Sarıdərə nekropolu
Küküçaya tökülən azsulu çayın yatağına yenən yamacdadır. Bir hissəsi sel suları nəticəsində yuyulub dağıdılıb. Çayın içərisində kəllə qapağına, boz rəngli gil qab qırıqlarına təsadüf edilib. Qəbirlərdən kəllə sümüyü, skelet qalıqları, boz və çəhrayı gil qab qırıqları, tunc bəzək əşyaları, ox ucluqları, tuncdan tökülmüş quş fiquru və digər maddimədəniyyət qalıqları aşkara çıxarılıbdır. Tapıntılara əsasən, nekropolun eramızdan əvvəl III miniiliyin sonu, eramızdan əvvəl XII-X əsrlərə aid olduğu ehtimal olunur.
Çəpər odası
Şahbuz rayonunun Biçənək kəndinin yaxınlığında meşənin içərisində yaşayış yeridir. Burada tikintilər dağıntıya uğrasa da, o, öz arxait quruluşunu qoruyub saxlayıb. Yaşayış yerinə aid binalar oval formalı mərkəzi meydanın ətrafında yerləşib. Binaların bəzisi 1, bəzisi isə ikiotaqlıdır. Burada irihəcmli ictimai binalar da vardır. Tədqiqatlar zamanı yaşayış yerindən son antik və erkən orta əsrlərə aid çəhrayı rəngli keramika parçaları əldə edilib. Arxeoloji materiallara əsasən, yaşayış yerini I-VIII əsrlərə aid etmək olar.
Badamlı türbəsi
Badamlı kəndi ərazisində yerləşir. Yonulmuş dördkünc formalı daşlardan dairəvi formada inşa olunub. Türbənin girişi qəbir tərəfdəndir, binanın divarları tamamilə uçub tökülüb. Ətrafı daşla örtüldüyündən xarici divarların formasını müəyyən etmək mümkün olmayıb. Türbəni təqribən XIV-XVI əsrlərə aid etmək olar.
"Oğuz səsi" qəzeti