Səfərbəy səngəri
Səngər Kükü dağın zirvəsinə yaxın ərazidə yerləşir. Ərazidə təbii yolla yaranmış maqmatik süxurlu, maraqlı görünüş olan səngər tipli qayalıqdır. Süxurların tərkibində əhəngli birləşmələr olduğundan, yağıntılar nəticəsində qayalarda və onun səthində çoxlu iri çalalar əmələ gəlib ki, bundan da zirvədə yaşayan heyvanlar içməli su kimi istifadə edirlər.
Söyüdlü
Orta əsrlərə aid olan bu yaşayış yeri Kolanı kəndindən şimalda, hündür təpənin yamacında yerləşir, sahəsi 12500 kvadratmetrdir. Yerüstü materiallar dulus çarxında formalaşdırılıb, çəhrayı rəngli şirsiz və şirli qab qırıqlarından ibarətdir. Burada aparılan tədqiqatlar yaşayış yerinin IX-XVIII əsrlərə aid olduğunu göstərir.
Ziyarət piri
Bu pir Şahbuz rayonunun Nursu kəndində, yolun sağ tərəfində, el arasında “Ziyarətin diki” deyilən yerdə yerləşir. Vaxtilə pirin yerində möhrədən tikinti olub. Hazırda pir binası bişmiş kərpiclə bərpa olunub. Binada müsəlman adəti ilə dəfn olunmuş qəbirlərin XVIII-XIX əsrlərə aid olunduğu bildirilir.
“Oğuz səsi” qəzeti