Fevral ayında muxtar respublikadakı muzeylərə 171 yeni eksponat daxil olub. Muzeyləri fevral ayında 32 min 844 tamaşaçı ziyarət edib ki, onlardan 3 min 952-si əcnəbi, 28 min 892-si isə yerli vətəndaşlar olub.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, ötən ay muxtar respublikanın kitabxanalarında yeni oxucu sayı 403, oxucu gəlişi 9 min 644 nəfər, kitab verilişi isə 46 min 768 nüsxə olmuşdur. Ay ərzində elektron kitabxanadan 366 oxucu istifadə edib.
Muxtar respublika Mədəniyyət Nazirliyi tərəfindən bu ilin fevral ayında tarixi və əlamətdar, tanınmış şəxsiyyətlərin anım günləri və yubileyləri ilə əlaqədar tədbirlər, ustad və açıq dərslər keçirilib, eləcə də “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilmiş müvafiq kitabların müzakirələri təşkil olunub.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Gənclər Günü münasibətilə müvafiq təşkilatlarla birgə keçirilən tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin ifasında Azərbaycan Respublikasının Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə konsert proqramı təqdim edilib. Ötən ay, həmçinin Naxçıvan Dövlət Filarmoniyasının Muğam Studiyası Kəngərli Rayon Mədəniyyət Sarayında, Mahnı və Rəqs Ansamblı isə Şərur Rayon Mədəniyyət Sarayında bilet satışı ilə konsert verib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Naxçıvandan dünyaya” sosial çarx və qısa filmlər müsabiqəsinə fevral ayında yekun vurulub, qaliblər mükafatlandırılıb.
Ötən ay Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılan “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə salınmaq üçün muzeylərə daxil olan 12 xalça pasportlaşdırılıb.
Fevral ayında Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilovun yeni işıq üzü görmüş “Azərbaycan xalq mahnıları – a capella” adlı kitabının təqdimat mərasimi keçirilib.
Naxçıvan Dövlət Tarix Muzeyinin internet portalı və Dövlət Bayrağı Muzeyinin internet saytı ötən ay fəaliyyətə başlayıb. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində naxçıvanlı şairə Qönçəbəyimin yaradıcılığına həsr olunmuş “Qönçəbəyim nəğməsi” adlı tədbir keçirilib, “Mən bu yurdun övladıyam” adlı rəsm müsabiqəsinin Kəngərli rayon turu olub.
Muxtar respublikanın yaşayış məntəqələrindəki klub müəssisələrində fəaliyyət göstərən musiqi və bədii-qiraət dərnəklərinin üzvləri, musiqi özfəaliyyət kollektivləri və rayon (şəhər) mədəniyyət şöbələrinin instrumental ansambllarının iştirakı ilə keçirilən “Səsin sehri, sözün sirri” müsabiqəsinin Naxçıvan şəhərində, eləcə də Şərur və Culfa rayonlarında seçim turları keçirilib.
Fevral ayında “Dünya kinosu – kino dünyası” layihəsi çərçivəsində Naxçıvan Dövlət Film Fondunda, Şahbuz və Ordubad rayonlarında sakinlərə filmlər nümayiş olunub. Həmçinin Naxçıvan Dövlət Film Fondunda Naxçıvan şəhərindəki bir neçə tam orta məktəbin şagirdlərinə Xocalı faciəsi ilə əlaqədar film nümayiş etdirilib.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında ötən ay Nəbi Xəzrinin “Burla xatın” əsəri əsasında hazırlanan tamaşanın məşqləri davam etdirilib, Elçinin “Teleskop” əsəri əsasında hazırlanmış tamaşa teatrsevərlərə təqdim olunub. Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında da ay ərzində Hüseyn Əsgərovun “Qorxaq Əhməd” tamaşasının məşqləri davam etdirilib, biri xeyriyyə məqsədli olmaqla, ümumilikdə, 9 tamaşa göstərilib. Naxçıvan Dövlət Uşaq Teatrı tərəfindən ay ərzində “Mavi işıq” tamaşasının məşqləri aparılıb, Sədərək Rayon Mədəniyyət Sarayında “Siçanlar və pişiklər” tamaşası nümayiş etdirilib. Fevral ayında Babək, Ordubad, Şərur, Naxçıvan şəhər və Şahbuz Rayon Xalq teatrları Cavad Məcnunbəyovun “İldırım”, Firuz Mustafanın “Sevməsəm, ölləm”, Əziz Nesinin “Öldürsənə, can-ciyər”, Rauf İçərişəhərlinin “Arzum çin oldu”, Sahib İbrahimlinin “Sadığın toyu” əsərləri əsasında hazırlanan tamaşaların məşqlərini davam etdirib.
Fevral ayında Naxçıvan şəhərindəki Gənclər Mərkəzində “Lira” musiqili intellektual oyununun birinci mərhələsi keçirilib.