Orta əsrlərdə naxış yaradıcılığı Naxçıvan memarlıq və xalçaçılıq sahəsində yaradılan sənət əsərləri üzərində özünün ən yüksək zirvəsinə çatıb. Naxçıvan xalçaçılıq məktəbinin istehsal etdiyi məmulatların yüksək texniki və bədii keyfiyyətləri bir həqiqət üzərində dayanır ki, xalçaların bədii tərtibatında xalçaçı ustalarla yanaşı Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkir oğlu Naxçıvanin də yaradıcılıq təsiri olub.
Memar Əcəmi Naxçıvaninin Türk-İslam mövqeyindən yanaşdığı əsərlərində Türkün kosmoqonik təsvirlərini, din və ənənələrini naxışların dili ilə elmi surətdə bizlərə çatdırmağı bacarıb. Görkəmli memarın yaradıcılığından bütün sənətkarlar kimi xalçaçı ustalar da məharətlə bəhrələnib. Əgər biz memarlıq abidələrimizə diqqətlə nəzər salsaq və sonra xalça nümunələrimizə baxsaq hər iki sənət sahəsindəki bəzək kompozisiyalarının tam oxşarlığını görə bilərik.
Yusif Küseyir oğlu, Möminə xatın, Qarabağlar türbəsi və digər çoxüzlü tarixi memarlıq abidələrimizin səthləri ayrı-ayrılıqda hərəsi bir xalça naxışdır və bir-birinə bənzəməyən həndəsi naxışların sintezindən yaranan xalça nümunələridir. Ornamental nümunələr böyük rəssam-memarlar tərəfindən daşlarda ilmələnib, Naxçıvanın çeşnili xalçalarının təkrarıdır. Bu daş xalçalar Naxçıvanın qədim mədəniyyətindən, onun kamil sənətkarlarından və ulu xalçaçılıq sənətindən xəbər verir. Azərbaycanda ornamental naxışsalma və nəbati naxışsalma ustası kimi Atabəylər dövlətinin baş memarı olan Əcəmi Naxçıvani hələ XII əsrdə özünün məşhur naxışsalma möhürünü daşlara vurubdur. Bundan sonra Əcəminin davamçıları və onun tələbələri istər memarlıqda, istər rəssamlıqda və istərsə də xalçaçılıq sənətinin çeşnilərinin yaranmasında dünyanın müxtəlif yerlərində, о cümlədən də Naxçıvan xalçaçılıq məktəbində izlərini qoyubdur.
Naxçıvan xalçaçılıq məktəbinin sənətkarları Əcəmi yaradıcılığının naxış kompozisiyalarından məharətlə bəhrələnibdir.
Naxçıvanda toxunmuş xalçaların bəzək kompozisiyalarında yer alan epiqrafik, həndəsi və nəbati naxışların ərazidə yerləşən memarlıq abidələrinin bəzəklərilə oxşarlığı burada yaranmış memarlıq məktəbindən qaynaqlandığını bir daha sübut edir. Elə buna görədir ki, Naxçıvanda hazırlanmış bütün sənət əsərlərində bir mükəmməllik və əsil sənətkar əlinin tam məhsulu olduğu görünməkdədir. Naxçıvanda olan istər memarlıq, istərsə də xalçaçılıq sənəti nümunələrinin hər biri kamil bir sənətkar yaradıcılığının əsəri olduğu danılmazdır.
Sara Hacıyeva
AMEA Naxçıvan Bölməsi,Tarix üzrə fəlsəfə doktoru, dosent