Əbülfəs Qarayev: Naxçıvan İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin qorunub yaşadılmasında özünəməxsus rol oynayıb

A- A A+

Naxçıvan tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri olub. Bu qədim şəhər İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynayıb.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının mədəniyyət naziri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi sədrinin müavini Əbülfəs Qarayev deyib.

Nazir vurğulayıb ki, bu gün sürətlə inkişaf edən, qədimliyi, müasirliyi ilə diqqəti özünə cəlb edən Naxçıvan islami dəyərlərin qorunmasına, İslam mədəniyyətinin zənginləşməsinə dəyərli töhfələr verir. Məhz bu amillər Bakının İslam Mədəniyyətinin Paytaxtı kimi qeyd edildiyi 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmasına dair qərar qəbul edilməsini şərtləndirib. Həmin qərar ölkəmizin bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür.

Əbülfəs Qarayev qeyd edib ki, qədim Naxçıvan torpağında 1000-dən çox tarixi abidənin mövcudluğu, onlardan 60-a yaxın abidənin dünya əhəmiyyətli olması və həmin abidələr içərisində İslam mədəniyyəti nümunələrinin önəmli yer tutması bu diyarın dünya üçün, o cümlədən İslam aləmi üçün böyük önəm daşıdığını bir daha təsdiqləyir. “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, Gəmiqaya rəsmləri, Naxçıvanqala, Nuh türbəsi, Qarabağlar, Yusif Küseyiroğlu, Möminə Xatın türbələri, Əlincəqala və digər abidələrin xüsusi özəlliyi ondadır ki, bu tarixi irs nümunələri həm maddi-mənəvi, həm də dini inanc baxımından müqəddəs dəyərlərlə bağlıdır. Ən əsası isə bu gün həmin abidələrin bərpasına, onların qorunub saxlanılmasına xüsusi diqqət yetirilir. “Buna görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığımı bildirmək istəyirəm. Çünki muxtar respublikada görülən kompleks quruculuq işləri, həyata keçirilən tədbirlər, İslam mədəniyyəti nümunələrinin bərpasına göstərilən diqqət nəticəsində bura gələn qonaqların gözündə Naxçıvan İslam dünyasının mədəniyyət mərkəzi görkəmində bir daha canlandı”, - deyə Əbülfəs Qarayev qeyd edib.

Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı olması ilə əlaqədar keçirilən tədbirlərin bundan sonra da davam edəcəyini bildirən Təşkilat Komitəsi sədrinin müavini deyib ki, bu silsilədən tədbirlər Naxçıvanla yanaşı, Bakı şəhərində də təşkil ediləcək, eyni zamanda, bəzi İslam ölkələrində təqdimatlar olacaq. Sözsüz ki, bütün bunlar Naxçıvanın tanıdılmasına, İslam Mədəniyyəti Paytaxtı imicinin güclənməsinə öz müsbət təsirini göstərəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: