Bizim tarixi yerlərimizi, tarixi kəndlərimizi turizm zonasına çevirmək üçün praktiki addımlar atılır.
NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, qış turizminin inkişafı, Şahdağ xizək kompleksinin gələcək inkişafı ilə bağlı göstəriş verilib: “Mənə məlumat verildi ki, bu ilin yanvar ayında 2019-cu ilin yanvar ayı ilə müqayisədə turistlərin sayı 18 faiz artıb. Özü də turistlər üçün o qədər də cəlbedici olmayan yanvar ayında. Keçən il 11 faiz, ondan əvvəl 4 faiz, ondan əvvəl 24 faiz, ondan əvvəl 22 faiz, ardıcıllıqla. İndi ancaq yanvar ayında 18 faiz. Ona görə hesab edirəm ki, əgər keçən il ölkəmizə 3 milyon 170 min turist gəlmişdisə, bu il daha çox gələcək”.