“Radio Courtoisie” radiosunda Azərbaycan-Vatikan əlaqələrinə həsr olunan veriliş yayımlanıb - FOTOLAR
Fransanın “Radio Courtoisie” radiosunda dünyəvi müsəlman ölkəsi olan Azərbaycanın Vatikanla münasibətlərinə dair veriliş yayımlanıb.
NUHÇIXAN xəbər verir ki, Azərbaycanın Fransada və eyni zamanda Vatikandakı səfiri Rəhman Mustafayev verilişdə Heydər Əliyev Fondunun xristian irsinin bərpasına verdiyi töhfələrdən danışıb. Müqəddəs Taxt-Tac ilə əməkdaşlığın genişləndirilməsindən, Heydər Əliyev Fondu tərəfindən bərpa edilmiş xristian irsi abidələrindən - Müqəddəs Marçellinio və Pietro katakombalarından, Müqəddəs Sebastian sərdabələrindən söz açıb.
Verilişdə, xüsusilə kardinal Pietro Parolin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya Papa Cəngavər Ordeninin ən ali dərəcəsi olan IX Piy Ordeninin Böyük Xaçının (Dama di Gran Croce dell’ordine Piano) təqdim etməsinə toxunulub. Birinci vitse-prezident Mehriban Əliyeva bu ordenə mədəniyyətin, o cümlədən Müqəddəs Taxt-Tac təsisatları ilə qarşılıqlı əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görüldüyü vurğulanıb. Birinci vitse-prezident Mehriban Əliyevanın IX Piy Ordeninin Böyük Xaçını alan ilk müsəlman olduğu bildirilib.
Azərbaycan-Vatikan münasibətlərinin tarixinə toxunaraq, bu münasibətlərin dünyəvi müsəlman ölkəsi ilə dünya katolik kilsəsi arasındakı münasibətləri, katolik dünyası ilə müsəlman dünyası arasında dialoqu, məhsuldar, səmərəli tərəfdaşlığı əks etdirdiyi diqqətə çatdırılıb.
Ölkəmizlə Müqəddəs Taxt -Tac arasındakı rəsmi əlaqələrin hüquqi çərçivəsindən danışılıb.
Roma Papasının ölkəmizə səfərlərindən, Bakıda katolik kilsəsinin tikilməsindən, ikitərəfli sazişdən, Vatikanın ölkəmizdəki multikulturalizmi yüksək qiymətləndirməsindən danışılaraq, Azərbaycanda böyük dinlərin nümayəndələrinin – xristianların, müsəlmanların və yəhudilərin bərabər, birgə mehriban yaşadığı diqqətə çatdırılıb.
Vatikanla qarşıdan gələn illərdə həyata keçiriləcək birgə layihələr və əməkdaşlıq diqqət mərkəzində olub.
Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən, torpaqlarımızın erməni silahlı qüvvələri tərəfindən işğal olunmasından, azərbaycanlılara qarşı aparılan etnik təmizləmədən, Vatikanın bu istiqamətdə mövqeyindən də söz açılıb. Qeyd edilib ki, bir sıra müddəalarla bağlı Vatikanla oxşar baxışlar var.
Azərbaycanlı tədqiqatçılarının Vatikanın konfidensial arxivində Azərbaycanla bağlı tədqiqat işləri apardığı, ölkəmizlə bağlı bu arxivdəki sənədlərin surətinin Azərbaycana aparılmasından danışılıb.
Səfir fransız dilində işıq üzü görmüş “Azərbaycan böyük dövlətlər arasında” kitabı haqqında da məlumat verib və veriliş zamanı dinləyicilərin suallarını cavablandırıb.