Bu il ərzində 20 işgüzar tədbirin Azərbaycanda keçirilməsi üçün ölkəmizin namizədliyi irəli sürüləcək.
Dövlət Turizm Agentliyindən NUHÇIXAN-a bildirilib ki, bu barədə Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən X Avrasiya Tədbirlər Forumunda (EFEA) çıxış edərkən bildirib.
O çıxışında böyükmiqyaslı beynəlxalq tədbirlərin Azərbaycan turizminin inkişafına verdiyi töhfələr, ölkəmizdə işgüzar tədbirlər sənayesinin inkişafı üçün görülən işlər və mövcud işgüzar turizm imkanları barəsində məlumat verib.
Tədbirdə Rusiyanın 20 bölgəsindən və 8 xarici ölkədən işgüzar tədbirlər sahəsində ixtisaslaşmış assosiasiyalar və birliklərin 500-dən çox nümayəndəsi bir araya gəlib. Forumda işgüzar tədbirlər sənayesinin müxtəlif istiqamətləri, müasir tendensiyalar, təbliğat və digər məsələlər barəsində panel müzakirələr keçirilir.
Xatırladaq ki, Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun əsas məqsədi ölkəmizin işgüzar turizm imkanlarını tanıtmaqla irimiqyaslı beynəlxalq səviyyəli tədbirlərin Azərbaycana cəlb edilməsinə nail olmaq, ölkənin işgüzar turizm nüfuzunu gücləndirməkdir.