Bu günlərdə filologiya üzrə fəlsəfə doktoru Xuraman Hümmətovanın “Nizami Gəncəvi və ezoterizm” kitabı işıq üzü görüb.
NUHÇIXAN xəbər verir ki, monoqrafiyanın elmi redaktoru, filologiya üzrə fəlsəfə doktoru Siracəddin Hacı, rəyçiləri filologiya üzrə fəlsəfə doktorları Zəhra Allahverdiyeva və Lalə Əlizadədir.
Kitabda XII əsr Azərbaycanın mütəfəkkir şairi Nizami Gəncəvinin məsnəvilərindəki təsəvvüflə bağlı fikirləri, beyt və misralarında olan ezoterik bilgiləri təhlil olunub. Monoqrafiyada İslam dini və onun müqəddəs kitabı “Qurani-Kərim”in ideyaları Nizami yaradıcılığını təmin edən ən başlıca faktor kimi araşdırılıb. Şair məsnəvilərində dövrünün təsəvvüf ideyalarını öz bədii düşüncəsindən keçirmiş, onlara orijinal istiqamət vermiş, müvafiq bədii nümunələr işığında oxuculara çatdırmışdır. Kitabda sənətkarın dövrünün fəlsəfi-ideoloji görüşlərinə, təsəvvüf elminə dərindən bələd olduğunu və məsnəvilərində yetərincə bu elmdən istifadəsi faktik materiallarla isbat olunur.