NUHÇIXAN xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) hazırlanan verilişdə ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, adət-ənənələri, mətbəxi, musiqi-rəqs sənəti öz əksini tapıb.
Verilişdə AMM-nin direktoru Samir Abbasov mərkəzin fəaliyyəti, iki xalq arasında dostluq əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən layihələr, milli mədəniyyətimiz, habelə iki ölkə arasında tarixi dostluq, əməkdaşlıq, mədəni əlaqələrə dair sualları cavablandırıb.
O, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ötən il Azərbaycana səfərinin, dövlət başçısı İlham Əliyevlə görüşünün, Özbəkistanın Türk Şurasına üzv olmasının əməkdaşlıqda yeni imkanlar açdığını qeyd edib.
S.Abbasov bildirib ki, AMM-nin layihəsi ilə ötən il Özbəkistanın Sırdərya, Fərqanə, Xarəzm və Səmərqənd vilayətlərində Azərbaycan mədəniyyəti günləri keçirilib və bu tədbirlərdə Azərbaycanın mədəniyyəti və incəsənəti geniş təbliğ olunub. O, mərkəzin layihəsi ilə Azərbaycan klassiklərinin əsərlərinin özbək dilinə tərcümə edildiyini və ötən 7 ildə 63 adda kitabın Daşkənddə özbək dilində nəşr olunduğunu bildirib.
Verilişin aparıcısı Sadriddin Mamayusupov Mədəniyyət Mərkəzinin kitabxanası, burada yaradılan “Qızıl fond” və başqa guşələr haqqında danışıb.
Məlumat verilib ki, kitabxanada dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan nailiyyətlərə dair nəşrlər, Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, ölkəmizə dair zəngin elektron nəşrlər, disklər, jurnallar oxucuların istifadəsinə verilib.
Proqramda Azərbaycan tarixinə geniş yer ayrılıb, müstəqilliyimizin və Azərbaycan-Özbəkistan münasibətlərinin möhkəmlənməsində böyük xidmətləri olan ulu öndər Heydər Əliyev, Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyi haqqında məlumat yer alıb.
Verilişdə Azərbaycan Dövlətçilik Tarixi Muzeyi haqqında da söhbət açılır. Bildirilir ki, burada dünyada ən qədim yaşayış məskənlərindən olan Azıx mağarası, Qobustan, İçərişəhər, İrəvan şəhərindəki “Göy məscid”, Xudafərin körpüsü, habelə Azərbaycanın Qarabağ bölgəsində yerləşən tarixi abidələrin maketləri, Azərbaycan tarixinin ən qədim dövrlərindən müasir dövrə qədər mövcud olan dövlətlərin xəritələri nümayiş etdirilir.
Mərkəzdəki “Odlar yurdunun naxışları” adlı xalça muzeyi isə verilişdə xüsusi işıqlandırılıb, Azərbaycanın Qarabağ, Şirvan, Quba, Naxçıvan, İrəvan, Bakı xalçaçılıq məktəbləri haqqında geniş məlumat verilib və bu xalçaların xalqımızın qədim tarixini, zəngin mədəniyyətini, habelə istedadını nümayiş etdirdiyi bildirilib.
Televiziya layihəsində Azərbaycan incəsənətinin şah əsəri olan rəqslərimizə də yer ayrılıb. Milli rəqslərimizin tariximizlə, mədəniyyətimizlə ayrılmaz surətdə bağlılığı, onun xüsusiyyəti, xalqımızın həyat və məişətini özündə əks etdirdiyi vurğulanıb.
Verilişdə Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edib, ansamblın bədii rəhbəri, Azərbaycanın Əməkdar artisti Kövkəb Əliyevanın milli rəqslərimizlə bağlı fikirləri, ansamblın yaranması, fəaliyyəti haqqında müsahibəsi də öz əksini tapıb.