Xətai Sənət Mərkəzində uşaq və yeniyetmələr üçün nəzərdə tutulan “Xocalı - Şəhid şəhər” adlı müsabiqə davam edir. Müsabiqə Mədəniyyət və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasıda Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib. Onun sözlərinə görə, müsabiqə XX əsr tarixinə “Əsrin genosidi” kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş soyqırımı hadisəsini unutdurmamaq məqsədi ilə keçirilir.
Müsabiqədə iştirak etmək istəyənlər www.xsm.az saytında tədbirlər bölümündəki “Şəhid şəhər” afişasına toxunmaqla və ya http://xsm.az/site/sehidseher/ linkinə daxil olub, 1 və ya 2 əsərinin fotosunu göndərməklə göstərilən anketi doldurmalıdırlar.
Qeydiyyat fevral ayının 2-dək aparılacaq.
Sərgi Xətai Sənət Mərkəzində təşkil olunacaq sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.