Bəhruz Kəngərlinin doğum günü qeyd edilib - FOTOLAR
Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, ilk realist fırça ustası Bəhruz Kəngərlinin bu gün doğum günüdür. NUHÇIXAN xəbər verir ki, görkəmli rəssam doğumunun 128-ci ilində rəssamlar və sənət adamları tərəfindən anılıb.
Mədəniyyət və incəsənət nümayəndələri Rəssamlar Birliyindən sənətkarın adını daşıyan Rəssamlar Parkına qədər yürüş edib, burada Bəhruz Kəngərlinin ucaldılan abidəsi önünə qərənfillər düzüblər.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva Bəhruz Kəngərlinin ömür yolu və fəaliyyətindən danışıb. Vurğulanıb ki, Bəhruz Kəngərli ilk peşəkar rəssam kimi Azərbaycan boyakarlığında realizmin əsasını qoyub, onu yeni ictimai məzmun və janr, yeni təsvir metodu və ifadə vasitələri ilə zənginləşdirib. Görkəmli rəssamın yaradıcılığında zəngin lirika, nikbin əhval-ruhiyyə duyulur. O, tarixi yaradan rəssam kimi öz tablolarında hər kəsi Naxçıvanın tarixinə aparır. O günlər yaşananlarla bağlı reallığı öz əsərlərində əks etdirməklə bu günə dəyərli yadigarlar qoyub. Bu isə rəssamın Vətənə, təbiət gözəlliklərinə bəslədiyi sönməz məhəbbətindən doğur.
Digər çıxış edənlər də vurğulayıblar ki, öz yaradıcılığında realizm ənənələrinə sadiq qalan sənətkar bu janrı istər məzmun, istərsə də bədii forma cəhətdən zənginləşdirərək yeni bir sənət səviyyəsinə qaldırıb. Qeyd olunub ki, görkəmli sənətkarın sənət dünyasına, yaradıcılığına onun doğulub boya-başa çatdığı doğma Vətənində daim yüksək diqqət və qayğı göstərilir.
Xanım Rüstəmzadə