Naxçıvan aşıq sənəti tarixindən

A- A A+

Azərbaycan şifahi xalq ədəbiyyatının ən zəngin qolunu təşkil edən ozan-aşıq sənəti geniş və çoxşaxəli olmaqla qədim köklərə malik yaradıcılıq sahəsidir. Ozan-qopuz sənətinin qədim iz və əlamətləri təxminən e.ə. II minilliklərə aid mənbələrdə özünü göstərir. Arxeoloji, tarixi-etnoqrafik və filoloji materialların tədqiqi Mannanın türkdilli maldar tayfaları arasında qopuz musiqisini yaradan və ifa edən sənətkarların fəaliyyət göstərdiyini təsdiqləyir. Ozanı xatırladan bu sənətkarların bir qədər sonrakı dövrlərdə Azərbaycanda ozan, dədə, varsaq, yanşaq, aşıq adlandığı elmə məlumdur.

Son illərdə mədəniyyətimizin, ədəbiyyatımızın və incəsənətimizin inkişafına dövlət səviyyəsində göstərilən qayğının tərkib hissəsi kimi, aşıq sənətinə də böyük diqqət yetirilir.  Tarixlərin süzgəcindən süzülüb gələn qədim folklor nümunəsi olan aşıq sənətinə Naxçıvan Muxtar Respublikasında da böyük diqqət və qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə 2009-cu ildə  Naxçıvan Aşıqlar Birliyi yaradılıb. Birliyin yaranması Naxçıvanda yaşayıb yaradan aşıqları bir araya gətirib. Həmin tarixdən etibarən Naxçıvan aşıq sənətində yeni inkişaf mərhələsi başlayıb, aşıq sənətinin inkişafına göstərilən diqqət və qayğı Naxçıvan aşıqlarının yaradıcılıq imkanlarını daha da genişləndirib.

Naxçıvan aşıq  mühiti  keçdiyi inkişaf  mərhələlərində öz yaradıcı ənənələri və tanınmış sənətkarları  ilə  Azərbaycan aşıq sənətinə daim dəyərli töhfələr verib. Tarixə nəzər saldıqda görürük ki, XVIII  əsr Naxçıvanda aşıq sənətinin  tanınmış sənətkarlarından biri  Aşıq Süleyman olub. Onun Qarabağda Abdalgülablı Aşıq Valehlə görüşüb deyişdiyi məlumdur. Bu deyişmə onun ustad sənətkar olmaqla yanaşı,  Naxçıvandan kənarda da tanındığını göstərir. Bundan başqa, Ordubadlı Kərim, Kosacanlı Ağ Aşıq Allahverdi, Aşıq Cəlil, Aşıq Əli Xanxanımoğlu, Aşıq Məmmədcəfər, Çobankərəli Aşıq Cəfər, Aşıq Abbas Dəhri, Aşıq Fətulla və XX əsrin əvvəllərində yaşayıb yaratmış Aşıq Nabat kimi sənətkarlar aşıq sənətini təbliğ ediblər. Azərbaycan aşıq musiqisinin “Ağır şərili”, “Orta şərili” , “Naxçıvan gülü”, “Naxçıvani”, “Cəlili”, “Baş cəlili”, “Orta cəlili”, “Ordubadi”, “Dərələyəz  gəraylısı” və digər saz aşıq havaları  Naxçıvan aşıq mühiti ilə bağlı yaranıb və indiyədək də bütün saz ifaçılarının repertuarını bəzəyib.

Qədim Naxçıvan diyarı Azərbaycan mədəniyyət və incəsənətinə layiqli şəxsiyyətlər bəxş edib. Belə şəxsiyyətlərin yaradıcılıqları  Azərbaycan mədəniyyətinin, saz-söz sənətinin inkişafına böyük təkan verib, desək, yanılmarıq. Naxçıvanda son illər dünyasını dəyişən Sərraf Qasım, Aşıq Fərrux kimi söz ustaları bu sənəti yaşadanlardan olublar. Hazırkı dövrdə muxtar respublikamızda İxtiyar Seyidov, Aşıq Abdulla, Çərkəz Fətəlixanlı,  Aydın Cəfərov, Tural Bağırov, Əli İsmayılov, Şirin Şirinzadə, Könül Taroyeva kimi el şairləri vardır. Adlarını qeyd etdiyimiz sənətkarlar aşıq musiqisində öz yolu, dəsti xətti olmaqla yanaşı, Naxçıvan aşıq sənətinin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində böyük əməkləri vardır.

