AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyevanın “Naxçıvanın Eneolit dövrü abidələri” adlı monoqrafiyası işıq üzü görüb.
AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, vəsait Naxçıvan Muxtar Respublikası ərazisində 2010-2019-cu illərdə qeydə alınan və tədqiq edilən 20-dən çox Eneolit dövrü abidəsinin arxeoloji materialları əsasında yazılıb.
Tədqiqatçı alim Naxçıvanda Eneolit dövrünün kompleks və sistemli şəkildə araşdırılması məqsədi ilə Naxçıvançay vadisində yerləşən yeni abidələrlə yanaşı, Arpaçay vadisində daha əvvəldən məlum olan 5 abidənin materiallarını da tədqiqata cəlb edib. Onların təhlilinə əsasən Naxçıvanın Eneolit mədəniyyətinin 5 mərhələ üzrə dövrləşdirilməsi aparılıb və Cənubi Qafqaz regionundakı yeri müəyyənləşdirilib.
AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin elmi redaktorluğu, professor Qüdrət İsmayılzadə, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimlinin rəyi ilə çap olunan nəşrdə Azərbaycan dili ilə yanaşı ingilis və rus dillərində də xülasə əlavə olunub.