Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Daşkənddə “Əbdürrəhim bəy Haqverdiyevin Azərbaycan dramaturgiyasında, klassik hekayə və faciə janrının inkişafında rolu” adlı dəyirmi masa keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin görkəmli dramaturq, nasir, publisist, teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamı ilə əlaqədar AMM il ərzində bir sıra tədbirlərin keçirilməsini planlaşdırıb.
AMM “Qarabağ: Azərbaycan mədəniyyətinin beşiyi” adlı mədəniyyət layihəsi çərçivəsində keçiriləcək tədbirlərdə, habelə “Azərbaycanın Qarabağ diyarı - Özbəkistan rəssamlarının gözü ilə” adlı rəsm müsabiqəsində tanınmış Qarabağ ədiblərinə, xüsusən Əbdürrəhim bəy Haqverdiyevə və ədibin yaradıcılığına geniş yer verəcək.
Mədəniyyət Mərkəzi Özbəkistanın regionlarında və universitetlərində yaradılan Azərbaycan ocaqlarında da il ərzində bununla bağlı dəyirmi masa və seminarların keçirilməsi, ədibin əsərlərinin özbək dilinə tərcümə edilməsi, Əbdürrəhim bəy Haqverdiyev haqqında “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində xüsusi bölmənin yaradılması, habelə özbək mətbuatında görkəmli dramaturq haqqında məqalələrin dərc edilməsini nəzərdə tutub.