Vikipediyada Nəriman Nərimanov haqqında özbək dilində bölmə yaradılıb - FOTOLAR
2020-ci ilin aprel ayında Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nərimanovun anadan olmasının 150 illiyi tamam olur. Tanınmış yazıçının 150 illik yubileyinin qeyd edilməsinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müvafiq Sərəncam imzalanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında ədibin 150 illik yubileyi ilə bağlı Vikipediya Beynəlxalq Elektron Ensiklopediyasında Nəriman Nərimanov haqqında özbək dilində bölmə istifadəyə verilib.
Bölmədə Nəriman Nərimanovun həyat və fəaliyyəti haqqında geniş məlumat yer alıb, onun həkimlik və siyasi fəaliyyətinə nəzər salınıb, ədibin həyatına dair maraqlı sənədlər və faktlar öz əksini tapıb.
Bölmənin hazırlanması zamanı bir sıra mənbələrə, kitablara istinad olunub, Azərbaycan alimlərinin əsərlərindən, xüsusi ilə Həsən Həsənovun “Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti” kitabından istifadə edilib.
Bölmədə Nəriman Nərimanovun Azərbaycan xalqı, türk dünyası qarşısındakı xidmətləri, Bakıda, sonra isə Moskvada çalışarkən Türkiyəyə rəğbəti və göstərdiyi dəstək sənəd və mənbələrə əsaslanaraq öz əksini tapıb.
Məlumat bazasında ilk dəfə olaraq “Nəriman Nərimanovun Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsi” adlı xüsusi bölmə yaradılıb. Bu bölmədə erməni millətçilərinin Qərbi Azərbaycan torpaqları olan İrəvan mahalı, Zəngəzur, Dərələyəz, Göyçəyə, habelə Dağlıq Qarabağa, Naxçıvana əsassız iddiaları və bu işğalçılıq siyasətinə dair Nəriman Nərimanovun mübarizəsi haqqında məlumatlar verilib.
Bölmədə ədibin əsərləri, hikmətli sözləri, onun haqqında çəkilmiş filmlər haqqında da məlumat verilir.
“N.Nərimanovun irsinin öyrənilməsi və xatirəsinin əbədiləşdirilməsi” adlı bölmədə N.Nərimanov irsinin araşdırılmasının Stalin dövründə qadağan olunduğu, bu barədə əhatəli tədqiqat əsərlərinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəldikdən sonra yazıldığı vurğulanır, xatirəsinin əbədiləşdirildiyi bildirilir.
Qeyd edək ki, paralel olaraq Azərbaycan dilli bölməyə də yeni məlumatlar daxil edilib.