Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında tanınmış rəssam Babək Abuzərlinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, tədbir Nazirliyinin tabeliyində olan müəssisələrin əməkdaşlarının, Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin üzvlərinin və sənətkarın ailə üzvlərinin iştirakı ilə baş tutub. Tədbirdə Nazirliyin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova bildirib ki, muxtar respublikada rəssamlıq sənətinə xüsusi diqqət və qayğı göstərilir.
Sonra Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli çıxış edərək rəssamın həyat və yaradıcılığı haqqında məlumat verib.
Bildirilib ki, Babək Abuzərli 1944-cü ildə mart ayının 23-də Naxçıvan şəhərində ziyalı ailəsində dünyaya göz açıb. 1970-ci ildə SSRİ Rəssamlar Birliyinin və Azərbaycan Rəssamlar Birliyinin üzvü olub. Sənətkar həm də Əbdürrəhim Bəy Haqverdiyevin “Bəxtsiz cavan” əsərinin tərtibatçı rəssamı olub. Babək Abuzərli 1989-cu ildən 2000-ci ilədək Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri vəzifəsində çalışıb. Hökümə Məmmədli qeyd edib ki, 30 yanvar 2000-ci ildə Naxçıvan şəhərində vəfat edən rəssamın hazırda 13 ədəd rəsm əsəri Naxçıvan Dövlət Rəsm Qalereyasında mühafizə olunur.
Sonra rəssamın həyat yoldaşı Azadə Abuzərli və yaxınları çıxış edərək sənətkarla bağlı xatirələrini danışıb.
Rəssamın əsərlərindən ibarət sərgiyə baxış keçirildikdən sonra tədbir yekunlaşıb.