Əbu-Dabidə İSESKO-nun İcraiyyə Şurasının 40-cı sessiyası işə başlayıb - FOTOLAR

Sessiyada İSESKO-nun yeni adı və loqosu müəyyənləşib

A- A A+

Yanvarın 29-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə İSESKO-nun İcraiyyə Şurasının 40-cı sessiyası işə başlayıb. İki gün davam edəcək sessiya Baş Konfransın səlahiyyətləri səviyyəsindədir.
Tədbirdə BƏƏ-nin Mədəniyyət və Biliklərin İnkişafı naziri xanım Nura bint Məhəmməd əl-Kəabi, İSESKO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, milli komitələrin katibləri və digər rəsmi nümayəndələr iştirak edirlər.
NUHÇIXAN xəbər verir ki, sessiyada ölkəmizi Azərbaycan Respublikasının İSESKO üzrə Milli Komissiyasının katibi, Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini və beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə təmsil edir.
Sessiyanı giriş sözü ilə açan xanım nazir Nura bint Məhəmməd əl-Kəabi İSESKO-nun fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, İslam dünyasında həyatın bir çox sahəsində baş verən transformasiyalar təşkilatlardan yeni baxış, strategiya tələb edir, daha yaxşı gələcək yaratmaq naminə innovativ həll yollarını axtarıb tapmağa sövq edir. Bu baxımdan burada müzakirə olunan məsələlər böyük əhəmiyyət daşıyır.
İSESKO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik təşkilatın yeni strategiyası haqqında danışıb, onun fəaliyyətini gücləndirmək, çağırışlara daha çevik cavab verməsini təmin etmək məqsədilə bir sıra təkliflər irəli sürüb.
Çıxışlardan sonra gündəlikdə duran mövzular, o cümlədən İSESKO-nun 2020-2030-cu illər üzrə strateji planı, 2020-2021-ci illər üzrə fəaliyyət planı, təşkilatın yeni struktur layihəsi, İnkişaf Vəqfinin, Beynəlxalq Məşvərət Şurasının yaradılması layihələri ətrafında müzakirələr aparılıb. Həmçinin İSESKO-nun son illərdəki fəaliyyətinə dair hesabatı, eləcə də maliyyə hesabatı dinlənilib.
Azərbaycan nümayəndəsi Vasif Eyvazzadə müzakirələrdə fəal iştirak edib, gündəlikdə duran məsələlər barədə rəy və təkliflərini bildirib.
Sessiyada təşkilatın yeni adı və loqosu səsə qoyularaq yekdilliklə qəbul edilib. İSESKO-nun yeni strategiyasına uyğun gəlməyən, onun fəaliyyət çərçivəsini daraldan əvvəlki adı dəyişdirilərək İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı olub.
Yanvarın 30-da keçiriləcək iclasda isə maliyyə nəzarəti komitəsinin üzvləri seçiləcək. Bundan başqa, İcraiyyə Şurasının növbəti - 41-ci sessiyasının vaxtı və yeri ilə bağlı müzakirələr aparılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: