Qədim tarixə malik olan xalqımızın əsrlər boyu yaratdığı və inkişaf etdirdiyi bir çox peşələr vardır ki, bunlara daşişləmə, dulusçuluq, misgərlik, dəmirçilik, xalçaçılıq, zərgərlik, pinəçilik və s misal çəkmək olar.
Ən qədim peşələr əvvəllər əhalinin yaşam tərzi idisə, zaman keçdikcə bu peşə növləri ayrı-ayrı insanların əsas işinə çevrilib, bir çox insanlar adla tanınıb, işlərini yüksək keyfiyyətlə icra etmələri ilə fərqləniblər. Bununla da bu peşələr gəlirli qazanc mənbəyinə, sərfəli məşğuliyyət növünə çevrilib.
Pinəçilik peşəsi Naxçıvan torpağında qədim zamanlardan möcud olan el sənətlərindən biridir. Nəsillərdən-nəsillərə ötürülən bu peşə müasir dövrümüzdə də yaşadılır, qorunur və inkişaf etdirilir.
Milli geyimlərimizin tarixinə nəzər salsaq görərik ki, qədimdə insanlar əsasən çarıq və çust ayaq geyimlərindən istifadə ediblər. Bu geyim növünü tikənlərə çarıqçı, başmaqçı və yaxud da çəkməçi, təmir edənlərə isə pinəçi deyilirdi. Bəzi peşə sahələri zaman keçdikcə unudulsa da, bu sahəyə maraq hər dövrdə olub. Bu qədim sənəti indi də yaşadanlar az deyil. Hal-hazırda Cufa şəhərində iki pinəçi dükanı fəaliyyət göstərir. Adıyla rayonumuzda tanınan pinəçi Məmməd ustanın dükanına yolumuzu salırıq.
İçəri daxil olub Məmməd usta ilə salamlaşırıq.
Deyəsən ustanın işinin ən qızğın vaxtında gəlmişik. Başını işdən qaldırmadan salamımızı alan usta bizi müştəri sanır. Gəlişimizin məqsədini eşidəndə, məmnun halda əlindəki işi kənara qoyub əyləşmək üçün bizə yer göstərdi.
Usta “Sağ olun ki, bizləri də yad edirsiniz”- deyərək sözə başladı.
- Pinəçilik çox çətin peşədir. Hər adam bu işlə məşğul ola bilməz, əvvəlcə gərək əl səliqən olsun, bizə üz tutan müştərilər işin keyfiyyəti ilə yanaşı həm də səliqəyə üstünlük verirlər. Bu işlə məşğul olan çox səbirli və diqqətli olmalıdır. Bizim dükana hər yaşdan olan insan gəlir. İşimizlə bərabər onlarla səmimi münasibət də qurmalıyıq.
Bu peşə adətən nəsildən nəsilə, atadan oğula keçməklə yaşadılıb . Bəs siz kimdən öyrənibsiniz sənətin sirlərin?
Bizim ailədə heç kim bu işlə məşğul olmayıb. Mənim uşaq yaşlarımdan bu sənətə marağım olub. Hələ də yadımdadır uşaq olanda məhəlləmizdə pinəçi işləyən Telman ustanın yanına gedər, onun ayaqqabıları necə təmir etdiyinə maraqla baxardım. O vaxtdan məndə bu sənətə qarşı bir maraq yarandı.
30 yaşımdan bu peşə ilə məşğul olmağa başlamışam. Artıq 35 ildir ki, pinəçilik edirəm. Ailəmin xoş gün-güzəranını bu sənətə borcluyam. Məni və ailəmi heç vaxt çörəksiz qoymayıb.
- Övladlarınızdan bu işi davam etdirən var ?
Oğlanlarımın üçünə də bu sənətin sirlərini öyrətmişəm. Mən işə çıxmayanda onlar mənim yerimə gəlib dükanı açır, müştəriləri razı salırlar.
Xüsusilə qış ayları müştərilərimiz çox olur. Demək olar ki, boş vaxtım olmur. Məni şəhərdə hamı tanıyır. Gələn müştərilərimi xoş qarşılayır, razı yola salıram.
Pinəçi Məmməd usta onu da bildirdi ki yanıma gəlib bu sənətin sirlərinə yiyələnmək istəyən gənclərimiz də çoxdur.
- Mənim bu günə kimi 30-a yaxın tələbəm olub. Onlardan Bakıda və Naxçıvan şəhərində bu sənəti davam etdirənlər var. Gənclərimizə məsləhətim odur ki, el sənət və peşələrinə maraq göstərsinlər. Onları öyrənsinlər, insan hər zaman bacarıqlı və əli iş tutan olmalıdır. Bu sənət bizə babaların əmanətidir. Qorumaq və yaşadılmasını təmin etmək borcumuzdur.
- Pinəçi Məmməd usta ilə sağollaşıb, işlərində uğurlar arzulayırıq.
Səriyyə Salahova
“Arazın səsi”qəzeti