Naxçıvanda ta qədimdən indiyədək yaşayıb yaradan, Azərbaycan aşıq musiqisinə xəzinələr bəxş edən aşıqlar haqqında qısa məlumat verək.

Ordubadlı Kərim – Ordubadlı Kərimin həyat və yaradıcılığı haqqında çox az məlumat var. XVII əsrdə Ordubad şəhərində yaşadığı ehtimal olunur. Əldə olan bir neçə şeiri onun ustad-yaradıcı aşıq olduğunu göstərir. Bəzi şeirləri Kərim adlı digər aşıqların şeirlərinə qarışıb. Aşığın “Ayaza qarşı” şeiri bəzi nəşrlərdə Mücrüm Kərimin adı ilə verilib. “Ordubadlı Kərimin Nağılı”, yaxud “Kərim və Süsən” dastanının yaradıcısı hesab olunur.

Kosacanlı Ağ Aşıq Allahverdi – Kosacanlı Ağ Aşıq Allahverdi təxminən 1754-cü ildə Şərur mahalının Kosacan kəndində məşhur şeyx nəslindən Qara Osman oğlunun ailəsində anadan olub.Qara Osman oğlu dövrünün saz-söz ustadlarından idi. Ağ Aşıq aşıq şeirinin əksər janrlarında şeirlər yaradıb ancaq təəssüf ki, bunların çoxu unudulub. Dövrümüzə aşığın bayatı, gəraylı, qoşma, təcnis, ustadnamə şəklində şeirlərinin bir qismi,“Ağ Aşıq-Süsənbər” dastanı və bir neçə aşıqla deyişmələri gəlib çatıb. Kosacanlı Ağ Aşıq 1860-cı ildə Göyçə mahalının Şəfəq kəndində dünyasını dəyişib. Kosacanlı Ağ Aşıq Kərkibaşlı Ağ Aşıq Allahverdinin babası olub.

Dəvəçi Heydər –  Dəvəçi Heydər XIX əsrin ortalarında Şərur-Dərələyəz mahalının Dərəli kəndində anadan olub. Deyilənə görə, yaradıcı aşıq olub. El şairi olduğunu da ehtimal etmək olar. Dəvəçiliklə bağlı “Dəvəçi” təxəllüsünü işlədib. Çox az sayda şeirləri bizə çatıb. Əldə olan şeirləri onun yaradıcı sənətkar olduğunu göstərir. Ehtimal ki, Dəvəçi Heydər XIX əsrin sonlarında vəfat edib.

 Aşıq Əli Xanxanımoğlu – Naxçıvanın Şərur bölgəsinin tanınan  aşıqlarından biri Əli Xanxanımoğludur. XIX əsrdə bölgənin Sədərək kəndində yaşayıb. Anadan olduğu və vəfat etdiyi tarixlər məlum deyil. Yaddaşlarda yaşayan söhbət və rəvayətlərdən, əldə olan bir neçə şeirindən yaradıcı aşıq olduğu məlum olur. Aşığın “Aşan yollar yar yanına gedirmi?” şeiri də onun Sədərəkdə yaşadığını təsdiq edir. Aşığın çap edilmiş qoşma və təcnisləri fikir, məzmun aydınlığı, forma gözəlliyi ilə diqqəti çəkir.

Gülalı Məmməd – XIX əsrdə Naxçıvanın Şərur bölgəsində yaşayıb. Anadan olduğu və vəfat etdiyi tarixlər məlum deyil. Deyilənə görə, yaradıcı və ifaçı aşıq olub. Şeirlərindən yalnız biri bizə məlumdur.

Aşıq Nəcəfalı – XIX əsrin 2-ci yarısı və XX əsrin əvvəllərindəki onilliklərdə Şahbuz bölgəsinin Kükü kəndində yaşayıb. Deyilənə görə, yaradıcı olub. Aşığın 1920-ci illərdən sonra vəfat etdiyi güman olunur.

Aşıq Məmmədcəfər – Aşıq Məmmədcəfər XIX əsrin ortalarında Babək rayonunun Vayxır kəndində anadan olub. Bundan başqa onun Səhnə xanımla deyişməsi, Şərurun Dəmirçi kəndində Əli Koxaya şeir qoşması haqqında məlumatlar vardır. Aşıq təxminən XX əsrin 30-cu illərində vəfat edib.

Aşıq Abbas Dəhri – Aşıq Abbas təxminən 1818-ci ildə Ordubad bölgəsinin Dəstə kəndində anadan olub. Ərəb-farsca təhsili olan Abbas “Əncüməni-şüəra” ədəbi məclisinin üzvü olub. “Dəhri” təxəllüsü ilə qəzəllər yazıb. O, “Əncüməni-şüəra” məclisi bağlandıqdan sonra aşıqlıq edib. Bayatı, gəraylı, qoşma formalarında şeirlər yaradıb. “Olmaz”, “İstərəm”, “Oğul” adlı şeirləri belə örnəklərdəndir. Aşıq Abbas sağlığında Naxçıvan bölgəsi ilə yanaşı, Cənubi Azərbaycanın Ələmdar, Mərənd, Xoy, Zaqafqaziyanın İrəvan, Göyçə, Tiflis, Gəncə, Şəmkir bölgələrində tanınıb. Aşıq Abbas 1932-ci ildə vəfat edib.

Aşıq Nabat – Aşıq Nabat 1914-cü ildə Şərur bölgəsində anadan olub. Kiçik yaşlarından ata-anasını itirmiş Nabat qardaşının himayəsində böyüyüb. 1934-cü ildə isə Bərdə rayonuna köçüb. O, burada göyçəli Aşıq Musadan aşıq sənətinin sirlərini öyrənib. Aşıq Nabat Bərdə, Yevlax, Gəncə şəhərlərində Aşıq Əsəd, Borsunlu Məzahir, Pərvanə Həsən, Aşıq Teymur kimi ustad sənətkarlarla görüşüb, sənətdə get-gedə püxtələşib, ad-san qazanıb. Məlahətli səsi, gözəl ifaçılıq qabiliyyəti ilə qadın aşıqlar arasında fərqlənən Aşıq Nabat iki dəfə Azərbaycan aşıqlarının qurultay (1938) və (1962) nümayəndəsi olub, Moskvada keçirilmiş Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə (1940) iştirak edib. Aşıq Nabat klassik və müasir aşıqların, el şairlərinin şeirlərinin çoxunu, bir neçə məhəbbət dastanını kamil bildiyi üçün bütün dəsgahları ilə onları  ifa edib. O,1973-cü ildə vəfat edib. Aşığın məzarı Şərur rayonunun Siyaqut kəndindədir.                                    

Qeyd edək ki,bu gün Naxçıvanda mədəniyyətin bütün sahələrinə yüksək dövlət qayğısı var. Son illər muxtar respublikada inşa olunan Uşaq-musiqi məktəblərində aşıq sənəti yaşasın, yeniyetmə və gənclərimiz vasitəsilə gələcəyə ötürülsün deyə saz ixtisası üzrə tədris aparılır, dərslər ixtisaslı müəllimlər tərəfindən keçirilir. Bu gün Babək rayonunda fəaliyyət göstərən Uşaq-musiqi məktəblərinin sazçalanlar kollektivləri keçirilən mədəni-kütləvi tədbirlərdə öz bacarıqlarını, istedadlarını nümayiş etdirirlər. Bu addım aşıq sənətinin yaşamasına, gələcəyə ötürülməsinə göstərilən dövlət qayğısının daha bir ifadəsidir.

Fətəli Axundzadə

Babək Rayon Mədəniyyət Şöbəsinin müdiri

“Şərqin səhəri”qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: