Heydər Əliyev Mərkəzinin binası üzərinə İtaliya bayrağının videoproyeksiyası bu ölkədə böyük maraqla qarşılanıb

A- A A+

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanın COVID-19 virusunun geniş yayıldığı ölkələrlə həmrəyliyinin ifadəsi olaraq Heydər Əliyev Mərkəzinin binası üzərinə İtaliyanın bayrağının videoproyeksiyası İtaliya mətbuatında böyük maraqla qarşılanıb. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İtaliyanın nüfuzlu “İl Giornale”, “Askanews”, İ”l Sole 24 Ore”, “İl Tempo”, “Libero Quotidiano”, “Agenzia Nova”, “Si Viaggia”, “Today.it”, “Notizie Tiscali”, “Quotidiano”, “Yahoo Finanza”, “Yahoo Notizie”, “Notizie Geopolitiche”, “Virgilio”, “TPI”, “Corriere dell’Umbria”, “Corriere di Siena”, “Corriere di Arezzo”, “Corriere di Viterbo”, “Corriere di Rieti” və sair kimi 20-dən çox KİV-ləri videoçarxla bağlı məlumatlar dərc edib və videoreportajlar yayımlayıblar. İtaliyanın “Telecaprinews” və “Caprievent” televiziya kanallarında efirə çıxan “Occhio sulla città” proqramı da bu mövzu ilə bağlı xüsusi reportaj hazırlayıb. Aprelin 12-də hər iki kanalda ilk dəfə nümayiş etdirilən bu reportaj aprelin 14-15-də təkrarən göstəriləcək.

Məlumatlarda Cakomo Puççininin “Nessun Dorma” əsərinin səsləndirildiyi Bakı Media Mərkəzinin videoçarxından sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə aprelin 8-də paytaxt Bakıda eyniadlı ariyanın sədaları altında Heydər Əliyev Mərkəzinin İtaliya bayrağının rənglərində işıqlandırılması ilə Azərbaycanın İtaliyaya COVID-19 virusunun yayılmasına qarşı apardığı mübarizədə öz həmrəyliyini bir daha nümayiş etdirdiyi bildirilib.
Yazılarda Heydər Əliyev Fondunun illərdir Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və beynəlxalq mədəni əməkdaşlıq layihələrinin reallaşdırılması üçün çalışdığı, o cümlədən İtaliya və Azərbaycan arasında mədəni əməkdaşlıq münasibətlərində xüsusi rola malik olduğu və İtaliyada hər şeydən öncə dərin dostluqla xarakterizə olunan çoxsaylı və mühüm təşəbbüslər həyata keçirdiyi vurğulanıb.
İtaliya bayrağının işıqlandırılması üçün məhz Azərbaycan paytaxtının əsas memarlıq rəmzlərindən biri olan Heydər Əliyev Mərkəzinin seçilməsinin isə mühüm vizual əhəmiyyət daşıdığı və geniş ağ və dalğavari səthləri olan Heydər Əliyev Mərkəzinin İtaliya bayrağını füsunkarlıqla nümayiş etdirdiyi diqqətə çatdırılıb. Bu təşəbbüsün Azərbaycan və İtaliyanın bir-birinə strateji tərəfdaşlıq münasibətləri ilə yanaşı, səmimi və sıx dostluqla bağlandığını təsdiq etdiyi qeyd olunub.
Məlumatlarda, eləcə də Heydər Əliyev Mərkəzinin layihəsinin müəllifi memar məşhur Zaha Hadid olduğu, həmin memarın Romada yerləşən XXI Əsr İncəsənəti Milli Muzeyinin (MAXXI) də müəllifi olduğu xatırlanıb.
Heydər Əliyev Mərkəzinin binası üzərində İtaliyanın bayrağının videoproyeksiyası ilə bağlı hazırlanmış videoçarx sosial media üzərindən İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi, çoxsaylı tanınmış simalar, sadə vətəndaşlar tərəfindən paylaşılararaq Azərbaycanın İtaliya xalqı ilə bu çətin günlərdə həmrəyliyinə görə yüksək qiymətləndirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: