Naxçıvanda turistlərə kənd evləri təklif olunur - FOTOLAR
Naxçıvan Turizm İnformasiya Mərkəzi turistlərə qalmaq üçün 49 kənd evi təklif edir.
Bu barədə mərkəzin saytında məlumat yerləşdirilib. Bu cür evlər, balaca uyğunlaşdırılan otellər turistlərin sosial vəziyyətindən asılı olaraq daha çox seçim etdikləri yerlərdir. Mərkəzin internet səhifəsində turistlər üçün lazım olan bütün məlumatlar rus və ingilis dillərində əks olunur. Mərkəzin sosial şəbəkələrdəki səhifələrində isə muxtar respublikada turizm sahəsindəki yeniliklər öz əksini tapır.
Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Gülnarə Sadiqovanın NUHÇIXAN-a verdiyi məlumata görə mərkəzin Facebook səhifəsinə 400-ə yaxın məlumat daxil edilib. İstifadəçilərin 2270 nəfəri səhifəni bəyənib, göndərilən məlumatlara isə 83 min 55 baxış olub. Muxtar respublikanın turizm potensialını əks etdirən videoçarxların internetə yerləşdirilməsi də təmin edilib və mərkəzin Youtube kanalına 97-dən çox məlumat, videoçarx daxil olunub. 115 min 338 baxış sayı qeydə alınıb.
Aparılan təbliğat işləri mərkəzə müraciət edən yerli və xarici vətəndaşların sayına da öz müsbət təsirini göstərib. Ötən dövr ərzində mərkəzə Türkiyə, İran İslam Respublikası, Rusiya və dünyanın bir çox ölkələrindən ümumilikdə 331 müraciət olunub.