Koronavirus pandemiyası səbəbindən təxirə salınan “Eurovision 2020" onlayn-konsert formatında keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə məlumat müsabiqənin saytına yerləşdirilib.
Bildirilir ki, mahnı müsabiqəsi “Eurovision: Avropa bərq vurur” şüarı ilə baş tutacaq. İki saatlıq şounun aparıcıları Hollivud ulduzları Şantel Yanzen, Yan Smit, həmçinin müğənni Edsiliya Rombli olacaq.
Mayın 16-da keçiriləcək şou proqramda 41 musiqi nömrəsi təqdim olunacaq. Konsert həmçinin təşkilatın rəsmi “Youtube” kanalından da yayımlanacaq.
Onlayn-konsertə ötən illərdə musiqi yarışmasının qalibi olanlar da qatılmaq imkanı qazanacaqlar.
Təşkilatçılar bu formatın müxtəlif ölkələrin əhalisini bu çətin dönəmdə birləşdirməyə xidmət edəcəyini deyir: “Biz təklif edirik ki, bütün dünyanın telekanalları bu şounu birlik ovqatında yayımlasınlar”.
Qeyd edək ki, Azərbaycanı "Eurovision 2020" Mahnı Müsabiqəsində Samir Əfəndi "Kleopatra" mahnısı ilə təmsil edəcək.