İsa Həbibbəylinin monoqrafiyası dövlət mükafatına təqdim olunub

A- A A+

Azərbaycan Yazıçılar Birliyi Katibliyinin növbəti iclasında Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyasının Azərbaycan Respublikası Dövlət Mükafatına (ədəbiyyat sahəsi üzrə) təqdim olunması məsələsi müzakirə edilib.

NUHÇIXAN xəbər verir ki, kitab Azərbaycan ədəbiyyatı tarixinin elmi-nəzəri cəhətdən dövrləşdirilməsinə həsr edilmiş ilk monoqrafik tədqiqatdır. Ədəbiyyatşünaslıq elmində ilk dəfə akademik İsa Həbibbəyli tərəfindən hazırlanmış sistemli dövrləşdirmə konsepsiyası əsasında çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixinin inkişaf mərhələləri müəyyən edilib.

Kitabda Azərbaycan ədəbiyyatı tarixinin təzkirəçilikdən elmi icmallara, ədəbiyyat tarixlərinə qədərki inkişaf yolu izlənilərək təhlil olunub. Ədəbiyyat tariximizin dövrləşdirməsi zamanı milli maraqlardan və dövlətçilik meyarlarından çıxış edilərək azərbaycançılıq məfkurəsi, sivilizasiya faktoru, ədəbi cərəyanlar və ədəbi-tarixi prosesin reallıqları prinsipləri əsas götürülüb. Kitabda Azərbaycan ədəbiyyatı tarixinin on inkişaf mərhələsi göstərilib və hər bir ədəbi mərhələ elmi-nəzəri cəhətdən geniş şəkildə əsaslandırılıb. Bir cəhət də mühümdür ki, hələlik Müstəqil Dövlətlər Birliyi ölkələrinin heç birində, həmçinin, qonşu ölkələrdə ədəbiyyat tarixinin dövrləşdirilməsi üzrə elmi-nəzəri təsnifat aparılmayıb.

Bütün bunlar nəzərə alınaraq, akademik İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyasının Azərbaycan Respublikası Dövlət Mükafatına təqdim olunması barədə qərar yekdilliklə qəbul edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: