Savalanın məğrur şairi

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əli Tudənin anadan olmasından 96 il ötür

A- A A+

Bu gün Azərbaycan mühacir ədəbiyyatının görkəmli nümayəndəsi Əli Tudənin doğum günüdür.

NUHÇIXAN xəbər verir ki, Azərbaycanın sevilən şairlərindən olan Əli Tudə ömrü boyu azadlıq duyğuları ilə, Cənub həsrəti ilə yaşayıb-yaradıb.

Mühacir Azərbaycan şairi Əli Tudə 1924-cü il yanvarın 31-də Bakı şəhərində anadan olub. Əslən İrandan olan valideynləri XX əsrin əvvəllərində Bakıya köçüb, atası neft sahəsində fəhləlikdən başlayaraq buruq ustalığına qədər yüksəlib. Uşaqkən valideynlərini itirən Əli nənəsinin himayəsində böyüyür. 13 yaşında Əlinin şeirləri qəzetlərdə çap olunur. Ancaq bu sevincin ömrü uzun çəkmir. Ötən əsrin 30-cu illərindən başlayan qanlı repressiyalar onların da talelərini, yollarını dəyişir. Əli nənəsi ilə birlikdə İrana sürgün olunur. Mühacir həyatı onun tale payı olur. Orada da Əlini sakit həyat gözləmir. Ata yurdu Savalan dağının ətəyindəki Çanaxbulaq kəndində təsərrüfat işləri ilə məşğul olur. Sonra bir müddət Ərdəbildə fəhləlilik edir, vaxt tapan kimi isə ürəyindən süzülən şeirləri kağıza köçürür.

Sən ey baxıb neçə yerə,

Nəsə xəbər alan dünya!

Heç demirsən bircə kərə,

Nə təhərdi balan, dünya!

1940-cı illərdə İranda başlanan milli azadlıq hərəkatı Əlinin həyatında yeni bir səhifə açır.

Nə qədər döyüş var, mübarizə var,

Bayrağım vətəndir, silahım qələm.

- deyən gənc Əli bu hərəkata qoşulur və onun fəallarından biri olur. Milli ruhda yazdığı şeirləri ilə xalqı mübarizəyə səsləyir. 1945-ci il dekabrın 12-də Cənubi Azərbaycanda milli hökumət qurulur. Xalqını, millətini ürəkdən sevən Əli milli hökumətin Maarif Nazirliyində işləyir. “Ana dili” kitabının tərtibində və çap olunmasında xüsusi rol oynayır. Bundan əlavə, Əli Tudə İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli Filarmoniya yaradır. “Öz gözlərimlə” kitabında Əli Tudə yazır: “Bu təkcə Təbrizdə deyil, bütün İranda açılan ilk filarmoniya idi. Salondakılar intizarla səhnəyə baxır, əllərindəki konsert proqramını dönə-dönə oxuyurdular. Ancaq proqramda yazılmamış bir çıxış da vardı. Bu da konsert başlamazdan əvvəl milli hökumətin lideri Seyid Cəfər Pişəvərinin edəcəyi nitq idi. Bunu yalnız filarmoniyanın müdiriyyəti bilirdi”.

Tudə təxəllüsünü

Xalq özü verdi mənə.

Mərd, fədai olmağı

Məsləhət gördü mənə.

Milli hökumət onu ali mükafatla, “21 Azər” medalı ilə təltif edir. O zaman Əli Tudənin 22 yaşı vardı...

Üzünə gülən taleyi yenə ondan üz döndərir. Qanlar bahasına qurulmuş hökuməti süqut edir. Əli Tudənin üsyankar ruhlu kitabları mətbəədə yandırılır. Əli Tudə barədə şah xüsusi fərman verir: “Tutulduğu anda məhkəməsiz-filansız qətlə yetirilsin!”.

O, yenidən Azərbaycana üz tutur. Budəfəki mühacirlik Əli Tudə üçün ömürlük taleyə çevrilir.

Hər kəsin öz qibləsi var,

Mənim qibləm Vətəndir

- deyən şair 60 illik yaradıcılığında bütöv şair ömrü yaşadı. Ayrılığın həsrətini köksündə gəzdirdi və bütün yaradıcılığı boyu Vətən, Cənub həsrəti mövzusuna sadiq qaldı. Poeziya yolunda yorulmadan çalışdı və böyük Əli Tudə irsi qoyub getdi. “Cənub nəğmələri”, “Məhbusların son sözü”, “Arazın o tayında”, “Qəzəb”, “Təbriz yolu”, “Mühacir qeyrəti”, “Mənim səsim”, “Yarımçıq dastan” - bir sözlə, 40-dan çox kitabın müəllifi kimi ədəbiyyat tariximizdə yer aldı.

Əli Tudə 1996-cı il fevralın 26-da vəfat edib. Onun yaradıcılıq yolu nəsillər üçün örnəkdir. Ədəbi əsərlərindən, həyat və yaradıcılığından oxuyub-öyrənməli hələ çox şey var. Azərbaycan oğulları Vətənin cəngavər şairinin, məğrur şairinin - heç vədə öz yolundan dönməyən, öz məsləkindən əl çəkməyən Əli Tudənin indi az qala hər birisi bir şüara çevriləcək qədər mənası olan şeirlərindəki vəsiyyətlərini öz həyat amalına çevirməlidirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: