Məmmədəli Sidqi erməni məkrini necə ifşa edirdi? - FOTOLAR

A- A A+

Görkəmli maarifçi ədib Məhəmməd Tağı Sid­qi­nin oğlu olan Məmmədəli Sidqinin (1888-1956) zəngin, çoxşaxəli yaradıcılığının mühüm bir sahəsi də jurnalistika və publisistika ilə bağlıdır. O, 1920-ci ilə qədər “Həyat”, “İrşad”, “Molla Nəsrəddin”,  “İqbal”, “Yeni irşad”, “Bəsirət”, “Yeni iqbal”, “Tazə xəbər”, “Sədayi-həqq”, “Sədayi-vətən”, “Həqiqət”, “Babayi-Əmir”, “Azərbaycan”, “Şeypur”, “Zənbur” kimi mətbuat orqanlarında aktual mövzularda yazdığı çoxsaylı məqalə və felyetonlarını   müxtəlif imzalarla (Zadə, Rizə, Əfi, Bekar, Qəmiş, Bir naxoş, Şeypur, Kabla Kövsər, Kəzbi, Kərtənkələ və s.) oxuculara çatdırmış, sovet dövründə də mətbuat sahəsində çalışmışdır. M. Ə. Sidqi “Şeypur” jurnalının səhifələrində də  bir çox məqalə və felyetonlar dərc etdirmişdir.

”Şeypur”  jurnalının cəmi 14 sayı çıxıb, ilk nömrə 5 oktyabr 1918-ci ildə, sonuncu isə 18 yanvar 1919-cu ildə işıq üzü görüb. Jurnal Bakıda ele­k­trik  “Turan”  mətbəəsində nəşr olunurdu. Jurnalın redaktoru Məmmədəli Sidqi, naşiri isə şair-publisist Səməd Mənsur idi. “Şey­pur”un səhifələrində Məmmədəli Sidqi, Sə­məd Mənsur, Sal­man Müm­taz, Cəfər Cabbarlı, Əliabbas Müznib, Əmin Abid, Məmmədəli Nasir  və digər tanınmış qələm sahib­lə­ri­nin ideya-bədii mükəmməlliyə malik yazıları mühüm yer tuturdu.

İctimai-siyasi hadisə və proseslərə  aydın mövqedən  müna­si­bət bildirən jurnal Və­­tən və xalq taleyi üçün xüsusi önəm daşıyan məsələlərə həssas­lıqla yanaşır, milli mənafelərin ardıcıl müdafiəçisi kimi çıxış edir, bu yolda heç nədən çəkinmirdi. Xüsusən Azərbaycanın ye­ni­dən işğalına can atan rus bolşevizminin əsl ma­hiyyəti, onlara və digər havadarlarına arxalanan er­mənilərin fitnəkar əməlləri, əsassız torpaq iddiaları, 1918-ci ilin  martında soydaşlarımıza qarşı törətdikləri qanlı qırğınlar  “Şeypur”un  səhifələrində tutarlı faktlar və əhatəli təhlillər va­sitə­silə öz ifadəsini tapıb. Bu baxımdan Məmmədəli Sidqinin jurnalda “Şeypur” imzası ilə dərc etdirdiyi məqalə və felyetonlar da diqqəti çəkir.

“Şeypur”un  ilk sayında  onun “Altı ay” məqaləsi verilib. Bu məqalə jurnalın əsas məramnaməsi, proqram sənədi də sayıla bilər. Burada həftəlik jurnalın əsas hədəfləri, başlıca qa­yəsi öz ifadəsini tap­ıb. Müəllif əsas diqqəti ermənilərin xalqımıza qarşı törətdiyi 1918-ci ilin qanlı mart qırğı­nından ötən altı aya yönəldərək həmvətənlərimizin yaşadıqları ağrılı-acılı günləri xatırladır, onları olub keçənlərdən nəticə çıxarmağa çağırırdı. 

Jurnalın 26 oktyabr 1918-ci il tarixli 4-cü sayında M. Sidqinin “Tiflis duması” adlı məqaləsi verilib. Bu məqalədə  “sosialist dərisi örtmüş  daşnakların”  mart hadisələri haq­qında uydurmalar yay­ması,  müəy­yən dairələrin, xüsusən sol eserlərin də onlara dəstək verməsi ürək ağrısı ilə dilə gətirilir: “Tiflis dumasında sosialist dərisi örtmüş olan daş­­­naq kirvələrimizin Bakı hadisatı haqqında nə məz­mun­da məruzə verdiklərini Bakı qəzetlərində oxuduq...Tiflis duma­sında kamali-vüqar ilə əyləşən “Le­vi eser”lər, yəni sol sosialistlər də...daşnaqsaqan firqəsi nüma­yən­dəsi mərsiyə dedikdə payi-minbər oxuyurmuşlar. Bu biçarələr sosialist olduqlarından öz məsləkləri mövcibincə belə də olmalıdırlar”.  M. Ə. Sidqi bolşeviklərin erməniləri dəstəklədiyini, azər­­bay­canlılara münasibətdə ayrı-seçkilik etdiyini, həm­vətənlərimizin əksinqilabçı adıyla qırdırıl­dı­ğını da nəzərə çatdırırdı: “Qafqaz islam əhalisi hamısı  “kontre-volyusioner”, yəni əksin­qilabçı olduq­larına görə onların qətli vacibdir. Lakin kirvələr əsl həqiqi sosialist, yəni cibgir olduqlarından onlar lazımlı adamlardırlar...”. Müəllif əsl vətəndaş yanğısı ilə belə bir haqlı sual verirdi: “Amma bircə burası var ki, bilmi­rəm, bu “rəhmli ağalar” bir neçə ildə bütün Qafqaziyada müsəlman qanı çay kimi axanda harada idilər?” 

M. Ə. Sidqi jurnalın 16 noyabr 1918-ci ildə çıxmış 6-cı sayındakı “Nə istəyirlər?” adlı məqaləsində də erməni fitnəkarlığına toxunub. Müəllif  Qafqazda əsassız torpaq iddiaları irəli sürən, bu məqsədlə hər cür böhtana, şantaja əl atan bədnam ermənilərin mənfur xislətinə diqqət yetirərək yazırdı: “Erməni kirvələrin qədimdən bəri bir adətləri var­dır ki, bir şey olan kimi elə bağırardılar ki, səsləri bir­baş Yevropaya gedərdi. Yevropanın başı qarışıq oldu­ğuna görə indi də Ermənistanın Tiflisdə olan vəkili Ca­mali­yan əlini qulağının dibinə qoyub Kiyev komis­sarına qışqırır ki; -Adə, ay dığa! Qoyma, Gürcüstanda olan erməni qaçqınları soyuqdan, aclıqdan qırıldı.

Qəzetlərin verdiyi xəbərlərə görə, Camaliyanın səsin­dən Tiflis yaxınlığında olan bir körpü bir balaca şikəst olmuşdur. Bundan əlavə, Tiflisdə çıxan erməni qəzet­ləri bütün Qafqaziyanın Ermənistana verilmə­sindən ötrü müharibə edib, qırılan ermənilərin tələf olmasından şikayət edib... uzun-uzun məqa­lə­lər yazmaqdadırlar”.

Budur erməni xisləti! M. Sidqi təkzibolunmaz faktlarla  göstərirdi ki, ermə­ni­lər özləri qırğınlar, vəhşiliklər  törə­dir, əsassız iddialar qaldırır, sonra isə başqalarını borclu çıxarırlar: “O gün Gəncədən iki teleqraf gəlib ki, erməni saldatları Göyçə sərhəddini keçib müsəlmanlara hücum etmiş­dilər. Altmış min müsəlmanın irzü-namusu, hə­ya­tı, malı və mülkü təhdid edilir. İndi Tiflisdə olan Cama­li­­yana və erməni qəzetlərinə deyəsən ki, balam, bu, nə əhvalatdır? Özlərini eşitməməzliyə vurub deyəcəklər ki, qoy­­mayın, erməni milləti qırıldı, qurtardı. Bu işlərdən belə görünür ki, ermənilər Ermə­nis­ta­na qənaət etməyib, Rey havasına düşmüşdürlər. Xü­la­sə, erməni kirvələr çox ərköyün bəslən­miş­lər. Onlar de­yir ki, biz hər nə eləsək, siz danışmayın. An­caq siz bir balaca əl tərpətsəniz, qiyamət qopardarız”.

M. Sidqinin “Bu gün” məqaləsi isə “Şeypur”un  07 dekabr 1918-ci il tarixli 8-ci sayındadır. Məqalənin əvvəlində müəllif Bakıda Azərbaycan Parlamentinin fəaliyyətə başlamasından doğan sevinc hisslərini ifadə etməklə yanaşı, istiqlalımızı gözü götürməyən bədxahların varlığını da nəzərə çatdırır, eyni zamanda, respublikanın  müstəqilliyinin beynəlxalq aləmdə tanınmasına bəslədiyi ümidlərini dilə gəti­rirdi. Məqalənin ikinci bölümündə isə M.Ə. Sidqi Azərbaycana düşmən kəsilmiş nankor ermənilərin yenə də fitnəkar əməllər törətdiklərinə, torpaqlarımıza basqınlar etdiklərinə diqqət yönəldərək onların Qafqazdakı əsassız ərazi iddialarını, bu məqsədlə hər cür saxtakarlığa əl atdıqlarını, erməni hakim dairələrinin məkrli oyunlarını bir daha oxuculara çatdırırdı: “Doğrudan, həya bir yaxşı şeydir. İnsan ki, həyasız oldu, heç nə. Həyasız adamdan hər nə desən, baş ve­rər. Bu həyasızlardan biri də Ermənistan hökumə­ti­nin baş komandanı Andranik kirvədir ki, yenə Qarabağ­­da baş qaldırıb müsəlmanları qırmağa başlamışdır. Ermənistan hökuməti də gözlərini yumub, əli ilə işarə elə­­yir. Ermənistan hökumətinin nə tövr siyasət yeritdiyini və nə fikirdə olduğunu təfsir etmək artıqdır. Bu hö­ku­­mət deyir ki, Qafqazda Gürcüstan və Azərbaycan ola bilməz. Burda ancaq bir Ermənistan ola bilər. Qaf­qazın hamısı ya gərək Ermənistan olsun, ya da Ermənistana tabe kimi bir şey olsun”.

Məmmədəli Sidqi bir maraqlı fakta da diqqət yönəldirdi: “Tiflisdə çıxan “Qruziya” qəzeti...bir nəfər rus yazıçısı Upuçninin “Keçmiş xül­yalar” ün­vanlı məqaləsini dərc etmişdir. Bu məqalə büsbü­tün tərcümə edilib “Azərbaycan” qəzetinin 56-cı nöm­­rəsin­də çap olmuşdur. Hərgah o məqaləni oxuma­yıb­sansa, xahiş edirəm, alıb oxuyasan. Bu məqaləni bir nəfər urus yazmışdır. Özü də öz yazdığı kimi, əvvəlcə ermə­nilər ilə çox dost imiş. Hətta hər yerdə erməniləri mü­da­fiə edib, onların barəsində danışılan yalanları da tək­­zib edirmiş. Bu urus məqaləsində deyir ki, Qafqazda Er­mənistan adlı şey olmayıbdır. Urus Qafqaza gəlib Qaf­­­qazı alanda bir Gürcüstan var imiş, bir də bir neçə dənə türk (Azərbaycan - H.H.) xanlıqları. Ermənistan hökuməti də deyir: Çe. Qərəz, həya yaxşı şeydir”. Məqalənin sonunda müstəqillik təşnəsi olan xalqın arzusu bir daha bəyan edilirdi:  “Yaşamaq istəyirik!”

Məmmədəli Sidqi “Şeypur”un 1918-ci ilin 14 dekabrında çıxmış  9-cu sayındakı “Siyasət”  adlı məqaləsində  ölkə üçün mühüm olan mətbuat və dövlət mənafeyi məsələsinə  toxunmaqla yanaşı, sonda yenə də Andranikin bədnam əməlləri, bolşevik cildinə girmiş daş­nak­ların  günahsız  azərbaycanlıların qanını tökməsi faktlarına diqqət yönəldirdi: “O gün qəzetlər yazır ki, general Tomson Andranikə yenə bir teleqraf vurub, qan tökməkdən əl çəkməyi əmr edir. Andranik də deyir ki, mən müsəlmanları qırmıram. Mən “bolşevik” olmuşam. Bolşevik də gərək adam qırsın”.

