Azərbaycan tarixində xüsusi yeri olan Naxçıvan qədim abidələrlə zəngindir. Hər bir abidənin qarşısında dayanıb ona saatlarla tamaşa etmək olar. Abidələrdə Azərbaycan xalqının zəngin keçmişi, mədəniyyəti, adət-ənənələri öz əksini tapır. Bu abidələr Naxçıvanda inşa edilsə də onlara dünya əhəmiyyətli sənət nümunələri kimi baxmaq lazımdır. Onlar həm sənət əsəri, həm də tarixdir.
Naxçıvan abidələrinin incisi memar Əcəminin şah əsəri olan Möminə -Xatın türbəsidir. Bu abidənin qarşısında dayanıb onu seyr edirəm. Abidə kamilliklə sənətin vəhdətindən doğan bir təkrarsızlıq harmoniyasıdır.
Möminə-Xatın türbəsi incə kompozisiyalı abidələrdən sayılır. Bu abidə 1186-cı ildə Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin xanımı Mömünə Xatının qəbirüstü məqbərəsi kimi ucaldılıb. Möminə Xatın Azərbaycanın ilk diplomat qadınlarındandır. O, Atabəylər dövlətinin xarici və daxili siyasətində həyat yoldaşının və oğlanlarının yaxın məsləhətçisi və köməkçisi olub. Bu sədaqətinə görə əri Şəmsəddin Eldəniz onun məzarı üzərində əzəmətli məqbərə tikdirmək qərarına gəlib. Bu abidəni inşa edərkən Memar Əcəmi geniş riyazi biliyə, zəngin yaradıcılıq təcrübəsinə əsaslanan mühəndislik dühası nümayiş etdirib. Bununla da sanki Mömünə Xatının kimliyi, xarakteri, gözəlliyi və öz həyat yoldaşı üçün dəyərini daşların, naxışların dili ilə açıb göstərə bilib. Bu abidəni seyr etdikcə qəhrəman Azərbaycan qadınına xalqın verdiyi ən böyük qiyməti, dəyəri hiss edirsən. Mömünə Xatın türbəsində işlənən naxışlar sanki süslənən bir qadının zövqlə bəzənmiş milli geyimidir.
Hündürlüyü 25 metr olan və onbucaqlı həcmə malik abidə uzaqdan füsunkar bir qadını xatırladır. Bəlkə də elə buna görə həm həcmi, həm də bəzəyinin zənginliyi cəhətdən çox türbələri geridə qoyub.
Şərqə məxsus nadir memarlıq abidəsi sayılan Mömünə Xatın Naxçıvan memarlıq məktəbinin zirvəsidir. Bu abidəyə qədər Əcəmi Naxçıvani Naxçıvan şəhərində Yusif Küseyr oğlu türbəsini də ucaldıb. Amma Mömünə Xatın sənətkarlıq, daş şəbəkələrlə süslənən naxışlar baxımından daha zəngin və mürəkkəbdir. Binanın səthinə başdan-başa vurulan müxtəlif növ incə naxışlar bir-birini çox az yerdə təkrarlayır. Əslində tam və bütöv halda görünən Möminə-Xatın türbəsi iki hissədən - yeraltı və yerüstü qurğudan ibarətdir. Türbənin səthi üzərində bəzəkli tağlar var və burada “Və Allahu Əkbər”, “Allah cümlə aləmdə böyük dağdır” sözləri həkk olunub.
Türbənin giriş tağındakı kitabədə abidənin memar Əcəminin işi olduğu qeyd olunub. Bu da memarın artıq tanınmış bir sənətkar kimi mövqe tutduğunu bildirən bir damğadır. Çünki orta erkən, orta əsrlərdə sənətkarlar, memarlar öz sözünü müəyyən səviyyədə deyəndən və öz məktəbini təsdiq edəndən sonra adlarını əsərlərinin üzərinə yazırdılar. Mömünə Xatın türbəsinin rəngi də Naxçıvan dağlarının təbii rəngi ilə ahəngdarlıq təşkil edir.
Bu gün Naxçıvanın Əcəmi seyrəngahında ucalan əzəmətli Möminə Xatın türbəsi Naxçıvana gələn səyyah və alimlərin diqqətini özünə cəlb edir. Abidənin qarşısında dayanan zaman onun haqqında hələ orta əsrlərdən yazılan yazılar, şeirlər sanki adamın gözünün önündən keçir. Abidə gözəlliyinə görə zərif bir məhəbbət əfsanəsi, möhtəşəm qadın heykəlidir. Bütün bunların fövqündə bir şey dayanır –Azərbaycan insanının istedadı, sənətkarlarımızın peşəkarlığı. Hər nə yaradırsansa gərək peşəkarcasına yaradasan. Onda sənətkarın da ömrü öz əsərlərinin ömrü qədər olur. Əbədi Əcəmi ömrü kimi...
Sona Axundova
Naxçıvan şəhər sakini