Beynəlxalq Türk Akademiyası Üzeyir Hacibəyli və Əbdürrəhim bəy Haqverdiyevin yubileylərini UNESCO-da qeyd edəcək

A- A A+

Dahi bəstəkar Üzeyir Hacıbəylinin və böyük ədib Əbdürrəhim bəy Haqverdiyevin yubileyləri Beynəlxalq Türk Akademiyasının yubiley proqramları siyahısına salınıb. Hər iki ədibin yubileyi həm Parisdə UNESCO-nun baş qərargahında, həm də türkdilli dövlətlərdə beynəlxalq səviyyədə qeyd olunacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali Qazaxıstanın paytaxtı Nur-Sultanda tanınmış türk yazıçısı Ömər Seyfəddinin anım tədbirində bildirib.

Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı, Yunus Əmrə Nur-Sultan İnstitutu, Nazarbayev Universiteti və Avrasiya Milli Universitetinin dəstəyi ilə baş tutan tədbirdə Azərbaycan və Türkiyə səfirliklərindən nümayəndələri də iştirak edib.

Akademiya prezidenti Darxan Kıdırali bildirib ki, türk dünyasının böyük şəxsiyyətlərinin yubiley mərasimlərinin ortaq tədbirlər çərçivəsində beynəlxalq səviyyədə qeyd olunması Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitlərində üzv ölkələrin dövlət başçıları tərəfindən qərarlaşdırılıb və onların təlimatı əsasında həyata keçirilir. Tanınmış türk ədibi, hekayə ustası, türk milli kimliyinin formalaşmasında mühüm xidmətləri olan türkiyəli yazıçı Ömər Seyfəddinin vəfatının 100 illiyinin anılması da bu qəbildən olan tədbirlərin tərkib hissəsidir. Bu sırada tanınmış Azərbaycan dramaturqu Əbdürrəhim bəy Haqverdiyevin 150, böyük bəstəkar Üzeyir Hacıbəylinin isə 135 illik yubileyləri may ayında UNESCO-da təşkil olunacaq beynəlxalq forumda və il ərzində türkdilli dövlətlərin paytaxt şəhərlərində qeyd olunacaq. Eyni zamanda, onların əsərlərinin digər türk dillərinə tərcüməsi həyata keçiriləcək.

Türkiyənin Qazaxıstandakı səfiri Ufuk Ekici Türk Akademiyasının böyük şəxsiyyətlərinin daha yaxından tanıdılması və təbliği ilə bağlı başlatdığı tədbirlərin böyük önəm daşıdığını, müasir türk dilinin formalaşmasında, onun xarici təsirlərdən qorunmasında Ömər Seyfəddinin vacib rol oynadığını vurğulayıb.

Nazarbayev Universitetinin professoru Funda Güvenin müasir türk kimliyinin və dilinin formalaşmasında Ömər Seyfəddinin rolu barədə məruzəsi dinlənilib.

Qeyd edək ki, bu ilin yanvar ayında Bakıda keçirilən Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclasında türk dünyasının böyük şəxsiyyətlərinin yubileylərinin ortaq şəkildə qeyd olunması ilə bağlı Akademiyaya üzv ölkələrin Təhsil nazirləri tərəfindən müvafiq protokol imzalanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: