“Azərbaycan qadınının tarixi çox böyükdür, zəngindir ancaq XX əsrdə Azərbaycan qadınının keçdiyi yol, əldə etdiyi nailiyyətlər həqiqətən dünya miqyasında bizim üçün iftixar mənbəyinə çevrilmişdir”.
Heydər Əliyev
Ümummilli lider
Ötən əsrin yetişdirdiyi böyük Azərbaycan qadınlarından biri də görkəmli dövlət xadimi, Prezident təqaüdçüsü Səkinə xanım Əliyevadır. Səkinə xanım Əliyeva 1925-ci il aprel ayının 15-də Naxçıvan şəhərində dünyaya göz açıb. O orta təhsilini o zaman Naxçıvan şəhərində fəaliyyət göstərən 6 saylı məktəbdə alıb, tibb bacısı hazırlıq kursunu bitirib, sonra Naxçıvan Müəllimlər İnstitutunda təhsilini davam etdirib. Əmək fəaliyyətinə pioner dəstə rəhbəri kimi başlayan Səkinə Əliyeva bir müddət Naxçıvan şəhər Partiya Komitəsinin kitabxanasında işləyib. 1945-ci ildə Babək rayonunun Qahab kənd məktəbinə dil-ədəbiyyat müəllimi təyin olunan Səkinə xanım Əliyeva bir il müəllim işləyir. Sonra təhsilini Azərbaycan Dövlət Universitetində (indiki BDU) davam etdirib. Səkinə xanım Əliyeva universiteti bitirdikdən sonra bir neçə il Naxçıvan şəhərində yerləşən 2 saylı qızlar məktəbində müəllim və Naxçıvan Vilayət Partiya Komitəsində təlimatçı vəzifəsində çalışıb.
Səkinə Əliyeva 1958-ci ildə Moskva şəhərinə Ali Partiya Məktəbini oxumağa yola düşür. 1960-cı ildə sovet idealogiyasına görə vəzifədə yüksək pillələrə irəliləmək üçün vacib olan mərhələni – Ali Partiya Məktəbini bitirib Naxçıvana dönür, əvvəlcə Vilayət Partiya Komitəsində təlimatçı, mühazirəçilər qrupunun rəhbəri işləyir, bir müddət sonra isə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının maarif naziri vəzifəsinə təyin olunur.
Yüksək təşkilatçılığı, məsuliyyət hissi və iş qabiliyyəti ilə seçilən Səkinə xanım 1961-1963-cü illərdə Vilayət Partiya Komitəsində təbliğat-təşviqat üzrə katib vəzifəsində işləyib.
1963-cü ilin aprelinin 9-da Naxçıvan MSSR Ali Sovetinin sessiyası keçirilir. Səkinə Əliyeva bu sessiyada Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri seçilir və 27 il bu vəzifədə, eyni zamanda Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini vəzifəsində çalışır.
Səkinə Əliyeva fasiləsiz olaraq 6 - 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə deputat seçilib.
Sadə olduğu qədər də zəngin və mənalı ömür yolunda erkən yaşlarından məqsədə çatmaq uğrunda göstərdiyi prinsipiallıq, çətinliklərə mərdliklə sinə gərmək bacarığı onu hədəflərinə aparırdı. Hələ 15 yaşı olarkən ata itkisi yaşamalı olsa da, həyat yolunu düzgün müəyyənləşdirən Səkinə xanım əzmlə məqsədlərinə doğru addımlayıb, iti və parlaq zəkası, kamil və bütöv xarakteri ilə yaşadığı illərin fırtınalarından üzüağ çıxıbdır.
Xeyirxah insan, iradəli qadın Səkinə Əliyevanın ən böyük məqsədi xeyirxah işlər görüb, xalqa xidmət etmək olubdur.
“Qadın yurdun özülüdür, qadının xoşbəxtliyi – vətənin xoşbəxtliyidir, qadının tərəqqisi – ölkənin tərəqqisidir” fikrini rəhbər tutaraq özünə qarşı tələbkar qadın olan Səkinə Əliyeva Vilayət Partiya Komitəsində qadınlar arasında iş aparan şöbənin müdiri kimi muxtar respublikada qadınların sağlamlığının qorunması və təhsil alması məsələlərinə xüsusi diqqət yetiribdir. İlk növbədə müəllimlərdən, həkimlərdən, orta tibb işçilərindən ibarət briqada təşkil edib kəndlərdə qadınlarla söhbət aparmaları üçün rayonlara göndərirdi. O işlədiyi müddətdə nail olduğu mühüm məsələlərdən biri də kolxoz və sovxozlarda mövsümi uşaq bağçalarının, körpələr evlərinin, tarla düşərgələrinin, iri kəndlərdə doğum evlərinin və ya rayon xəstəxanaları yanında doğum şöbələrinin açılması idi.
Həmin dövrdə orta məktəblərin yuxarı siniflərində qızların sayının az olması nəzərə alınaraq böyük kəndlərdə onların hətta çadra ilə məktəbə gəlməsinə maneə olunmur, eləcə də Səkinə Əliyevanın bilavasitə rolu ilə kəndlərə şəhər məktəblərində işləyən qadınlardan direktor göndərilirdi. Onuncu sinfi qurtaran qızların əksəriyyəti xüsusi nəzarət altında imtahansız Respublikanın müxtəlif ali məktəblərinə göndərilir, bu da başqa kəndlərdə qızların məktəbə cəlbini ,təhsilə marağını artırırdı.
Səkinə Əliyevanın vəzifəsinin iş prinsiplərindən biri də bu idi ki, çoxuşaqlı analara verilmiş dövlət mükafatları onlara çatdırılsın. Bu istiqamətdə də Səkinə Əliyeva fədakarlıq göstərirdi. Onun fəaliyyəti dövründə qadınların sağlamlığının qorunmasına nail olundu, onlar kütləvi şəkildə təhsilə cəlb edildi, uşaq və ana ölümü halları azaldıldı.
Səkinə Əliyeva xalqını sevən, onun maraqlarına xidmət edən şəxsiyyət olub. Qazandığı müvəffəqiyyətlərdən heç vaxt arxayınlaşmayan, özünə qarşı çox tələbkar, həmişə axtarışda olan, nailiyyətlərini böyük zəhmətlə əldə edən ziyalı xanım bir qayda olaraq, Vətənə xidmət etməyi özünə başlıca hədəf seçib. Həyatın, zamanın bütün sınaqlarından üzüağ çıxıb, bugünkü nəsillərə örnək bir həyat yaşadı Səkinə Əliyeva.
Zaman çətin anlarda xalqın mənafeyini düşünən insanları üzə çıxarır. Bu mənada Səkinə Əliyevanın fəaliyyəti ilə bağlı diqqəti cəlb etmək istədiyim bir məqam var.
1990-cı ilin yanvarın 19-da Naxçıvan MSSR Ali Sovetinin növbədənkənar iclasında Azərbaycanın və onun tərkib hissəsi olan muxtar respublikanın suverenliyi və ərazi bütövlüyü müdafiə edilmədiyindən “Qars müqaviləsi” əsas götürülərək Naxçıvan MSSR-in SSRİ-nin tərkibindən çıxması barədə qəbul olunan tarixi qərar həmin vaxt Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri olmuş Səkinə Əliyeva tərəfindən imzalanıbdır.
Bəlkə də Səkinə Əliyeva bu qərarın hələ erkən olduğunu, qüvvədə qalmayacağını bilirdi. Amma o azadlıq üçün çırpıntıların vaxtı-vədəsi olmadığını da yaxşı bilir və azadlığın ətrini duymağı bacarırdı. Əslində onun bu imzasının mahiyyətində bugünkü azadlığımızın arzuları döyünürdü.
Sonralar ulu öndər Heydər Əliyev bu hadisələri belə dəyərləndirirdi: “1990-cı il yanvarın 19-da Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Naxçıvanın Sovetlər İttifaqının tərkibindən çıxması haqqında qərarı, mən hesab edirəm ki, tarixi bir əhəmiyyət kəsb edibdir. Doğrudur, Azərbaycanın Ali Soveti yanvarın 29-da bu qərarı ləğv edibdir. Amma bu, tarixdə qalan bir hadisədir. Naxçıvan Muxtar Respublikasının insanları və Ali Sovetdə təmsil olunan adamlar öz iradələrini ifadə ediblər.”.
XX əsrin 1970-1980-ci illərində ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən dövlət qadın siyasəti Azərbaycan qadınının sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatda fəal iştirakını, dövlət orqanlarında geniş təmsil olunmasını təmin edib. Azərbaycan qadınına xas olan bütün cəhətləri özündə birləşdirən Səkinə Əliyevanın da 27 il Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti Rəyasət Heyətinin Sədri kimi yüksək vəzifədə fəaliyyət göstərməsi Ulu Öndərin Azərbaycan qadınına göstərdiyi qayğının, dövlət qadın siyasətinin əyani ifadəsidir. Təsadüfü deyil ki, Səkinə Əliyeva sonralar xatirələrində uzun müddət Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti Rəyasət Heyətinin Sədri kimi fəaliyyət göstərməsini Ulu öndərimizin Azərbaycan qadınına göstərdiyi qayğının əyani ifadəsi olduğunu dəfələrlə bildiribdir. Səkinə Əliyeva təqaüddə olarkən də ulu öndərin diqqət və qayğısından kənarda qalmayıb, Prezident təqaüdünə layiq görülüb.
Vətənpərvər xanımın 50 ildən artıq əmək fəaliyyəti yüksək dəyərləndirilib, o, “Oktyabr inqilabı”, “Qırmızı əmək bayrağı” ordenləri, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilibdir.
Onunla çiyin-çiyinə çalışanlar sonralar ötən illəri belə xatırlayırdılar: “1990-cı ilin aprelində təqaüdə çıxan Səkinə Əliyeva ömrünün ahıl çağını da başı dik, mərdanə yaşayırdı. O, təbiətin qanunauyğunluğunu pozmadı, bahar fəslində dünyaya göz açdı, ömrünün 85-ci payızında da gözlərini əbədi yumaraq dünyasını dəyişdi. Amma bu onun varlığının sona yetməsi demək deyildi. Əbədiyyət gözlüyündən baxanda insan ömrü an qədərdir. Bu ana Səkinə Əliyeva olduqca ali məqsədli bir ömür sığdırmağı bacardı. Və indi -XXI əsr hündürlüyündən həmin illərə baxdıqca düşünürsən, ötüb-keçilmiş dünənin elə məqamları var ki, onlar heç vaxt rəfə qaldırılmayacaq, iftixar qaynağı olaraq ömrünü bizlərlə birgə sürəcəkdir. Səkinə Əliyevanın keçdiyi nəcib və ibrətli həyat məktəbi bizlərə agah edir ki, təkcə özünün xeyiri üçün yox, Vətənin mənfəəti uğrunda çəkilən zəhmət gələcəkdə də heç vaxt tarixin arxivində itib-batmayacaq, bütün dövrlərdə axtarılacaqdır. Ölməmiş zaman kəsiyi insanı yaşadacaq, daim ehtiramlara ünvan edəcəkdir”.
Vətən, xalq təəssübkeşi olan Səkinə Əliyeva fəaliyyətinin son aylarında inandığı və təbliğ etdiyi ideyaların tam həyata keçməsi sevincini yaşadı. Bu gün muxtar respublika, doğma Azərbaycan onun arzuladığı istiqlala qovuşub, müstəqil milli dövlətini qurub. Tarix təkcə onun müstəqillik arzularını çin etməyib. Bu gün doğma Naxçıvan hər səhərini intibahın şəfəqləri ilə açır, abadlıq-quruculuq göz oxşayır, rəngarəng çiçəklərin ətri-təravəti bu torpağa yayılır, vaxtilə gəzib dolaşdığı yerlər, getdiyi yollar füsünkarlığı ilə heyrət yaradır. Müəllim olaraq ilk əmək fəaliyyətinə başladığı Qahab kəndi müasir quruluşu, ictimai binaları ilə gözəllik səltənətini xatırladır, indi buradakı uşaqlar yeniliklərin tətbiq edildiyi əzəmətli məktəb binasında təhsil alır, hərtərfli biliklərə sahib olur. Səkinə xanım Əliyevanın sağlam vətəndaş mövqeyi, keçdiyi həyat yolu, ictimai fəaliyyəti qadınlara nümunədir. Yaddaşlara xeyirxah və sadə insan kimi həkk olunan Səkinə xanım əbədiyyətə qovuşsa da, illər keçdikcə hər il yaşının üstünə yaş gəlsə də nəsillərin yaddaşından silinməyəcəkdir. Çünki o öncə xalqa qovuşub. Şübhəsiz, insanın təmsil etdiyi xalqın yaddaşında ruhən yaşaması üçün gərəkdir ki, öz həyatını xalqına fəda etsin. O, bunu bacarıb. Ona görə ki, bu gün Səkinə Əliyevanın mənəvi varlığı anadan olmasının 95 illik yubileyini xalqımızın qarşısında alnıaçıq, üzüağ qarşılayır. Allah rəhmət eləsin!
Zərnigar Orucəliyeva
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının ictimaiyyətlə əlaqələr və informasiya təminatı üzrə baş məsləhətçisi