İndoneziyalı qonaqlar: “Bizdə təbii şəkildə olan yaşıllığı Naxçıvanda insanlar özləri yaradıblar” - FOTOLAR

A- A A+

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” tədbirinin iştirakçıları olan qonaqlar və rəsmi nümayəndələr açılış mərasimindən sonra Naxçıvanın  tarixi abidələrini və turizm obyektlərini gəziblər. Naxçıvanın min illik tarixi, zəngin mədəniyyəti, mətbəxi, son illər əldə edilən uğurlu iqtisadiyyatı, sağlamlıq və dini turizmin müasir  infrastrukturu qonaqlarda xoş təəssürat  yaradıb. Dünyanın müxtəlif ölkələrindən  gələn qonaqların sırasında  olan İndoneziyalı rəsmi nümayəndələr, mədəniyyət adamları və diplomatlar Naxçıvanla bağlı fikirlərini NUHÇIXAN-ın əməkdaşları ilə bölüşüblər.  İndoneziyanın  Azərbaycandakı səfiri Husnan Fananie Naxçıvana ilk dəfə gəldiyini vurğulayıb. Buranın tarixi və mədəni abidələrinin onda  maraq yaratdığını  bu cür bildirib: “Biz Naxçıvana 2 günlük səfər etmişik. Naxçıvan bu il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilib. Niyə? Çünki Naxçıvanda çoxlu tarixi abidələr var. Biz Nuhun qəbrini ziyarət etdik. Möminə Xatın türbəsində olduq. "Naxçıvanqala" Tarix  Memarlıq Muzey Kompleksi özünəməxsusluğu ilə seçilir.  Bütün bu abidələri biz başqa yerdə görə bilmərik. Bunlar yalnız Naxçıvandadır. Bu onu göstərir ki, bu diyarin zəngin  tarixi var. Bu diyar mədəniyyətin və sivilizasiyanın beşiyidir. Arzu edirəm ki, bütün insanlar bura gəlib bu diyarın gözəllikləri və mədəniyyəti ilə tanış olsunlar”

İndoneziyanı təmsil edən digər rəsmi qonaq bu ölkənin təhsil və mədəniyyət naziri Mühacir Əfəndi də ilk dəfə olduğu Naxçıvana olan heyranlığını gizlədə bilməyib: “Bu mənim Naxçıvana ilk səfərimdir. Bu diyar haqqında təəssüratlarım çoxdur. Çünki biz burada bir çox tarixi yerlərdə  olduq. Bu diyarın 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı seçilməyini dəstəkləyirəm. Mən əminəm ki, gələn səfər  Naxçıvana səyahət edərkən buranın daha da inkişaf etdiyinin şahidi olacağam. Ölkəmə qayıtdıqda bu gözəl diyar haqda çox maraqlı məlumatlar verəcəyəm”.

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” tədbirinə qatılan İndoneziyalı xanım Sura Midhati Naxçıvandakı səliqə-sahman və yolların təmizliyinə heyran qalıb. Bu isti iqlimdə insanların zəhməti ilə yaradılan yaşıllıqlar onun diqqətini çəkib, qonaq fikirlərini belə ifadə edib: “Bu möhtəşəm tədbirdə iştirak etdiyimə görə çox məmnunam.  Düşünürəm ki, Azərbaycan çox gözəl bir ölkədir. Naxçıvan məni yaxşı mənada  çox təəccübləndirdi. Burada yeməklərdən tutmuş hər şey əladır. İnsanları çox gözəldir. Bir sözlə, bu ölkədə hər şey möhtəşəmdir. İndoneziya tropik ölkədir. Buna görə də bizim ölkə həmişəyaşıl meşələrlə zəngindir. Amma Naxçıvanda böyük zəhmət sərf edilərək yaşıllıqlar salınıb.  Sizin yol sisteminiz də əladır. Genişdir, təmizdir. Naxçıvan  İslam Mədəniyyətinin Paytaxtına layiq bir yerdir. Bu tədbirdə iştirak etdiyimə görə çox xoşbəxtəm”.

                                                                 Səməd Canbaxşiyev

                                                                 NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: