Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar Gənclik Mərkəzində “Hünər” XII Vətənpərvərlik Mahnıları Festivalı keçiriləcək. İyunun 28-də saat 11:00-da festivalın seçim mərhələsi olacaq. Final mərhələsinə vəsiqə qazanmış iştirakçılar iyunun 29-da saat 14:30-da Bakıdan dəvət olunan müğənnilərlə birlikdə konsert verəcəklər. Həmin gün qaliblərin mükafatlandırılması mərasimi də keçiriləcək. Festivalda tamaşaçı kimi iştirak etmək istəyən hər kəs Gənclik Mərkəzindəki bu mədəni tədbirdə iştirak edə bilər. Giriş sərbəstdir.
Qeyd edək ki, tədbiri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi birgə təşkil edib.