Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə. Tarixin səhifələri” kitabının təqdimatı olub - FOTOLAR
Fevralın 24-də Bakı Kitab Mərkəzində Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə. Tarixin səhifələri” kitabının təqdimat mərasimi keçirilib.
NUHÇIXAN xəbər verir ki, tədbirdə kitaba daxil edilən qravürlərdən ibarət ekspozisiya nümayiş olunub.
Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev öz çıxışında deyib: “Xalqımızın tarixində və qan yaddaşında yaşayan elə unudulmaz hadisələr var ki, illər, qərinələr keçsə də, həmişə xatırlanacaq və unudulmayacaq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən soyqırımı qan yaddaşımızda iz qoyan həmin faciələrdən biridir. “Qarabağnamə. Tarixin səhifələri” kitabında toplanan əsərlər də erməni qəddarlığının növbəti ifadəsi olan həmin məşum gecədə baş verənlərə qoyulan bir sənət abidəsidir”.
Mərasimdə çıxış edən Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev qanlı fevral gecəsində baş verənlərin erməni vandalizminin ifadəsi olmaqla yanaşı, həm də həmin gün son nəfəsinədək döyüşən və şəhid olan igid və mübariz oğullarımızın torpağa, Vətənə olan sədaqət və qəhrəmanlıq nümunəsi olduğunu bildirib. “Arif Hüseynovun ərsəyə gətirdiyi bu kitab Xocalı uğrunda şəhid olanların xatirəsinə ehtiramın ifadəsidir. “Qarabağnamə” aktual mövzudur və bu kitab, həmçinin ideoloji-siyası və tarixi yük daşıyır”, - deyə Vaqif Əliyev qeyd edib.
Xalq yazıçısı Anar tarixi mövzuda yazılmış altı “Qarabağnamə” olsa da, görkəmli rəssamın bu kitabını təsviri sənətdə ilk “Qarabağnamə” kimi dəyərləndirib.
Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri Zərifə Salahova kitabın cəmi 200 nüsxə çap olunmağından təəssüfləndiyini bildirib və belə kitabların daha böyük tirajla nəşr olunaraq sərgi salonlarında, muzeylərdə, habelə müxtəlif mərasimlərdə xalqımızın haqq səsini ucaldan sənət əsəri kimi nümayiş edilməsinin zəruriliyini diqqətə çatdırıb.
Xalq rəssamı, professor Ağəli İbrahimov, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, Xalq yazıçısı Natiq Rəsulzadə və başqaları bəstəkar Üzeyir Hacıbəyli, şairə Xurşidbanu Natəvan, Qarabağ xanəndələri, görkəmli hərbçilər Cəmşid Naxçıvanskı, İbrahim ağa Vəkilov və Səməd bəy Mehmandarovun, eləcə də xarı-bülbülün, hər qarışı qanla suvarılan torpaq uğrunda gedən qanlı döyüşlərin əks olunduğu qravürləri yüksək bədii dəyərə malik əsərlər kimi səciyyələndiriblər. Onlar kitaba daxil olan qrafik rəsmlərdə işğalçı erməni quldurlarının təkcə əsassız ərazi iddialarının deyil, həm də tariximizə aid iddialarının, Qarabağ müharibəsi, Xocalı faciəsinin son dərəcə təsirli və yaddaqalan şəkildə canlandırıldığını bildiriblər.
Təqdimat mərasimində Arif Hüseynov çıxış edərək kitabda əksini tapan əsərlərin əksəriyyətinin keçən il Xocalı soyqırımının ildönümü münasibətilə təşkil edilən sərgidə nümayiş olunduğunu bildirib: “Ümid edirəm ki, kitabda əks olunan rəsmlər Qarabağın düşməndən azad ediləcəyi günlərdə ağrılı-acılı tariximizin unudulmaz bir parçası kimi yad ediləcək”.
Mərasimdə Əməkdar artist Yasəf Eyvazov, beynəlxalq müsabiqə laureatları Vüsal Aydəmirov və İbrahim Babayev, gənc müğənni Qızılgül Babayeva musiqi nömrələri ifa ediblər.