  11-ci saydakı (28 dekabr 1918)  “Gürcü-erməni vuruşması” məqaləsində də  M. Ə. Sidqi ermənilərin məkrli niyyətlərini, azərbaycanlılarla yanaşı, gürcülərə də ədavət bəslədiklərini tutarlı vasitələrlə, təsirli bir tərzdə təqdim etmişdir. Məqalədə deyilir ki,  Azərbaycan, Gürcüstan və Ermənistan höku­mət­ləri öz aralarında olan mübahisəli məsələləri, o cümlə­dən sərhəd məsələlərini həll etməkdən ötrü neçə ay bun­dan irəli Tiflis şəhərində bir konfrans çağır­mışdı­lar. Azərbaycan və Gürcüstan nüma­yəndələri konfransa gəlirlər, ermənilərdən kimsə görünmür. Səbəbini Tiflisdəki erməni nümayən­dəsindən soruşurlar. Alınan cavab əsl erməni məkrinə uyğundur: “Cavab verdi ki, Ermənistan hökumətindən mənə bu barədə heç bir buyuruq yoxdur. Bir-iki gün gözlə­yin, görək, nə olar. Bir-iki gün keçdi. Soruşdular: - Balam, nə oldu?

Cavabında dedi ki:  -Bəs məni bu gün bağışlayın. Pərhiz tutmuşam. Gələ bilmərəm. Bəlkə sabahda, biri gündə gəldim.

Bir neçə gündən sonra dedi ki: -Varatniklərim yuyulub, praçşnidən gəlməyibdir. Nə bilim, gərək hamama gedəm...

Xülasə, hər dəfə bir düdük verib konfransa gəl­mədi ki, gəlmədi... Bu minval ilə Ermənistan hökuməti işləri ləngə salıb, axır­da sərhəd məsələsini qılınc ilə həll eləməyi qərara aldı. Gür­cüstana xəbər-zad vermədən dava başladı”.

Aydın siyasi dünyagörüşə, həssas milli mövqeyə malik M. Ə. Sidqi ermənilərin belə hərəkət­lə­rinin hansı məqsədə yönəlməsi barədə olan yozumları da nəzərə çatdırırdı: “Biri deyir ki, Er­mənistan hökumətinin yeri darışlıq olduğundan bir ba­­laca ayağını uzatmağa yer axtarır. Biri deyir ki, xeyr! Aya­ğını uzatmağa yer var. Bu iş ancaq Borçalı mü­səlman­larının keyfini xəbər almaq üçün bəhanədir. Bəzi­ləri deyir ki, səhvsən. Ermənilər həyat-məmat məsələ­si­ni ortalığa qoyub, axırıncı dəfə olaraq vuruşurlar. Qə­rəz, hər kəs gürcü-erməni vuruşmasını bir cür təfsir edir. Amma biz deyirik: - Xeyr, bunların heç biri düz deyil. Ermənilər Rusiyanı çox dost tutduqlarına görə Rusiya taxtına təzə bir Nikolay çıxarmaqdan ötrü bu işləri eləyirlər. Və Rusiyanı bərpa etdikdən sonra da Ermənistana Ermənistan veriləcəyinə inanırlar”. Yəni ermənilərin əsl niyyəti Qafqazda zorla özlərinə torpaq tutmaq, dövlət qurmaq idi ki, onların həmin istiqamətdəki şərəfsiz əməlləri indi də davam edir.

Vətənpərvər publisist Məmmədəli Sidqinin “Şeypur”  jurnalındakı  məqalə və felyetonları ideya aydınlığı, mövzu aktuallığı ilə yanaşı, sənətkarlıq baxımından da dolğun və mükəmməldir. Müəllifin hər mövzuya uyğun ifadə tərzi, təsvir üsulları, təqdim elementləri seçməsi ilk baxışdan diqqəti çəkir. Əsərlərdəki monolq və dialoqlar, gah ciddi, gah da satirik-yumoristik təfsir və dəyərləndirmələr, mətləbin uzadılmaması, sadə dildə təqdimi oxucuya əsas qayəni yetərincə çatdırır.

Məmmədəli Sidqinin “Şeypur” jurnalındakı yazıları bunlarla məhdudlaşmır. Biz burada bəzi nümunələrə nəzər salmaqla kifayətlənirik.

                                                          Hüseyn  Həşimli

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat  İnstitutunun direktor müavini,

  Əməkdar elm xadimi, professor

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: