Novruz bayramı milli dəyərlər sistemində

A- A A+

Milli bayramımız Novruz minilliklər boyu xalqımızın dəyərlər sistemi ilə çulğalanaraq formalaşıb bu günə qədər gəlib çıxıb. Ehtiva etdiyi bir çox inam, inanac, o cümlədən müxtəlif adətlərlə yanaşı, xalqımızın birliyinə, bütövlüyünə, həmrəy olmasına vəsilə olmuş dəyərlər sistemi bu mənada Novruzu ümumxalq bayramına çevirib, ona xalqımızın ən əziz, ən ülvi el şənliyi adını qazandırıb. Novruz bayramı zamanı icra edilən yaşlıları ziyarət etmək, həmrəyliyə vəsilə olan qonaq getmək (qonaqçılıq) və küsülülərin barışması (barışıq) kimi adət-ənənələr xalqımızın birliyinə yönəlmiş dəyərlər sisteminin formalaşması baxımından xüsusi önəm kəsb edir.

Novruz bayramı, qeyd edildiyi kimi, özündə ehtiva etdiyi bir çox dəyərlər sistemi ilə diqqət çəkir. Bir çoxu minilliklərin süzgəcindən süzülüb günümüzə qədər gəlib çatan bu dəyərlər sistemi içərisində ağsaqqal və ağbirçəkləri ziyarət etmək, onların görüşünə getmək və xeyir-dualarını almaq xüsusi yer tutur. Belə ki, Novruz bayramı ərəfəsində, xüsusilə də bayramın səhəri günü insanlar ailələrinin, tayfalarının, o cümlədən el ağsaqqalı, ağbirçəyi sayılan şəxsləri bir çox hallarda əllərində müxtəlif hədiyyələrlə ziyarət edir, onlara ehtiramlarını bildirirlər. Çünki ağsaqqala, ağbirçəyə hörmət, onlara qayğı və ehtiram cəmiyyətimiz üçün olduqca vacib sayılır. Və bu dəyərin yaşadılması, davam etdirilməsi cəmiyyətimizdə gənc-yaşlı münasibətlərinin düzgün qurulmasına bilavasitə xidmət göstərir.

Milli bayramımız Novruzun minilliklər boyu yaşatdığı dəyərlərdən biri də insanların bir-birinə bayram ərəfəsində qonaq getməsi, qohum, qonşuları, habelə xəstə insanları ziyarət etməsi hesab olunur.  Xüsusilə də cəmiyyətimizdə mühüm əhəmiyyət kəsb edən qohumluq, qonşuluq münasibətlərinin qorunmasında müstəsna rol oynayan bu dəyərin icra edilməsi bu gün üçün olduqca vacibdir.

Novruz bayramı zamanı icra edilən və milli birliyimizə, bütövlüyümüzə, həmrəyliyimizə müstəsna təsirləri olan adətlərdən biri də küsülülərin barışması və yaxud da barışdırılması ənənəsidir. Bir növ, barışıq ayini kimi icra edilən bu Novruz adətində küsülülər barışdırılır, aradakı soyuqluğa, narazılığa son qoyulur. 

Bundan başqa, Novruz bayramında xalqımızın dəyərlər sistemində xüsusi yer tutan yardımlaşma, paylaşma kimi adətlər də mövcuddur. Belə ki, Novruzun son çərşənbəsində - ilaxır çərşənbədə insanların, xüsusilə də uşaqların evlərə papaqatması (şalatma, qurşaqatma) və bayramın səhərisi günü bir-birlərinə bayram təbrikinə getməsi, bunlara qarşılıq olaraq papaqların (şalların) doldurulması, bayram təbrikinə gələnlərin isə əlidolu göndərilməsi xalqımızın minillər boyu yardımlaşması, bu və ya digər nemətlərin paylaşması kimi bir dəyərə sahib olmasınının göstəricisidir. Qeyd edək ki, bu Novruz adəti də özü-özlüyündə xalqımızın birliyinin, bərabərliyinin yaşadılmasıması və formalaşmasında müstəsna əhəmiyyət daşıyır.   

İnanırıq ki, Novruz bayramı ərəfəsində icra edilən və yaşadılan bu dəyərlər xalqımızın birliyinə, bütövlüyünə, münasibətlər sisteminin qorunmasına olduqca böyük fayda verəcək. Məhz buna görə də bu adətlərin qorunması, yaşadılması bu günümüz və gələcəyimiz üçün vacibdir.

                                                          Anar Qasımov

                                                      “Yeni həyat”qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: