Çinin “Voice of Diplomacy” internet televiziyasında Azərbaycan ilə Çin arasında mədəni sahədə əməkdaşlığa, Azərbaycan poeziyasının görkəmli nümayəndələri olan Nizami Gəncəvi və İmadəddin Nəsimi barədə veriliş yayımlanıb.
NUHÇIXAN xəbər verir ki, verilişin konsepsiyasına uyğun olaraq ölkəmizin Çindəki səfiri Əkrəm Zeynallı müsahibəsində Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında Çin gözəlinin nəql etdiyi “Xeyir və Şər” mənzum hekayəsindən bir parçanı Azərbaycan dilində səsləndirib, bu fəlsəfi şeir nümunəsində Azərbaycan və Çinin qədim İpək yolu vasitəsilə əlaqələrindən bəhs edib, dahi Nizaminin yaradıcılığına geniş nəzər salıb. Səfir Azərbaycanın mütəfəkkir şairinin ədəbi irsinin bütün dünyada öyrənildiyini və onun xatirəsinə bir çox şəhərlərdə, o cümlədən Çinin paytaxtı Pekində abidə ucaldıldığını diqqətə çatdırıb.
Azərbaycan musiqilərinin səsləndirildiyi, ölkəmizin turizm potensialına dair “Azərbaycanın ruhu” videoçarxından hissələrin nümayiş etdirildiyi verilişdə Ə.Zeynallı, digər mütəfəkkir şairimiz İmadəddin Nəsiminin yaradıcılığına da nəzər salıb, ötən il Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd edildiyini, bu münasibətlə Pekin Xarici Dillər Universitetində Azərbaycan Dili və Ədəbiyyatı Sərgisinin keçirildiyini və ictimaiyyətə dahi şairin yaradıcılığı barədə geniş məlumat verildiyini bildirib, tamaşaçılara onun yaradıcılığı ilə tanış olmağı tövsiyə edib.
Azərbaycan incəsənət ustalarının Çində çıxışlarının təşkil edildiyini qeyd edən diplomat, Azərbaycanın Çində bir sıra humanitar layihələrdə, o cümlədən Xarici İşlər Nazirliyinin təşkil etdiyi beynəlxalq xeyriyyə yarmarkasında fəal iştirak etdiyini diqqətə çatdırıb. O, iki ölkə arasında humanitar əməkdaşlığın inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyini xüsusi vurğulayıb, Fond tərəfindən həyata keçirilən layihələrdən danışıb.
Verilişdə Çin Yeni ili və Novruz bayramı arasında paralellər aparılıb, hər iki ölkənin adət-ənənələrindəki oxşarlıqlar barədə danışılıb. İki ölkənin gənclərinin səfər mübadiləsi, təhsil sahəsində əməkdaşlıq, turizm əlaqələrinin inkişafı, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində ticari əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair məlumat verilib.